Türkiyə dünyanın ən aktiv zəlzələ zonalarından biridir. Ölkənin çox hissəsi Anadolu tektonik ərazisində yerləşir. Bu ərazi isə Avrasiya, Afrika və Ərəb tektonik lövhələrinin arasında yer tutur.
Bölgənin ən böyük - Avrasiya və Afrika lövhələri yer dəyişdirdikcə, Türkiyənin ərazisi də sıxılır. Burada 100 ildən çox müddətdə hər hansı ciddi tektonik fəallıq qeydə alınmasa da, keçmişdə baş verən dağıdıcı zəlzələləri əsas gətirən seysmoloqlar ərazinin çox təhlükəli olduğunu deyirdilər. Zaman-zaman bu bölgələrdə dağıdıcı gücü olmayan zəlzələlər baş verirdi. Amma fevralın 6-da Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələnin baş verməsi hər tərəfi darmadağın etdi. Dərinliyi 7 kilometr olan zəlzələdə 40 mindən çox insan həlak oldu, 110 mindən çox insan yaralandı.
Fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində yenidən 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verdi. Episentri Hatay vilayətinin Defne rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib. Zəlzələ 16,7 kilometr dərinlikdə qeydə alınıb. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) verdiyi məlumata görə, zəlzələ 30 saniyə davam edib və nəticədə 10 nəfərə yaxın insan ölüb, 294 nəfər ağır yaralanıb. Zəlzələdə, fevralın 6-da baş verən zəlzələdən sonra dağılma təhlükəsi olan riskli binaların əksəriyyəti dağılıb. Bu binalardan əşyalarını çıxaran insanların çoxusu yenidən dağıntılar altında qalıb. Bununla bağlı Türkiyənin daxili işlər naziri Süleyman Soylu insanlara riskli binalardan uzaq məsafələrdə durmalarını deyib: "Hazırda axtarış-xilasetmə qruplarımız tam sürətlə çalışırlar. Riskli binalara girmək son dərəcə təhlükəlidir. Zəlzələlər davam edir. Heç bir qiymətləndirmə olmadan həmin binalara girmək fəlakətlərə səbəb ola bilər".
Türkiyənin səhiyyə naziri Fahrettin Koca Hatay vilayətində baş vermiş iki zəlzələ nəticəsində 18 nəfərin vəziyyətinin ağır olduğunu bildirib. O deyib: "Hatayda baş verən 6,4 bal gücündə zəlzələdən zərərçəkən və dərhal müalicələrinə başlanan yaralıları səhra xəstəxanalarında ziyarət etdik, vəziyyətlərini müşahidə altında saxlayırıq. İlkin tibbi yardım göstərildikdən sonra yaralılar hava və quru yolu ilə Adana və Dördyol xəstəxanalarına aparılıblar".
Nazir əlavə edib ki, sonuncu zəlzələlərdən sonra bəzi xəstəxanaların binasında çatlar əmələ gəlib. Hazırda bir çox xəstəxanalar təcili olaraq boşaldılır.
Onu da qeyd edək ki, azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus "Palmali Holding" şirkəti, zəlzələdə zərər görmüş Hatay vilayətinin Samandağ bölgəsinə 130 çadır göndərib. ''Palmali Holding" Türkiyədə baş verən və minlərlə insan tələfatına səbəb olan dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılmasında ilk gündən yaxından iştirak edib . Dəstək kampaniyasının davamı olaraq, zəlzələ nəticəsində evsiz qalan ailələr üçün təhlükəsiz bölgədə "Palmali" çadır şəhəri salınıb. Evləri dağılmış və qəzalı vəziyyətdə olan insanlar çadır şəhərində yerləşdiriliblər. Bu da fevralın 20-də Samandağda baş verən zəlzələdə onlarla insanın zərər çəkməməsinə səbəb olub.
Esmira YAZKAN ASLANOVA,
''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.