Qədim yurd yerlərimiz
Digər xəbərlər

Qədim yurd yerlərimiz

Müharibələrdə gərginləşən münasibətlərin sonu bəzi hallarda mülayimləşməyə, sülhə doğru gedir. İstər Birinci, istərsə İkinci Qarabağ müharibələri zamanı Azərbaycan Ermənistana sülh təklifi edib. Dövlətimiz uzun illər ərazi bütövlüyünü dinc yolla həll etməyin tərəfdarı olub. Dinc, sakit qonşuluq şəraitində yaşamağa təklif edib. Lakin Ermənistan bunun əksinə olaraq bütün dövrlərdə öləziyən ocağı daha da alovlandırmağa, müharibə şəraiti yaratmağa çalışıb. Zəbt etdiyi torpaqları, sahibləndiyi yurd-yuvaları, mənimsədiyi sərvətləri, talan etdiyi əraziləri itirməkdən qorxub. Ermənistanın bu əməllərinə ilk olaraq Qərbi Azərbaycan ərazilərindən başlayıb. "Böyük Ermənistan" yaratmaq məqsədilə əvvəlcə Qərbi Azərbaycan mahalları boşaldılıb, etnik təmizləməyə məruz qalan qədim İrəvan torpaqlarında bir dənə azərbaycanlı qalmayıb.

İkinci mərhələdə isə Qarabağ işğal olundu. Azərbaycan ərazilərini işğal etməsinə baxmayaraq, Ermənistan özünü həyasızcasına sülh tərəfdarı kimi göstərir. Dünyanı öz yalanlarına inandırmağa çalışır. Lakin reallıq odur ki, Ermənistan hakimiyyəti sülh tərəfdarı deyil. Əgər Paşinyan onun komandası bölgədə iki ölkə arasında vəziyyəti yaxşılaşdırmağa çalışırsa, o zaman sülh danışıqlarına, əmin-amanlığın təmin olunmasına niyə razılıq vermir? Ermənistan bir şeyi bilməlidir ki, vaxtilə Azərbaycanda yaşayan ermənilər buralara gəlmədilər. Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar isə yerli əhali idi. Ermənistan İrəvan digər mahallarda yaşayan yerli əhalini ötən bir əsr ərzində dəfələrlə deportasiyalara məruz qoymuş, soyqırımı törədərək minlərlə azərbaycanlını qətlə yetirmiş, ev-eşiklərindən, doğma el-obalarından didərgin salmışdılar. Ermənistan Azərbaycana, onun qədim yaşayış məskəni olan Qərbi Azərbaycan ərazisinə vurduğu ziyanla bağlı beynəlxalq hüquq müstəvisində cavab verməlidir. Azərbaycanlılara təkcə maddi ziyan dəyməmiş, soydaşlarımız Ermənistanın işğalçı siyasəti nəticəsində evlərini, obalarını, torpaqlarını itirməklə bərabər, həm xoşbəxtliklərini, səadətlərini, xoş güzəranlarını, ata-baba ocaqlarını da itirmişlər. Neçə-neçə arzular, xəyallar, sevgilər elə o torpaqlarda da dəfn olunmuşdur. İndi Qərbi azərbaycanlılar nəinki öz yurd-yuvalarına gedə, heç doğmalarının, əcdadlarının məzarlarını da ziyarət edə bilmirlər. O yerlərdə Azərbaycana məxsus tarixi-mədəni abidələrlə bərabər, azərbaycanlıların məzarlıqları da məhv edilmişdir. Qərbi Azərbaycanda olan mədəni, dini abidələrin, məscidlərin, qəbiristanlıqların məhv edilməsi azərbaycanlılara qarşı mənəvi terror olmaqla yanaşı, beynəlxalq humanitar insan hüquqlarının kobud şəkildə pozulmasıdır.

Bu yaxınlarda Qərbi azərbaycanlılardan ibarət bir qrup qadın Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenə müraciət ediblər. Müraciətdə qadın uşaqların xüsusi ehtiyacları nəzərə alınmaqla, azərbaycanlıların öz vətənlərinə təhlükəsiz şəraitdə qayıtmalarına Avropa Komissiyasının praktiki yardım göstərməsi xahiş edilib. Qərbi Azərbaycandan olan ziyalı qadınlar gənc tələbə qızların imzaladıqları müraciətdə bildirilir: "Ermənistandan qovulmuş azərbaycanlı qadın qızlar adından bu məktubu Sizə yazaraq davam edən iztirablarımızı diqqətinizə çatdırmaq istərdik. 1989-cu ildə yaradılmış Qərbi Azərbaycan İcmasının məramı Ermənistanda öz evlərini tərk etməyə məcbur olmuş azərbaycanlıların hüquqlarını müdafiə etmək onların təhlükəsiz ləyaqətli şəkildə qayıtmalarını təmin etmək məqsədi daşıyır".

Bəli, bu gün Qərbi azərbaycanlıların öz doğma yurd yerlərinə qayıdıb yaşayışlarına davam etmələri onların həm mənəvi, həm hüquqi haqlarıdır.

Ramidə YAQUBQIZI,

"Respublika".