Ermənistan xarici siyasətdə yeni yol axtarır
Siyasət

Ermənistan xarici siyasətdə yeni yol axtarır

Azərbaycan bütün dünyaya və Ermənistana öz geopolitik iradəsini qəbul etdirməyə nail oldu. Belə ki, Bakı "Laçın dəhlizi" termininin istifadə müddətinin sona çatdığını sübuta yetirdi. Laçın postunun qurulmasından sonra bu marşrut Azərbaycanın tam nəzarəti altında olan yola çevrildi.

Düzdür, Ermənistan və ermənipərəst dairələr Bakının Ağdam-Xankəndi yolu ilə bağlı layihəsinə müqavimət göstərməyə çalışdılar. Bunun üçün beynəlxalq məkanda bütün siyasi manipulyasiya imkanlarından istifadə etməyə cəhd göstərdilər. Lakin nəticə dəyişmədi. Bu məsələ Azərbaycanın müəyyən etdiyi şərtlər çərçivəsində həllini tapdı.

Artıq Ermənistan və onun beynəlxalq himayədarları da bu reallıqla barışmış kimi görünürlər. Ağdam-Xankəndi yolunun rəsmən fəaliyyətə başlaması da bunu birmənalı şəkildə təsdiqləyir. Belə ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin yükləri artıq Ağdam-Xankəndi yolundan keçməyə başlayıb. Və bu, önəmli bir prosesin həlledici mərhələsinə keçidin baş tutması anlamı daşıyır.

''Ağdam-Xankəndi yolunun açılması ilə Qarabağdakı erməni azlığının Azərbaycanın siyasi-hüquqi sisteminə inteqrasiya prosesi rəsmən start götürmüş oldu. Bu prosesin maksimum davam edə biləcəyi müddəti də indidən təxmin etmək mümkündür. Belə ki, 2025-ci ildə üçtərəfli anlaşmalar formal qüvvəsini rəsmən itirmiş olacaq. Bakı icazə vermədiyi təqdirdə, rus sülhməramlıları Azərbaycan ərazilərini tərk etmək məcburiyyətində qalacaqlar. Bu, o deməkdir ki, Qarabağda yaşamaq istəyən hər bir erməni 2025-ci ilə qədər Azərbaycan vətəndaşlığını qəbul etmək məcburiyyətindədirlər''. Bu fikri açıqlamasında politoloq Bilgehan ÖztÜrk deyib.

Politoloq vurğulayıb ki, Azərbaycanın lokal xarakterli antiterror tədbirləri nəticəsində erməni separatizmi və terrorizmi məhv oldu. İndi İrəvan Qarabağda yaşayan erməni azlığının Azərbaycan cəmiyyətinə inteqrasiyasına əngəl törətməkdən əl çəkməlidir. Düşünürəm ki, Qarabağ problemi həm cəbhədə, həm də masada həllini tapıb. Danışıqlar masasında Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını açıqlayıb. Hətta Rusiya Prezidenti Vladimir Putinin açıqlamaları da bunu təsdiq edir.

Bu gün hər kəs qəbul edir ki, Qarabağ Azərbaycan ərazisidir. Belə olan halda oradakı bütün yollar da Azərbaycanın nəzarətində olmalıdır. Bundan sonra Ermənistanın bölgədə təxribatlar yaradaraq Azərbaycana qarşı üstünlük əldə etməsi mümkün deyil. Bunları nəzərə aldığımız zaman Ermənistanın xarici siyasətdə yeni yol axtarışında olduğunu görürük. Hətta Ermənistan-ABŞ hərbi təlimlərinin kimə gözdağı verdiyi də açıq-aydın görsənir. Lakin bir reallıq da var, vəziyyətdən ən zərərli çıxan Ermənistan olacaq.

Belə bir zamanda Ermənistan NATO-ya

 üzv ola bilərmi sualına cavab verən B.Öztürk deyib ki, bu, qeyri-mümkündür. Çünki Ermənistan NATO nizamnaməsinə görə hazırkı mərhələdə alyansa üzv ola bilməz, Ermənistan Azərbaycanla müharibə vəziyyətindədir. Yəni tərəflər arasında sülh müqaviləsi imzalanmayıb. Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən Zəngəzur dəhlizinə dair Ermənistan öhdəliklərini yerinə yetirməyib. Burada Türkiyə faktoru da var. Türkiyə onsuz da İsveçrə, Finlandiyanın NATO-ya üzvlüyünə kifayət qədər problem yaratdı və bunun subyektiv səbəbləri var idi. İndiki məqamda Türkiyə Ermənistanın da NATO-ya üzv olmasını istəməyəcək. Ona görə ki, Türkiyə həm də Azərbaycanın rəsmən tanınan hərbi və strateji müttəfiqidir və Azərbaycanla bağlı məsələlərdə onun qərarlarına önəm verir.

Politoloq sonda deyib ki, Türkiyə regionun böhrandan çıxmasını və dünya iqtisadi proseslərinə qatılmasını arzulayır. Ankara, Bakı ilə İrəvan arasında sülh sazişindən əlavə, regionda bütün nəqliyyat xətlərinin açılmasını istəyir, Azərbaycanla Naxçıvan arasında Zəngəzur quru nəqliyyat dəhlizinin tezliklə istismara verilməsinin tərəfdarıdır. Beləliklə, Türkiyə ilə Azərbaycan arasında əlaqə Naxçıvan üzərindən təmin ediləcək.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.