Fransanın Cənubi Qafqaza və Qarabağa müdaxilə cəhdləri
Digər xəbərlər

Fransanın Cənubi Qafqaza və Qarabağa müdaxilə cəhdləri

Fransanın Azərbaycana qarşı mövqeyi istər 44 günlük müharibədən əvvəl, istərsə də sonra BMT-nin beynəlxalq hüquq və normaları ilə ziddiyyət təşkil edib. Fransa hökuməti nə qədər dünyaya demokratiya dərsi keçməyə çalışsa da Xocalı soyqırımına, bir milyondan artıq azərbaycanlının öz dədə-baba torpaqlarından məcburi şəkildə erməni vandalları tərəfindən didərgin salınmasına göz yumub. Cənubi Qafqazda gedən sülhün bərpası prosesinə təkan vermək əvəzinə, yersiz bəyanatlarla çıxış edərək hadisələrin gedişatına mənfi təsir göstərir.

2020-ci il 27 sentyabr tarixində Azərbaycan ordusunun əks-hücum həmləsi ilə başlayan müharibədə "Prezident-xalq-ordu" birliyi Ermənistan üzərində tam qələbə qazandı. Müharibə başlar-başlamaz Fransanın riyakar mövqeyi özünü çox gözlətmədi. Müharibə dövründə Fransa senatının "Dağlıq Qarabağı" müstəqil dövlət kimi tanıması sözügedən hökumətin xarici siyasətinin növbəti fiaskosu idi. Çünki BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə Fransa dövləti də imza atıb, yəni Qarabağ dünya birliyi tərəfindən Azərbaycanın ərazisi kimi tanınıb. Lakin bu dövlətin belə mövqe ortaya qoyması heç kimə sirr deyil ki, erməni lobbi və icmalarının Fransadakı fəaliyyəti ilə bağlıdır. Böyük bir dövlətin xarici, xüsusilə, Qafqaz siyasəti erməni lobbisindən asılı hala düşüb. Fransada prezident seçkilərindən əvvəl namizədlərin Ermənistana və Azərbaycan ərazisi olan Xankəndiyə səfərləri əbəs yerə deyildi. Bütün bunlar Fransa vətəndaşları olan ermənilərin səsini qazanmaq üçün atılan addımlar idi. Valeri Pekressinin seçkilər ərəfəsində qanunsuz şəkildə separatçılarla görüşü regionda ehtiyatla gedən sülh prosesinə əngəl yaradır. Halbuki, ATƏT-in keçmiş Minsk qrupunun həmsədr dövlətlərindən olan Fransa münaqişəni həll etmək üçün neytral dövlət olmalı idi. Onsuz da Azərbaycanda nüfuzu gün-gündən aşağı düşən bu dövlətin hökumət səviyyəsindəki nümayəndələrinin səfərləri neytral mövqe deyil, açıq-aşkar tərəf nümayiş etdirməsidir.

Fransanın Qafqaz siyasəti Makron dönəmindən əvvəl də uğurlu olmayıb. Sabiq prezident Nikola Sarkozinin 2011-ci ildə Cənubi Qafqaza səfəri bir sıra təzadlarla yadda qalıb. O, Ermənistan Respublikasına səfəri zamanı soyqırımı memorialına əklil qoyub, Soyqırımı Muzey İnstitutuna baş çəkib, xatirə kitabına öz qeydlərini edib. Sonra prezident xiyabana küknar ağacı əkib. Lakin Azərbaycanda səfərdə olarkən Bakıda şəhidlərin uyuduğu xiyabana baş çəkməyib, mətbuat qarşısında Azərbaycanın ərazi bütövlüyü, Qarabağ və Azərbaycanın işğal edilmiş əraziləri barədə danışmayıb. Sarkozi Gürcüstana səfəri zamanı kifayət qədər maraqlı bəyanatlar verib. O, Tbilisidə Azadlıq meydanında minlərlə insan qarşısında çıxış edib. Sarkozi deyib ki: "Fransa Gürcüstanın ərazi bütövlüyünü, suverenliyini tanıyır və dəstəkləyir". Gürcüstanın NATO və Avropa İttifaqına inteqrasiya hüququ var və buna kənardan heç kim mane olmamalıdır. Həmçinin, osetin və abxaz xalqlarının gələcəklərinin gürcü xalqı ilə birgə olduğunu bildirib.

Qərəzli siyasətin bir parçası isə Fransa parlamentinin Aşağı palatasının Milli Assambleyasının yekdilliklə "Azərbaycanın Ermənistana təcavüzünün dayandırılmasını tələb edən" qərəzli qətnamə qəbul etməsi olub. Qətnamə layihəsinin müəllifləri Fransa prezidenti Emmanuel Makronun "Renessans" partiyasının üzvləri olmuşdur. Ancaq bu qətnamə də digərləri kimi kağız parçasından başqa bir əhəmiyyət daşımır. Fransanın Azərbaycan üzərində bu qədər basqı yaratmaq cəhdlərinin əsas səbəblərindən biri də Türkiyə-Azərbaycan qardaşlığıdır. Belə ki, Türkiyənin son dövrlərdə Cənubi Qafqazda artan nüfuzu bir sıra dövlətlərlə yanaşı, Fransanı da narahat edir. Türkiyə, keçmiş Dağlıq Qarabağ problemində haqlı olan Azərbaycanın maraqlarını üstün tutub, 44 günlük müharibə dövründə həm siyasi, həm mənəvi dəstəkçimiz olub. Xarici siyasətinin əsas prinsipi olan "Yurdda sülh, cahanda sülh" mövqeyi ilə çıxış edən qardaş ölkə Cənubi Qafqazda gedən sülh prosesinə, Azərbaycanın maraqlarına və beynəlxalq çərçivədə atılacaq addımlara hər zaman dəstək olacağını bildirib. Şuşa Bəyannaməsinin imzalanması ilə Qafqazda gedən proseslərdə söz sahibi olan Türkiyə dövləti çox təəssüf ki, Fransanın qısqanclıq damarının partlamasına səbəb olub. Fransanın antitürk, antiislam mövqeyi bu nüfuzu qəbul edə bilmir. Təsadüfi deyil ki, Türkiyənin qatı düşmənlərindən sayılan PKK-nın əsas dəstəkçilərindən biri də Fransadır.

Avropanın enerji böhranı keçirdiyi bir dövrdə, Fransanın Avropa İttifaqına etdiyi müraciətdə Azərbaycana embarqo qoymaq istəyi isə gülünc doğuran məqamlardan biridir. Enerji ixracatçısı olan, bir sıra meqa layihələrə imza atan Azərbaycana, bu gün Avropanın əvvəlki illərə nisbətən daha çox ehtiyacı var. Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyanın Avropanı qazla hədələdiyi bir dövrdə, bu, Azərbaycanın bazardakı mövqeyini daha da artırıb. Buna görə də Avropa İttifaqı Fransanın bu istəyini geri çevirib. Dövlət başçısı İlham Əliyev Fransanın Azərbaycana qarşı ədalətsiz mövqedə çıxış etməsindən əl çəkməli olduğunu öz çıxışlarında qeyd edərək deyib: "Biz Fransasız, Fransa da bizsiz yaşaya bilər... Bu, onların seçimidir. Əgər onlar ikinci bir erməni dövləti yaratmaq istəyirlərsə, bunu Fransa dövləti ərazisində etsinlər. Biz bu dövləti tanıyarıq".

Musa BAĞIRLI,

"Respublika".