Ermənistanın ekoloji terroruna son qoymağın vaxtıdır
Ekologiya

Ermənistanın ekoloji terroruna son qoymağın vaxtıdır

Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları Ermənistanın dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə bu ölkənin baş naziri Nikol Paşinyana açıq məktub göndərib. 24 təşkilat tərəfindən ünvanlanan məktubda rəsmi İrəvandan beynəlxalq ekoloji normaları yerinə yetirmək, region əhalisinin hüquqlarını pozmaqla aparılan dağ-mədən sənayesi işlərini tez bir zamanda dayandırmaq tələb edilib. Sözügedən məktubu imzalayanlardan biri Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri Qəmzə Yusubova bildirir ki, bu addımın atılması zəruri idi.

"Bir ay bundan öncə Azərbaycanın yerli QHT-ləri Arazdəyəndə inşa olunan iri metallurgiya zavodu ilə bağlı bəyanat verdi. Buna səbəb Ermənistanda dağ-mədən sənayesi nəticəsində ətraf mühitin ciddi şəkildə çirklənməsidir. Çünki bu ölkədə fəaliyyət göstərən müəssisələr ekoloji tələb və normalara əməl etmir. Bu səbəbdən də Ermənistan nəinki Azərbaycan, eləcə də Cənubi Qafqaz üçün ciddi ekoloji təhdiddir. Bu ölkənin dağ-mədən sənayesinin ətraf mühitə vurduğu ziyan dünya ictimaiyyətini də narahat edir. Məsələ burasındadır ki, Azərbaycan və Ermənistan Espo Konvensiyasının tərəfləridirlər. Konvensiyanın müddəalarına görə, transsərhəd zonasında hər hansı bir sənaye obyekti tikilərkən onun ətraf mühitə təsiri qiymətləndirilməli, həmin transsərhəd ölkə ilə müzakirə edilməli və razılaşdırılmalıdır. Bu məntiqlə, Ermənistanın tikdiyi metallurgiya zavodu 1991-ci ildə qəbul edilmiş Espo Konvensiyasının ciddi şəkildə pozulması deməkdir. Yəni İrəvan öz ənənəsinə sadiq qalaraq Espo Konvensiyasının müddəalarını, Azərbaycanın qeyri-hökumət təşkilatlarının, dünyanın mütərəqqi təşkilatlarının etirazını nəzərə almadan fəaliyyətini davam etdirir. Yerli QHT-lər olaraq buna etirazımızı bildirdikdə isə Ermənistan tərəfi bu zavodun inşasını dayandırmaq əvəzinə, əksinə, sürətləndirdi. Buna görə də biz Ermənistanın baş naziri Nikol Paşinyana həmin ölkənin dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində ətraf mühitə dəyən ziyanın dayandırılması ilə bağlı açıq məktub ünvanladıq. Həmin məktubda 12 bənd üzrə dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində ətraf mühitə dəyən zərəri göstərdik və həmin obyektlərin tezliklə fəaliyyətini dayandırmasını ondan tələb etdik.

Ümumiyyətlə, 30 ilə yaxın müddətdə işğal altında qalan ərazilərimizdə ekoloji sistemə, ətraf mühitə çox ciddi ziyan dəyib. Qafan və Qacaran dağ-mədən sənayesinin xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun və digər ağır metal tərkibli mədən tullantıları Oxçuçaya axıdılıb və həmin çay ciddi ekoloji təhdid qarşısında qalıb. Oxçuçayın bioloji müxtəlifliyi, canlılar aləmi məhv olub. Oxçuçay Araz çayına tökülür və onu da çirkləndirir. Nəzərə alsaq ki, Araz çayı bölgədə suvarma suyu kimi istifadə olunur, bu, Azərbaycanın təsərrüfatına ciddi ziyan deməkdir. Mən inanmıram ki, Nikol Paşinyanın bundan xəbəri olmasın. Biz də bunu nəzərə alaraq baş nazirə məktub yolladıq. Amma həmin məktuba imza atan QHT sədri kimi deyə bilərəm ki, Paşinyanın bizim tələblərimizə nə qədər əməl edəcəyi qeyri-müəyyəndir. Çünki indiyədək erməni liderlərin verdikləri sözü tutduqlarını görməmişik. Sözsüz ki, Paşinyan məktubumuza əməldə necə cavab versə, növbəti gedişimizi də ona uyğun edəcəyik. Bizim artıq bu sahədə təcrübəmiz var. 2022-ci il dekabrın 12-dən etibarən QHT nümayəndələri, ekofəallar və gənc könüllülərin Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində başladığı dinc etiraz aksiyası 138 gün davam etdi. Bunun nəticəsində Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-nəzarət-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar regionda yeni reallıq yarandı. Budəfəki tələbimizin də müsbət nəticə verməsi üçün addımlar atmağa davam edəcəyik. Çünki Ermənistanın ekoloji terroruna "dur" deməyin vaxtıdır. Hətta deyə bilərəm ki, bu məsələ bir qədər gecikib".

Jalə QASIMZADƏ,

"Respublika".