Ciddi siqnal: Təbiətə ögey münasibət
Ekologiya

Ciddi siqnal: Təbiətə ögey münasibət

İsmayıllı-Qəbələ yolunun genişləndirilməsi istiqamətində aparılan işlərə diqqət yetirəndə adamın ürəyi açılır. Yeni çəkilən yolların genişliyi, rahatlığı və müasirliyi bu ərazilərin də yaxın zamanda sürətlə inkişaf edərək böyük turist mərkəzlərimizdən biri olacağını təsdiqləyir. Çünki İsmayıllı meşələri tarixən zənginliyi ilə seçilməklə, xeyli inkişaf etdirilib. 1969-cu ilin iyul ayında yaradılan Yasaqlıq əsasən İsmayıllı, qismən də Qəbələ rayonlarının ərazisində yerləşir. Yasaqlığın yaradılmasında əsas məqsəd burada məskunlaşmış heyvanların qorunması və sayının artırılmasıdır.

Ərazi alp və subalp dağ-çəmən və meşə bitkiləri ilə əhatə olunub. Meşə ilə örtülü sahələr əsasən vələs, fıstıq və palıd cinsli ağaclardan ibarətdir. Yasaqlığın ərazisində heyvanlar aləmi həm növ, həm də say etibarilə çox zəngindir. Burada quşlardan adi çil kəklik, adi bildirçin, adi turac, alabaxta, Qafqaz uları, məməlilərdən boz canavar, adi çaqqal, vaşaq, meşə pişiyi, Amerika yenotu, meşə dələsi, boz dovşan məskunlaşmışdır.

Füsunkarlığı ilə diqqəti cəlb edən meşələr sağlamlıq mənbəyimiz olmaqla son illər xeyli inkişaf etdirilir. Bəs dövlət tərəfindən həyata keçirilən çoxsaylı tədbirlərə bizlərin münasibəti necədir?

Meşənin bəzi ərazilərinin zibillik məkanına çevrilməsi ciddi narahatlıq doğurur. Belə ki, bir vaxtlar ağacların kəsilməsi ciddi problemə çevrilmişdi. İndi isə buna ciddi nəzarət olunur və meşələrin qorunması və yeni-yeni ağacların əkilməsi üçün fundamental işlər görülür. Ancaq əfsuslar olsun ki, həyata keçirilən bu tipli çoxsaylı tədbirlərə maneçilik törədənlər də var. Belə ki, istirahət məqsədilə təbiətin qoynuna gədənlər meşələrə göz görə-görə divan turur. Ərazini çirkləndirir, nəzərdə tutulmayan yerlərdə ocaq yandırır, məişət tullantılarını təbiətin qoynuna tökürlər. Rayonda meşə ərazisində yaranan bu tipli problemin aradan qaldırılması üçün mütəmadi maarifləndirmə tədbirinin və vaxtaşırı iməcliyin keçirilməsinə baxmayaraq bizə ömür bəxş edən meşələrə göstərilən biganəliyin və kortəbii münasibətin qarşısını tam şəkildə almaq mümkün olmayıb.

Bu məqsədlə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması, ətraf mühitin mühafizəsinin təmini məqsədilə İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən növbəti tədbir keçirilib. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki qrupu tərəfindən verilən məlumata görə, keçirilən nəzarət tədbiri zamanı rayonun Keyvəndi kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

Aşkarlanan faktla bağlı həmin kəndin bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub və o, inzibati məsuliyyətə cəlb edilib.

Ömrümüzü artıran təbiətə qarşı daha yaxşı münasibət göstərmək əvəzinə ona düşmənçilik edirik. Bu cinayətimiz üçün isə qanun qarşısında cavab verərək cəzalanırıq. Bağışlanılmaz haldır: Görəsən nə vaxta qədər təbiətə münasibətimizi qanunun sərt cəzaları ilə tənzimləməyə məcbur olacağıq?

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".