KTMT-nin İrəvan sammiti Ermənistan üçün tam fiasko ilə nəticələnib
Digər xəbərlər

KTMT-nin İrəvan sammiti Ermənistan üçün tam fiasko ilə nəticələnib

İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin sammiti keçirilib. İclasda Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov və Tacikistan Prezidenti Emoməli Rəhmon iştirak ediblər. Kollektiv Təhlükəsizlik Şurasının üzvləri iclaslararası dövrdə beynəlxalq və regional təhlükəsizliyin aktual məsələləri, KTMT-nin fəaliyyətinin əsas nəticələri və s. məsələlər ətrafında müzakirə aparıblar.

Politoloqların fikrincə, İrəvanda keçirilən sammitdə Ermənistan rəhbərliyi yenə də hansısa formada vəziyyəti təhrif etməyə, Azərbaycanı günahlandırmağa çalışacaqdı. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan bu görüşü də ölkəsinin maraqlarının müdafiəsi, Azərbaycanın ittiham olunması və öz mövqeyindən geri çəkilməyə məcbur edilməsi üçün fürsət bilirdi. Ancaq aydındır ki, işğalçı dövlət məhz Ermənistandır və o, Avropa İttifaqını, Fransanı, ABŞ-ı Cənubi Qafqaz regionuna çəkib gətirmək istəyir.

Qeyd edək ki, bundan əvvəl N.Paşinyanın təklifi ilə videoformatda keçirilmiş görüş də aydın göstərdi ki, KTMT üzvləri Ermənistanın maraqları naminə yeni avantüraya qol qoymaq, yaxın münasibətlərə malik olduqları Azərbaycanla əlaqələri pozmaq niyyətində deyillər və bu fikirdən uzaqdırlar. Bəri başdan vurğulamaq lazımdır ki, beləliklə, KTMT-nin İrəvan sammiti Ermənistan üçün tam fiasko ilə nəticələndi. Görünməyən haldır ki, zirvə görüşünə evsahibliyi edən ölkə sammitin yekun sənədini imzalamaqdan imtina edir və özü də tənqidə məruz qalır. KTMT-yə üzv ölkələr Azərbaycanın böyük potensialını, onun ardıcıl, aydın, bərabərhüquqlu əməkdaşlığa yönəlmiş siyasətini görür və ölkəmizi etibarlı tərəfdaş kimi qəbul edirlər. Ermənistanın baş naziri iddialarla çıxış edəndə və təşkilata üzv ölkələrə qarşı tələblər irəli sürəndə ya bu reallığı nəzərdən qaçırır, ya da ona əhəmiyyət verməməyə çalışır. Bu yanaşma Ermənistanın bütün cəbhələrdə fiaskosunu şərtləndirən başlıca amildir.

KTMT dövlətləri İrəvan üçün özünü "oda atmayacaq". Ermənistan Azərbaycana qarşı avantüraları və hərbi təxribatları zamanı KTMT-nin dəstəyinə arxalana bilməz. Daha əvvəl belə cəhdlər çox olsa da, təşkilatın demək olar ki, bütün üzvlərinin aydın mövqeyi sayəsində İrəvanın bu cür hərəkətləri rədd edilib. Xatırladaq ki, təşkilatın videoformatda keçirilən sonuncu növbədənkənar iclasında Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın baş naziri Nikol Paşinyana yerini göstərərək bildirib ki, rəsmi İrəvanla Bakı arasında istənilən problem Rusiyanın vasitəçiliyi ilə danışıqlar masası arxasında həll edilməlidir. Vacib məqam odur ki, Azərbaycan KTMT üzvləri tərəfindən dost və müttəfiq dövlət, Prezident İlham Əliyev isə nüfuzlu və hörmətli lider kimi qəbul edilir. Buna görə də təşkilat Ermənistanla tərəflər arasındakı qarşıdurmaya müdaxilə etməyə deyil, məsələlərin müzakirəsinə və həll yollarının axtarışına töhfə verməyə hazırdır.

İrəvanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində Ermənistanın baş naziri Nikol Paşinyan təşkilata üzv olan ölkə başçılarının iştirakı ilə aparılan Təhlükəsizlik Şurasının iclasında bəyan edib ki, o, "Ermənistana yardım göstərmək haqqında" sənədləri imzalamağa hazır deyil. Baş nazirin mətbuat xidmətinin açıqlamasında qeyd olunur ki, söhbət "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Kollektiv Təhlükəsizlik Şurası (KTMT KTŞ) bəyannaməsi" və "Ermənistana yardım haqqında birgə tədbirlər layihəsi"ndən gedir. Layihələrin mətni hələlik ictimaiyyətə açıqlanmayıb. Paşinyan sammit əsnasında qəbul olunan 15 qərardan bu iki sənədin tamamlanmasına ehtiyac olduğunu bildirib. Baş nazir deyib ki, İrəvan təşkilatdan "Ermənistan ərazilərinin işğalına siyasi qiymət verilməsini" gözləyirdi, lakin bu, səslənmədi.

Ermənistan baş nazirinin özünün bu etirafı da belə bir fikir deməyə əsas verir ki, Paşinyan qarşıda duran vəzifələri və onların reallaşdırılması yollarını düzgün müəyyənləşdirə bilmir. Bu da onun həm hökumət başçısı, həm də diplomat kimi təcrübəsizliyindən irəli gəlir. KTMT-yə üzv ölkələrin liderləri görürlər ki, Ermənistan üzv olduğu bütün təşkilatları, o cümlədən də KTMT-ni öz ambisiyalarını reallaşdırmaq üçün bir vasitə kimi qiymətləndirir və bu halda digər üzvlərin maraq və mənafelərini nəinki nəzərə almır, bu haqda düşünməyə belə cəhd göstərmir. Ermənistan özünü elə aparır ki, sanki hamı ona borcludur, onun üçün nə isə etməlidir, öz maraqlarına zidd olsa belə, yardım göstərməlidir, amma bu ölkə heç kimə heç nə verməli deyil. İclas iştirakçılarının mövqeyi də Ermənistanın baş nazirini çıxılmaz vəziyyətə saldı. Məsələn, Belarus Prezidenti Aleksandr Lukaşenko deyib ki, sabah Belarus hər hansı hərbi problemlə üzləşsə, Ermənistan ora ordu göndərəcəkmi? Yaxud bir müddət əvvəl, Ukraynanın Xerson vilayətini öz ərazisi elan edən Rusiya bu ərazidən geri çəkilməyə məcbur oldu. Ermənistan KTMT-də Rusiyanın müttəfiqi kimi ona yardımla bağlı məsələni qaldırmağa cəhd belə göstərmədi. Müasir dövrdə ikitərəfli və çoxtərəfli əlaqələrdə bu mümkün olmayan bir məsələdir və Paşinyan həmin gerçəkliyi anlamır. Buna görə də onun ABŞ, Avropa İttifaqı, KTMT və digər ölkələrə, təşkilatlara müraciətlərinin heç bir səmərəsi olmur və olmayacaq da.

Mustafa KAMAL,

"Respublika".