Ermənistanın sülhə əngəl törətmək üsulları
Siyasət

Ermənistanın sülhə əngəl törətmək üsulları

Ötən gün Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkə konstitusiyasının dəyişdirilməsindən danışarkən "Azərbaycan Konstitusiyasına da düzəlişlər edilməli və bu, Ermənistanla güzgü prinsipi əsasında olmalıdır" kimi absurd fikirlər səsləndirib. Düzdür, ola bilsin ki, Azərbaycan Konstitusiyasında müəyyən dəyişikliklərə ehtiyac olsun. Amma bunun Ermənistana heç bir adiyyəti yoxdur. Çünki bizim dövlət sənədində Ermənistandan fərqli olaraq heç bir ölkəyə qarşı ərazi iddialarına yer verilməyib.

Lakin qarşı tərəfin müstəqillik haqqında bəyannaməsinə gəlincə, burada görürük ki, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın konstitusiyasında öz əksini tapıb. Bu gün Azərbaycan və Ermənistan arasında sülhə mane olan amillərdən biri də məhz budur. Çünki Ermənistan konstitusiyasında Dağlıq Qarabağ ifadəsindən istifadə edilir və Azərbaycan ərazilərinin işğalı və qəsbkarlıq planını hələ də öz aktuallığını qoruyub saxlayır. Bu məsələ təkcə Azərbaycan əraziləri ilə yekunlaşmır. Qardaş Türkiyəyə qarşı da belə iddialar var. Ona görə də Ermənistan öz konstitusiyasını dəyişmədikcə sülhlə bağlı etdiyi çağırışlarda qeyri-səmimi görünəcək, çox açıq şəkildə həm Azərbaycan, həm də Türkiyə ilə düşmənçilik münasibətini davam etdirmiş kimi olacaq. Bu baxımdan, bir ölkənin dövlət sənədində qonşu dövlətlərə ərazi iddialarının olması qəbuledilməzdir.

Əslində Nikol Paşinyan hakimiyyətə gəldikdən qısa bir müddət sonra bu məsələni həll etməli idi, lakin buna getmədi. İndi Azərbaycan regionun qalib ölkəsi kimi şərtləri diktə edir və qazandığımız qələbələr bizim haqqımızın tanınmasını zərurətə çevirir. Bu da Ermənistan konstitusiyasında Azərbaycan əraziləri ilə bağlı heç bir ifadənin olmamasını şərtləndirir.     

Tural İSMAYILOV,

politoloq.