Ermənistanın Qərbə doğru dönüşü
Siyasət

Ermənistanın Qərbə doğru dönüşü

Rusiya-Ermənistan münasibətləri çoxillik əlaqələrə əsaslanır. İrəvan qonşu Azərbaycan və Türkiyə ilə mürəkkəb münasibətləri fonunda tarixən təhlükəsizlik, həmçinin iqtisadi dəstək baxımından Rusiyaya arxalanıb. Lakin son illərdə iki ölkə arasında münasibətlər olduqca gərginləşib. "Forposta xəyanət" adlı filmin necə yekunlaşacağını indi bütün dünya gözləyir.

ABŞ və Avropa İttifaqı kimi qlobal, həmçinin bəzi regional güclərin təsiri ilə bu gün bölgədə geosiyasi mənzərə tamamilə dəyişib. Ermənistanın müttəfiqinə xəyanət etmək cəhdləri onun geosiyasi aktorlar arasında özünə yer tutmaq istəyindən irəli gəlir. Qərb də bu istəyi xoşluqla qarşılayır. Çünki İrəvan vasitəsilə regiona müdaxilə üçün özünə imkan yaradır.

Ermənistan artıq Rusiyadan uzaqlaşmaq niyyətini gizlətmir. Belə ki, ölkənin xarici işlər naziri Ararat Mirzoyan deyib ki, indi İrəvanın əsas müttəfiqləri ABŞ və Avropa İttifaqıdır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə keçirdiyi brifinqdə buna cavab olaraq bildirib ki, A.Mirzoyan kimi adamlar Ermənistanı çıxılmaz vəziyyətə salırlar: "Soruşmaq olarmı ki, indi - yəni nə vaxt? 2024-cü ilin mart-aprel ayı? Bundan əvvəl və sonra tarix bitir?", - deyə Rusiya XİN sözçüsü bildirib. O, qeyd edib ki, Ermənistan Rusiya və digər yaxın müttəfiqləri ilə münasibətlərini Avropa İttifaqı və ABŞ-dan aldığı müvəqqəti bonuslar uğrunda qurban verdi. Zaxarova vurğulayıb ki, onlar bizə və ya tərəfdaşlarına, müttəfiqlərinə xəyanət etmirlər, onlar öz xalqlarına xəyanət edirlər.

Mariya Zaxarova "Zvezda" telekanalının efirində aprelin 5-də Avropa İttifaqı-ABŞ-Ermənistan formatında keçirilməsi planlaşdırılan görüşə də münasibət bildirərək deyib ki, rəsmi İrəvan beynəlxalq aktorlarla müxtəlif formatlarda görüşlər təşkil edərkən Vaşinqtonun ən yaxın müttəfiqlərini hara apardığını yaddan çıxarmamalıdır. Ukraynanın bugünkü vəziyyətinə istinad edən XİN sözçüsü bununla Ermənistana açıq mesaj göndərib. ABŞ və bir çox Qərb ölkələri sırf anti-Rusiya kampaniyasını davam etdirmək naminə Ukraynanı savaşa təhrik edib. 2 ildən çox müddətdir davam edən savaş müttəfiqləri yorub, nəticədə onlar Kiyevə dəstəyi azaldıb.

Bu gün Ermənistan Qərbin tapşırıqlarını yerinə yetirməyə çox həvəslidir. Nikol Paşinyan və İrəvan rəsmiləri 5 aprel görüşünü həvəslə gözləyirlər. Görünür, onlar növbəti Ukrayna ssenarisinin reallaşma ehtimalından qorxmurlar. Ermənistan inanır ki, aprelin 5-dən sonra təhlükəsizlik vektorunu dəyişə bilər. Bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb. Yazıda qeyd olunub ki, baş nazir Nikol Paşinyanın Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Lyayen və ABŞ dövlət katibi Antoni Blinkenlə aprelin 5-də Brüsseldə keçirəcəyi üçtərəfli görüş hakim "Mülki müqavilə" partiyasında böyük gözləntilər yaradıb: "O, bunun Ermənistanın və konkret hökumətin xilası üçün kosmik əhəmiyyət daşıyan müstəsna hadisə olacağına ümid etdiyini bildirib. "Mülki müqavilə"nin üzvləri böyük səbirsizliklə bu görüşü gözləyirlər". Məqalədə yazılıb ki, əgər Qərb dəstəkləyici bəyanatlarla yanaşı, əməli addımlar da ataraq Ermənistana böyük həcmdə maliyyə ayırsa, ölkənin iqtisadiyyatının Rusiyadan asılılığına son qoyula bilər: "Beləliklə, Ermənistan hakimiyyəti tərəddüd etmədən təhlükəsizlik vektorunun dəyişdirilməsi vəzifəsini öz üzərinə götürəcək. Bunun üçün Ermənistana bir neçə milyon yox, bir neçə milyard maliyyə vəsaiti lazımdır".

İrəvan Qərbə güvənir, Ukrayna ssenarisini gözardı edir. N.Paşinyan hakimiyyəti maliyyə dəstəyi üçün xalqının gələcəyini qurban verir. Qərb öz strateji maraqlarından çıxış edərək Ermənistana təsir göstərməyə çalışır və bu prosesdə İrəvanın suverenliyinə potensial təhlükə yaranır. Qərb ölkələri Ermənistan üzərində təsir imkanları əldə etmək üçün iqtisadi yardım və dəstək vədləri kimi taktikalardan istifadə edir. Onlar yardım və sərmayə versələr də məqsədləri Ermənistanın inkişafına yardım etmək deyil, siyasi-iqtisadi nəzarəti ələ keçirməkdir. Qərbin İrəvana müdaxiləsi həm də Rusiyanın regionda təsirini zəiflətmək istəyindən irəli gəlir. Ermənistanın siyasi qərarlarına nəzarət etmək və onun suverenliyinə xələl gətirməklə, Qərb potensial olaraq Ermənistanın müstəqilliyi hesabına öz strateji maraqlarını reallaşdırmağa cəhd edir. Xülasə, Qərb dövlətlərinin Ermənistana dəstəyi regionda strateji üstünlük qazanmaq istəyindən qaynaqlanır.

Rusiya ilə Qərb arasında yol ayrıcında dayanmış Ermənistan üçün risklər artır. N.Paşinyan tarıma çəkilmiş ip üzərində addımlayır. Belə ki, kimin tərəfinə getsə digəri ipi kəsəcək. İrəvan təhlükəsizlik dinamikasının dəyişməsini səbirsizliklə gözlədiyi üçün ölkənin suverenliyi haqqında düşünmür. Qərb maliyyə dəstəyi təklif edir. Sual olunur: nəyə görə? Ermənistan bu prosesdə öz müstəqilliyini riskə ataraq qısamüddətli qazanclar üçün tarixi müttəfiqindən əl çəkəcəkmi? Qarşıdakı yol qeyri-müəyyəndir, lakin bir şey aydındır: İrəvanın gələcəyi təkcə onun seçimləri ilə deyil, həm də Cənubi Qafqazda nüfuz uğrunda mübarizə aparan qlobal güclərin mübarizəsi fonunda formalaşacaq.

Nurcan SÜLEYMANOVA,

"Respublika".