Fəaliyyətsizliyi ilə proseslərdən kənarlaşdırılan qrup
Digər xəbərlər

Fəaliyyətsizliyi ilə proseslərdən kənarlaşdırılan qrup

Keçmiş Minsk qrupunun 30 il ərzində müsbət nəticə əldə edə bilmədiyi məsələni Azərbaycan hərbi-siyasi yolla 44 gün ərzində həll edərək ərazi bütövlüyünü təmin etməklə bərabər, beynəlxalq hüququ da bərpa etdi. Əlbəttə, əgər keçmiş Minsk qrupu öz işində ikili standartlara, beynəlxalq riyakarlığa yol verməsəydi, İkinci Qarabağ müharibəsi də baş verməzdi.

Beynəlxalq vasitəçilər müharibənin, insan faciələrinin və fəlakətlərin qarşısını ala bilərdi. Keçmiş Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal etdiyi torpaqlardan çıxacaq və belə olan halda isə müharibəyə ehtiyac qalmayacaqdı. Belə bir qrupu yenidən dirçəltməyə çalışan qüvvələrin məqsədi regionda sülh prosesinə və sabitliyin təmin olunmasına zərbə vurmaqdır.

Bu fikirləri əməkdaşımızla söhbətində Milli Məclisin deputatı Tamam CƏfƏrova deyərək əlavə edib ki, bu qrup 30 ilə yaxın bir dövr ərzində öz fəaliyyətsizliyi, faktiki nizamlama prosesini dondurmaqla, real təkliflər və təsiredici mexanizm ortaya qoymadan vaxt uzatmaqla özü-özünü proseslərdən kənarlaşdırdı. Keçmiş Minsk qrupuna həmsədrlik edən üç dövlət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvüdür. Yəni onlar dünya miqyasında ən güclü ölkələr sayılır və həmin ölkələr tərəfindən beynəlxalq hüququn tələblərinə uyğun olaraq Ermənistana qarşı sanksiyalar tətbiq edilə bilərdi. Ancaq keçmiş Minsk qrupu bunu edə bilmədi və ya etmək istəmədi. Rəsmi İrəvan da 30 il ərzində münaqişənin sülh yolu ilə həll olunmasından yayındı. Azərbaycan məcbur qalaraq BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini öz gücü ilə icra etdi. 44 gün ərzində torpaqlarını düşməndən geri aldı. 

ATƏT-in keçmiş Minsk qrupunun mövcud olmayan Dağlıq Qarabağda "sülhməramlı" missiya və ya "nəzarət mexanizmi" həyata keçirməsi haqqında təkliflərin olması, 30 illik uğursuz təcrübədən sonra sadəcə növbəti riyakar və məkrli niyyətin göstəricisidir. Əlbəttə, Azərbaycan bununla razılaşa bilməz, çünki faktiki olaraq artıq ATƏT-in keçmiş Minsk qrupuna ehtiyac qalmayıb. Hələ də Minsk qrupunu diriltməyə çalışanlar isə Azərbaycan və Ermənistan arasında yeni konflikt yaratmağa, regionda sülh və təhlükəsizliyin təmin olunmasına mane olmaq istəyən qüvvələrdir.

Deputat qeyd edib ki, iyul ayının 27-də Ermənistanın Qarabağdakı ermənilərə humanitar yardım aparmaq cəhdi də həmin qüvvələrin spekulyasiya, şantaj və beynəlxalq ictimaiyyət üçün qurulan növbəti siyasi manipulyasiyasıdır. Təəssüf doğuran və bir o qədər də gözlənilən olan isə Avropa İttifaqının mülki missiyasının və Qərbin bəzi dairələrinin hərəkətləri idi. Avropa İttifaqının Ermənistandakı missiyasının maşın karvanını az qala hərbi konvoy kimi müşayiət etməsi onların riyakarlığının növbəti təzahürüdür. Baxmayaraq ki, Avropa Məhkəməsi Ermənistanın sərhəd nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbinin əsassız olduğuna dair qərar qəbul etmişdir. Görünür, Qərbin reallıqları görməyən gözündə məhkəmə qərarlarının heç bir hökmü yoxdur.  Onlar yaratdıqları şou ilə guya Qarabağda yaşayan ermənilərin blokadada olduğuna dünyanı inandırmağa çalışırlar. Halbuki, Ağdam-Xankəndi yolu yüklərin daşınması üçün daha əlverişlidir. Həm Ermənistan, həm də onun havadarları, eləcə də regionda marağı olan qüvvələr bilməlidirlər ki, seçdikləri yanlış üslub onlara heç nə qazandırmayacaq. Cənab Prezidentin də dediyi kimi: "Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz".

M.NƏRİMANOĞLU,

"Respublika".