Ermənistandakı hasilat mədənlərinin kosmik monitorinqinə dair hesabat təqdim edilib
Digər xəbərlər

Ermənistandakı hasilat mədənlərinin kosmik monitorinqinə dair hesabat təqdim edilib

Avqustun 25-də Ermənistan Respublikası ərazisindəki hasilat mədənlərinin kosmik monitorinqinə dair hesabatın təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, hesabatda Ermənistan ərazisində istismar olunan mədənlərin Ermənistanın, transsərhəd çaylar vasitəsilə Azərbaycanın, o cümlədən digər qonşu ölkələrin ekologiyasına ziyan vurması barədə ətraflı məlumat qeyd olunub.

Hesabatı təqdim edən "Sudan İstifadə Sahəsində Mütəxəssislər" İctimai Birliyinin sədri Amin Məmmədov Qafan, Voskedzor, Arcut, Yuxarı Vardanidzor, Meqhasar, Azatek, Armanis, Qaraberd, Meqradzor, Hankasar, Şamlux, Sotk, Amulsar, Aqarak, Tequt, Qaracan, Aygedzor, Liçk, Mqart, Sofi Binay, Dastakert, Razdan, Tuxmanuk, Mərcan və Liçqvay-Tey mədənlərindən çıxarılan polimetalın, qızılın, gümüşün, molibdenin, sinkin ətraf mühitə ciddi zərər vurduğunu, ekoloji fəsadlar yaratdığını diqqətə çatdırıb. Qeyd olunub ki, Ermənistanda mədən sənayesinə yatırılan investisiyanın həcmi artsa da, bu proses ekoloji vəziyyətin sürətli şəkildə məhvi ilə müşayiət olunur. Mədən sənayesində davam edən fəaliyyət region ölkələrinin ekoloji durumuna təsirsiz ötüşmür. Mədənlərin bir çoxunun su mənbələrinin yaxınlığında yerləşməsi ətraf mühit üçün zərərli hesab edilən kimyəvi tullantıların çaylara axıdılmasına gətirib çıxarır.

Bildirilib ki, transsərhəd su axınları hesabına Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 70 faizi qonşu ölkələrdə formalaşıb. Ermənistan coğrafi baxımdan Azərbaycandan keçən çayların hövzəsində yerləşdiyinə görə onun ərazisində həyata keçirilən mədən sənayesi üzrə hər hansı bir tədbir mütləq ekoloji baxımdan ölkəmizə təsir edir. Ermənistan "Espoo" konvensiyasının üzvü kimi ölkə ərazisində aparılan mədən fəaliyyəti barədə məsləhətləşməli və bir çox hallarda Azərbaycanın razılığını almalıdır. Razılıq əldə ediləndən sonra hansısa fəaliyyəti həyata keçirilməlidir.

Amin Məmmədov qeyd edib ki, bu mədənlərdə ətrafa yayılan tozlar və emal prosesində istifadə olunan kimyəvi maddələr həm hava yolu ilə, həm də su ilə respublikamızın ekologiyası üçün böyük təhlükə yaradır.

Digər çıxış edənlər bildiriblər ki, Ermənistan ərazisindəki hasilat mədənlərinin kosmik monitorinqinin nəticələri bu yataqların ölkəmiz üçün çox zərərli olduğunu göstərir. Qeyd olunub ki, faydalı ehtiyatların istismarı gəlirli sahə olsa da, ətraf mühitə mənfi təsir göstərir. Aktiv istismar zamanı emal mərhələləri çoxsaylı ekoloji problemlərlə müşayiət olunur. Bu tip ərazilərin monitorinqində kosmik metodlar geniş istifadə olunur. Hazırda müxtəlif peyklər Yer səthinin mütəmadi olaraq müxtəlif diapazonlarda təsvirlərinin əldə olunmasını təmin edir. Peyk təsvirlərinin geniş əhatə dairəsi, istənilən ərazi üçün məlumatların operativ əldə olunması, həmin məlumatların obyektivliyi kimi xüsusiyyətləri onları ətraf mühitin monitorinqində əvəzolunmaz vasitəyə çevirir. Müxtəlif dövrlərdə əldə olunmuş təsvirlərin müqayisəli təhlili ərazidə baş verən dəyişikliklərin aşkarlanmasına, dəyişmə dinamikasının və tendensiyasının müəyyən edilməsinə imkan verir.

Tədbir sual-cavab formatında davam edib.

Qeyd edək ki, sözügedən hesabat "Environmental Protection First" QHT koalisiyası tərəfindən Azərbaycan Respublikasının Kosmik Agentliyinin dəstəyi ilə hazırlanıb. Təqdimatda dövlət qurumlarının, beynəlxalq təşkilatların və səfirliklərin, QHT və media qurumlarının təmsilçiləri iştirak ediblər.