Ermənistanı yuxulu fikirlər deyil, reallıqlar xilas edə bilər
Siyasət

Ermənistanı yuxulu fikirlər deyil, reallıqlar xilas edə bilər

Qərbin tükənməyən erməni sevgisi, Azərbaycan-Ermənistan arasındakı vasitəçilik missiyasına kölgə salan əsas amildir. 30 il erməni işğalına göz yuman avropalılar indi də sülh prosesinə zərbə vurmaqla məşğuldurlar. İkili yanaşma və qərəzli çıxışlar demək olar ki, Qərbin hər bəyanatında, açıqlamasında yer alır.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel İkinci Qarabağ müharibəsindən sonra dəfələrlə Bakı ilə İrəvan arasında keçirilən görüşlərin təşkilatçısı kimi gündəmə gəlib və liderlər səviyyəsində bəzi razılaşmaların da səbəbkarı kimi tanınıb. Buna görə də ilk vaxtlar Brüssel formatının Cənubi Qafqazda sabitliyə və təhlükəsizliyə böyük töhfə verəcəyi düşünülürdü.

Lakin sonradan mövqeyində dəyişikliklər etməsi onun nüfuzuna kölgə salmışdır. Xüsusilə Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirləri və bundan sonra erməni əhalinin buradan könüllü şəkildə getməsini manipulyasiya edən Şarl Mişel və digər Aİ rəsmilərinin əsl iç üzləri ortaya çıxmışdır. Uzun illərdir ki, Azərbaycanın qaçqın və məcburi köçkünlərdən əziyyət çəkməsini dilə gətirməyənlərin indi 15-20 min erməniyə görə hallarının pərişan olması, insan hüquqlarının müdafiəçisi kimi görünən maskalarını taxması elə də təəccüblü olmadı. Çünki Avropa tarix boyu islamofobiyanın, türkofobiyanın məskəni olub, daim erməni cinayətlərini ört-basdır edib.

Ötən həftə "Azadlıq" radiosuna müsahibə verən Şarl Mişel bir daha etnik və dini əsasda ayrı-seçkiliyə yol verməsi ilə diqqətə gəlib. O, Azərbaycan və Ermənistan arasında münasibətlərdə milli azlıqlar məsələsi barədə danışarkən etnik ermənilərin Azərbaycana qayıtmasından geniş danışdığı halda, tarixi torpaqlarından deportasiya edilmiş soydaşlarımızın əzəli torpaqlarına qayıtması haqqında heç bir kəlmə deməyib. Bununla bağlı indiki Ermənistan ərazisindən qovulan azərbaycanlıların hüquqlarını müdafiə edən Qərbi Azərbaycan İcması Şarl Mişelə cavab vermişdi. İcma bildirmişdi ki, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək vermək, onların orada qalmış evlərini, qəbiristanlıqlarını və mədəni abidələrini ziyarət etmələrinə yardım etmək xahişi ilə Avropa İttifaqına, o cümlədən şəxsən Şarl Mişelə dəfələrlə müraciətlər edib. Avropa İttifaqı qovulmuş azərbaycanlıların bu müraciətlərinə etinasız yanaşıb: "Avropa İttifaqının bu cür ayrı-seçkili mövqeyi insan hüquqlarına zidd olmaqla bərabər, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə mənfi təsir göstərir. Qərbi Azərbaycan İcması Avropa İttifaqını Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək ifadə etməyə, ikili standartlarına, etnik ayrı-seçkilik siyasətinə və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmasına mane olan cəhdlərinə son verməyə çağırır", - deyə bəyanatda vurğulanıb.

Azərbaycanın hələ İkinci Qarabağ müharibəsi ərəfəsində qərb dairələrin təzyiqinə məruz qalması bir daha onların əsl simasını ortaya çıxarmışdır. Hələ də Qarabağın Azərbaycanın nəzarətinə keçməsilə barışa bilməmələri, onların ard-arda əhəmiyyətsiz, heç bir məntiqə uymayan açıqlamalar verməsinə səbəb olur. Dövlət başçısının 2020-ci ildən sonra regiona dair verdiyi açıqlamalarda, "yeni reallıqlar" fikrini səsləndirməsinin də mahiyyəti ondan ibarətdir ki, artıq hər bir siyasi mərkəz Cənubi Qafqaz planında buna görə hərəkət etməlidir. Əgər bunun əksinə olaraq xam xəyallarla, yuxulu fikirlərlə regionda gedən prosesləri şərh edərlərsə, bu, heç bir tərəfə, xüsusilə də Ermənistana fayda verə bilməz. Amma görünür ki, "Papadan artıq katolik olmaq" üçün çalışanlar hələ də yuxudan oyanmayıb.

Hətta ermənilərin özləri etiraf edirlər ki, təcrübəli Avropa diplomatı da (Cozef Borrel) yalan danışır. Deyirlər ki, Qarabağı 100 min insan tərk edib, 150 min deyil. Yəni cənab Borrel bu tərzdə davam etsə, bir aydan sonra 200 min adam deyəcək. Ola bilər ki, cənab Borrel yuxular görür. Bu, tamamilə qəbuledilməz, təkcə rəqəmlərlə bağlı manipulyasiya deyil, Azərbaycana qarşı ittihamlardır, bizim etmədiyimizlə bağlı ittihamdır, - deyən Azərbaycan Prezidenti bir daha Qərbi yuxudan oyanmağa çağırıb.

Qarabağ məsələsində istədiyini əldə edə bilməyən Avropa İttifaqı öz çirkin niyyətinə çatmaq üçün bölgənin erməni əhalisi üzərindən siyasət aparmaqla və Ermənistan-Azərbaycan şərti sərhədinə mülki missiya adı altında hərbçilər göndərməklə məşğul olur. Öz xoşları ilə Qarabağdan köç edən ermənilərin sayını dəfələrlə şişirtməkdən çəkinməyən Avropa rəsmisi Cozef Borrel "Ermənistandakı vəziyyət bizim güclü dəstəyimizi tələb edir. Gəlin, görək, onu necə gücləndirə bilərik", - kimi həyasızcasına fikirlər də səsləndirməkdən çəkinmir.

Avropa İttifaqının son dövrlərdə Cənubi Qafqaz strategiyasında Ermənistan üzərindən oyun oynadığı artıq heç kəsdə şübhə doğurmur. Hətta Ermənistanda belə, bir sıra politoloqlar və nəşrlər baş nazir Nikol Paşinyana Avropanın təsirindən çıxması üçün çağırışlar edirlər. Qərbin şirin vədlərinə inanan Paşinyana izah etməyə çalışırlar ki, uzun illərdir Serbiya, Monteneqro, Şimali Makedoniya, Albaniya və Bosniya kimi qitədə yerləşən ölkələr hələ də İttifaqa üzv seçilməyib. Belə olan təqdirdə isə Ermənistanın həmin alyansa daxil olması mifdən başqa bir şey deyildir. Sadəcə Cozef Borrel kimi diplomatların erməni sevgisində tək məqsədi Ermənistanda Rusiya üçün yeni cəbhə açmaq istəyidir.

Musa BAĞIRLI,

"Respublika".