Ermənistanın barışıq təklifləri kənar strateji maraqlara əsaslanır
Siyasət

Ermənistanın barışıq təklifləri kənar strateji maraqlara əsaslanır

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, davamlı sabitlik və barışığın əldə edilməsi üçün səkkiz kəndin Azərbaycana qaytarılması həlledici amillərdən biridir.

Bu kəndlər münaqişələrlə dolu bir tarixə şahidlik etsə də, əməkdaşlıq və anlaşma ilə formalaşan gələcəyin təməli ola bilər. Lakin rəsmi İrəvan hər zamankı kimi, bir-biri ilə ziddiyyət təşkil edən açıqlamalarla gündəmə gəlir.

Ermənistan baş naziri Nikol Paşinyan bir müddət əvvəl bildirib ki, 4 kəndi Azərbaycana qaytaracaq. Baş nazir özünü beynəlxalq ictimaiyyət qarşısında sülh tərəfdarı, ölkəmizi isə aqressor kimi göstərməyə çalışsa da, reallıq ortadadır. Belə ki, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib ki, delimitasiyanın başlanması ilə bağlı yekun qərar yoxdur. O, parlamentdə delimitasiya və demarkasiya məsələləri ilə bağlı keçirilən qapalı görüşdə deyib: "Ermənistanla Azərbaycan təhlükəsizlik, eləcə də sərhədyanı zonaların sakinləri üçün sosial-məişət və hüquqi xarakterli məsələlər həll olunduqda demarkasiyaya başlaya bilərlər".

Bütün bunlar göstərir ki, Ermənistan bir tərəfdən sülhlə bağlı açıqlamalar versə də, digər tərəfdən sabitliyin pozulmasına xidmət edir. Xüsusilə də Qərbin dəstəyindən şirnikləşən rəsmi İrəvan get-gedə sülhdən uzaqlaşır. Ermənistan parlamentinin spikeri Alen Simonyan isə deyib ki, tərəflər əsas məsələlərdə kompromis əldə etməsələr Ermənistanın Azərbaycanla hər hansı sülh sazişindən imtina etməsi qaçılmazdır: "Ermənistan ərazisinin heç bir hissəsi müzakirə mövzusu deyil, danışıqlar davam edir, işçi qruplar görüşür, əvvəlcədən nəsə demək mümkün deyil. Amma nə vaxtsa biz razılığa gəlməsək, heç nəyi imzalamayacağıq".

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyannamə imzalanıb. Nəticədə tərəflər öz üzərinə müxtəlif öhdəliklər götürüb. Bununla belə, bu missiyanı yerinə yetirməkdə çətinlik çəkən Ermənistan bəyannaməyə sadiq qalmayıb. Azərbaycan dialoq və diplomatiya siyasətini səbirlə davam etdirir. Lakin danışıqlar masası üzərində Ermənistanın demarş xəyalının böyük kölgəsi görünür.

Rəsmi İrəvanın ilkin mərhələdə dörd kəndi qaytarması danışıqlarda etimadın bərpası və sürətlənməsi istiqamətində mühim rol oynaya bilər. Buna baxmayaraq, bu yol maneələrlə doludur. Çünki Ermənistan müstəqil siyasət yürüdə bilmir, daxili narazılıq həmçinin xarici havadarlarının təzyiqləri ilə mübarizə aparır. Baş nazir Nikol Paşinyanın son təklifləri guya onun sülhü münaqişədən üstün tutduğunu göstərir. "Müharibədən qaçmaq üçün əlimizdən gələni etməliyik" fikri regionda sabitlik üçün ortaq fikirlərə uyğundur. Lakin ikibaşlı siyasəti ilə məşhur olan baş nazirin dedikləri hər zaman söz olaraq qalır. Sülhün əldə edilməsi üçün sözdən  əmələ keçmək lazımdır,  ancaq N.Paşinyan əməldə dediklərinin heç birini reallaşdırmır.

Nikol Paşinyan parlamentin iclasında çıxışı zamanı deyib ki, Ermənistan Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasına qarşı deyil. O, bildirib ki, Ermənistan delimitasiya prosesinə başlamağa hazırdır: "Delimitasiya və demarkasiya təhlükəsizliyi təmin etməyəcək. Lakin bu proses olmasa, təhlükəsizlik təhdidləri getdikcə artacaq". N.Paşinyan bununla da bir daha ölkəmizi işğalçı kimi göstərməyə çalışıb. Dörd kəndin Azərbaycana qaytarılması ilə bağlı Ermənistanın son mövqeyi sülh və təhlükəsizlik pərdəsinə bürünsə də, lakin region üçün daha dərin təsirləri olan strateji manevrdən xəbər verir. Baş nazirin parlamentin iclası zamanı Ermənistanın Qazaxın 4 kəndinə nəzarəti vermək istəyini bəyan etməsi hesablanmış addımdır. Zahirən bu, barışıq jesti, Azərbaycanla dialoqun və əməkdaşlığın təşviqi istiqamətində bir addım kimi görünür. Lakin daha yaxından baxsaq, buradakı çoxşaxəli strategiya özünü büruzə verir.

Ermənistan özünü regionda sülh və sabitliyin tərəfdarı kimi göstərməklə həm də özünü əzilən tərəf kimi göstərməyə cəhd edir. Delimitasiya və demarkasiyanı təhlükəsizlik təhdidlərinin qarşısının alınması üçün vacib saymaqla, Paşinyan Azərbaycanı təcavüzkar kimi qələmə verməyə, günahı incə şəkildə başqasına çevirməyə və beynəlxalq ictimaiyyətdən, xüsusən də Qərbdən dəstək toplamağa çalışır. Diplomatik ritorika pərdəsinin altında daha mürəkkəb bir reallıq yatır. Paşinyanın hərəkətləri əməkdaşlıq imicini əks etdirsə də əsas motiv başqadır. Sülh danışıqlarını uzatmaq Ermənistana həm hərbi, həm də siyasi baxımdan öz mövqeyini möhkəmləndirmək imkanı verir. Rəsmi İrəvan bu müddətdən öz müdafiəsini və müttəfiqlərin dəstəyini gücləndirmək üçün istifadə edir. Bu, Ermənistanın əsl niyyətini ifadə edir, belə ki, İrəvanın gizli düşmənçilik xəyalı böyük görünür, hayların barışıq təklifləri əslində bir oyundur.

Nurcan SÜLEYMANOVA,

"Respublika".