Baş Prokurorluqda media və vətəndaş cəmiyyəti ilə qarşılıqlı fəaliyyətə xüsusi önəm verilir
Digər xəbərlər

Baş Prokurorluqda media və vətəndaş cəmiyyəti ilə qarşılıqlı fəaliyyətə xüsusi önəm verilir

Dünən Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi və Mətbuat Xidməti tərəfindən "Cinayət təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrin müasir tendensiyaları" mövzusunda 2 gün davam edəcək treninqlərə başlanıldı. Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən tədbirdə QHT üzvləri və bir sıra media nümayəndələri iştirak edir.

Treninq Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov və Mətbuat Xidmətinin rəhbəri Saleh Hacıyev tərəfindən açıq elan edildi. Prokurorluq əməkdaşları media və vətəndaş cəmiyyəti institutlarının Baş Prokurorluğun Mətbuat Xidməti ilə qarşılıqlı fəaliyyəti çərçivəsində media nümayəndələrinə məlumat verdilər. Daha sonra Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərlinin təqdimatında Heydər Əliyevin ictimai-siyasi həyatını əks etdirən videoçarx nümayiş olundu.

Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Kənan Babazadə istintaq sirri təşkil edən məlumatlar və onların yayılmasının yaratdığı fəsadlar haqqında iştirakçılara ətraflı məlumat verdi, jurnalistlərin suallarını cavablandırdı. Real TV-nin baş direktoru Mirşahin Ağayev ölkəmizin informasiya sahəsində milli maraqları, bu sahədə olan təhdidlər və medianın məsələyə yanaşması barədə danışdı.

"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev isə vətəndaş cəmiyyəti ilə dövlət orqanlarının əməkdaşlığına ictimai nəzarət baxımından maarifləndirici fikirlər səsləndirdi. Sonda Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova sosial media və media savadlılığı haqqında danışdı.

Qeyd edək ki, 22-23 fevral tarixlərində keçirilən treninqdə iştirak edən əməkdaşlara sonda sertifikat təqdim olunacaq.

Nurlan ABDALOV,

"Respublika".