Fransa mediası Makronun qərəzli tezislərinin icraçısı rolunda
Siyasət

Fransa mediası Makronun qərəzli tezislərinin icraçısı rolunda

İkinci Qarabağ müharibəsi ölkəmizə qarşı xain münasibət bəsləyən dövlətlərin iç üzünü ifşa etdi. İstər 30 illik işğal, istərsə də postmüharibə dövründə Parisin Bakıya qarşı qərəzli mövqeyi özünü müxtəlif formalarda göstərdi.

Bu gün Ermənistanın yalanlarının ortağına çevrilən Fransa öz çirkin planlarını həyata keçirmək, Cənubi Qafqaz regionuna müdaxilə etmək məqsədilə İrəvandan istifadə edir. Anti-Azərbaycan siyasəti Fransa mediasında da açıq-aydın hiss olunur. Belə ki, ölkə mediası Yelisey sarayından aldığı tapşırıqlara uyğun olaraq ölkəmizlə bağlı qərəzli məlumatlar yaymaqla riyakar mövqe sərgiləyir. Şübhəsiz, bütün bunlar erməni lobbisinin təsiri, eləcə də Makron hökumətinin sifarişi ilə həyata keçirilir. Bu dəfə "Le Point" nəşri ölkəmizlə bağlı qərəzli material hazırlayıb.

Sözügedən materialda Azərbaycan Fransaya qarşı irimiqyaslı informasiya hücumu təşkil etməkdə günahlandırılıb. Bütün bunlar kifayət deyilmiş kimi, Bakının yeni müharibəyə hazırlaşması barədə də saxta məlumat məqalədə yer alıb. Nəşr iddia edib ki, erməni hərbçiləri yeni müharibə təhlükəsi səbəbindən döyüş hazırlığı vəziyyətinə gətirilib. Məsələnin maraqlı tərəfi isə bu iddianın ermənilərə belə gülünc görünməsidir. Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində danışıqların getdiyi bir zamanda bu cür riyakar addımın atılmasını Fransa qərəzinin nirvanası adlandıra bilərik.

"Le Point" nəşri həmçinin iddia edib ki, guya Azərbaycan Yelisey sarayının ermənilərə göstərdiyi hərbi-siyasi dəstəyə görə Parisə qarşı informasiya hücumuna başlayıb. Mövcud reallıq isə hər kəsə məlumdur. Azərbaycan heç bir vaxt dövlətlərin daxili işinə qarışmayıb. 44 günlük Vətən müharibəsi və ötən ilin sentyabr ayında baş tutan 23 saatlıq antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin etməsindən sonra başda Fransa olmaqla anti-Azərbaycan qüvvələr daha da aktivləşməyə başladı. Fransız nəşrinin bu cür mövqe sərgiləməsi də təsadüfi deyil. Şübhəsiz, "Le Point" Makron hakimiyyətinin sifarişi əsasında belə yazılarla gündəmə gəlir.

Bu gün ölkəmiz həm regionda, həm də beynəlxalq aləmdə daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox dövlətlərə nümunə ola bilər. Amma daxili və xarici problemlərin girdabında qalan Qərb, o cümlədən Avropa İttifaqı və onun əsas üzvlərindən olan Fransa Azərbaycanın regionda yaratdığı yeni geosiyasi düzənlə barışa bilmir. Buna görə də həmin qüvvələrin fəaliyyətinin əsas istiqaməti Ermənistandakı revanşist qüvvələri yeni müharibəyə təhrik etməyə yönəlib. Daim ölkəmizə qarşı qərəz və ikili standartlar nümayiş etdirən rəsmi Paris media vasitələri üzərindən öz xain planını həyata keçirir.

Ümumiyyətlə, Fransa ilə Azərbaycanın münasibətləri İkinci Qarabağ müharibəsindən sonra daha da kəskinləşib. Azərbaycan Fransanın çoxsaylı istəklərindən sonra ATƏT-in keçmiş Minsk qrupunun həmsədr dövləti kimi quruma daxil olmağa imkan yaratmışdı. Otuz illik işğal dövründə həmsədr dövlət kimi Fransa Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması istiqamətində heç bir addım atmadı. Bu gün Azərbaycan və Fransa arasında gərginliyin artmasında əsas günahkar Parisdir. Fransanın xarici siyasətində müşahidə olunan anti-Azərbaycan ritorikası Avropa ölkələrinin əksəriyyətində də özünü büruzə verir. Bütün bunlar da, Fransa tərəfinin qərəzindən irəli gəlir.

Makron hakimiyyətinin ölkəmizə qarşı yürütdüyü riyakar siyasətə Azərbaycanın müstəmləkəçiliyin əleyhinə başlatdığı proses də təsir göstərir. Qoşulmama Hərəkatı çərçivəsində keçirilən tədbirlər, qəbul edilən qərarlar Parisin qıcığına səbəb olur. Çünki dövlətimizin neokolonializmlə mübarizəsi nəticəsində keçmiş müstəmləkələrdə etiraz aksiyaları daha da alovlandı. Nigerdə, Qabonda, yeni Kaledoniyada baş verən hadisələr bunu da bir daha təsdiqləyir. Bu reallıqların fonunda, Ermənistanın baş verən proseslərdən nəticə çıxarması arzuolunandır. İrəvan təmasların bərpası üçün şəraitin formalaşdığı bir dövrdə Fransanın toruna düşməməlidir. Paşinyan hakimiyyəti xarici və daxili siyasətində saysız uğursuzluqlarla üzləşən Fransanın Ermənistana xeyir verməyəcəyini dərk etməlidir.

Nəzrin ELDARQIZI,

"Respublika".