Ermənistan XİN həqiqətləri təhrif edir
Siyasət

Ermənistan XİN həqiqətləri təhrif edir

Qədim yurd yerlərimizdə özünə dövlət quran, bununla kifayətlənməyib soydaşlarımızı tarixin müxtəlif mərhələlərində deportasiya və soyqırımına məruz qoyan ermənilər öz cinayətlərini gizlətmək üçün hələ də müxtəlif yalanlar, bəhanələr uydurmaqla məşğuldurlar. Riyakarlıq və ikiüzlü xislətə sahib olan ermənilərin xarakterləri dövlət siyasətinə də sirayət edib. Son dövrlərdə xüsusilə də İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı ittihamlar irəli sürən Ermənistan hakimiyyəti 90-cı illərdəki hadisələri də təhrif etməyi yaddan çıxarmır.

Ötən günlərdə Ermənistan XİN-in paylaşdığı məlumatda, guya 34 il bundan əvvəl Bakıda ermənilərin talan edilməsi, zorla köçürülməsi və etnik təmizlənməsi siyasəti kulminasiya nöqtəsinə çatıb, yüzlərlə insan öldürülüb, yaralanıb və sairə kimi cəfəng fikirlər qeyd olunub. Yalanlarına bir az da rəng qatan Ermənistan XİN bu hadisələr nəticəsində nə az, nə çox, düz yarım milyon erməninin qaçqın düşdüyünü də bildirib.

Lakin həmin illərə nəzər salsaq görərik ki, o ərəfədə Cənubi Qafqazda baş verən döyüşlərdən, xaos və kütləvi qaçqın axınından ən çox əziyyət çəkən məhz azərbaycanlılar olub. Ələlxüsus, 1990-cı ilin yanvar ayında Bakıda ermənilər deyil, azərbaycanlılar sovet qoşunları tərəfindən gülləbaran edilib. Heç şübhəsiz ki, qanlı Yanvar faciəsinin törədilməsində ermənilər də müstəsna xidmət göstəriblər. Amma bunu etiraf edib üzr istəmək əvəzinə, hər zaman olduğu kimi, yenə də özlərini məzlum, əzilən xalq kimi göstərməyi üstün tuturlar.

Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə "X" hesabında Ermənistanın bu addımına "Açıq ikiüzlülük: Ermənistan Yanvar faciəsi ilə bağlı faktları təhrif edir" sözlərilə cavab verib. O bildirib ki, Azərbaycanı deportasiya və etnik təmizləmədə ittiham etmək absurd olmaqla yanaşı, həm də Ermənistanın azərbaycanlılara qarşı sistemli etnik təmizləmə siyasətini ört-basdır etmək cəhdidir.

Əslində, Ermənistan hakimiyyəti ilk dəfə deyil ki, Azərbaycana qarşı bu cür şər-böhtan atır. Ötən il Qarabağda keçirilən antiterror tədbirlərindən sonra həmin əraziləri könüllü şəkildə tərk etdiyini deyən erməni əhalisindən fərqli olaraq, İrəvan rəsmiləri bir sıra beynəlxalq kürsülərdə bunu etnik təmizləmə adlandırırdılar. Amma BMT nümayəndələrinin Xankəndidə keçirdiyi baxış zamanı heç bir mülki infrastruktura ziyan dəymədiyini və yerli ermənilərə qarşı heç bir zor tətbiq edilmədiyini bəyan etdi. Bu açıqlamanın təkcə Azərbaycan tərəfindən deyil, həm də dünyanın ən nüfuzlu təşkilatı tərəfindən səsləndirilməsi Ermənistan və onun havadarlarının fiaskosu oldu.

Bakı ermənilərinin 90-cı illərdə Azərbaycandan getməsinə gəlincə, burada da ən böyük günah Ermənistan liderlərinin üzərinə düşür. Çünki onlar heç vaxt sadə ermənilərin taleyini düşünməyiblər. Tək dərd-sərləri siyasi ambisiyalar üzündən erməni etnik kimliyini vasitə kimi irəli sürmələri olub. Bu gün Ermənistan dövləti Bakıdan öz xoşu ilə köç edənləri qaçqın adlandırır. Halbuki vaxtilə ölkəmizdə yaşayan ermənilər, xüsusən də Bakı erməniləri Ermənistan-Azərbaycan münasibətlərinin alovlanmasının günahkarı kimi Ermənistan rəhbərliyini görüblər. Sumqayıtda ermənilərin əli ilə törədilən cinayətlər, onların da canına qorxu salıb və nəticədə Bakını tərk ediblər. Ona görə də indiyə kimi Ermənistan dövlətinə qəzəbi sönməyən Bakı erməniləri digər soydaşlarından fərqli olaraq, diaspor fəaliyyətində heç vaxt iştirak etməyiblər.

Ermənistan tarixçiləri və bəzi ictimai-siyasi xadimləri də bu məsələ haqqında danışarkən bildiriblər ki, 90-cı illərdə Bakıdan Ermənistana gələn ermənilər yerli əhali tərəfindən diskriminasiyaya məruz qalıblar, onları hər zaman "saxta erməni" obrazında görüblər. Digər bir məsələ də Bakı ermənilərinin əsasən ziyalı olmaları, istədikləri həyat tərzini ağır sosial-iqtisadi durumda olan Ermənistanda tapa bilməmələri olub. Buna görə də onların əksəriyyəti Rusiyaya, Ukraynaya və ABŞ-a getmək məcburiyyətində qalıblar. Bakı ermənilərini öz soydaşlarından fərqli edən digər xüsusiyyət də Qarabağ məsələsi ilə qətiyyən maraqlanmamaları olub. Onlar orada baş qaldıran separatçı addımlara heç vaxt dəstək verməyiblər. Hətta Vətən müharibəsində belə Bakı erməniləri Ermənistanın baş naziri Nikol Paşinyana məktub yazaraq Qarabağın işğalına son qoymağa çağırmışdılar.

Musa BAĞIRLI,

"Respublika".