Ermənistan üçün geridə qalan uğursuz ilin retrospektiv mənzərəsi
Siyasət

Ermənistan üçün geridə qalan uğursuz ilin retrospektiv mənzərəsi

2023-cü il Ermənistan üçün Azərbaycanın Qarabağda suverenliyini tam bərpa etməsi ilə bağlı ölkə daxilində bir sıra etiraz aksiyaları ilə yadda qalıb. Ötən il aprelin 23-də Laçında keçid-nəzarət məntəqəsinin qurulması Ermənistanın qərbə sığınma planlarına yeni “stimul” verdi və “humanitar böhran” şousunun əsasını qoydu. Sentyabr ayında Azərbaycan antiterror tədbirləri keçirməklə bölgədə separatizmin kökünü kəsdi. Bu səbəblərdən qisasçı fikirlərlə alışıb yanan ermənilər kütləvi şəkildə küçələrə axışaraq hakimiyyətin devrilməsinə cəhd göstərdilər. Lakin açıq-aydın görünürdü ki, Paşinyan 23 apreldən sonra Qarabağdan əlini tamamilə üzüb. Antiterror tədbirlərindən sonra isə baş nazirin həmin ərazilərin Azərbaycan torpaqları olaraq tanıdığı yönündə açıqlamaları da buna əyani sübut idi.

İrəvan 2023-cü il boyunca qəti qərar verə bilmədi. Sülh və sabitlik? yoxsa revanşizmə davam? Ermənistan il ərzində bu çətin seçim qarşısında qaldı. Amma onlar üçün 2023-cü ildə hökm sürən siyasi böhran sülh prosesinin imzalanması ilə səngiyə bilər. Ümid edilir ki, bu il Ermənistan illərdir davam edən münaqişəyə son qoymaq üçün Azərbaycanla sülh müqaviləsinin imzalanmasına müsbət yanaşacaq.

Ümumilikdə isə 2023-cü ildə Ermənistanda siyasi gərginlik və həll olunmamış məsələlər aktual olaraq qaldı. Qarabağ münaqişəsi nəticəsində Ermənistana artan etibarsızlıq hələ də hökm sürür. Ölkə daxilində isə hakimiyyət iddialı məhkəmə, polis və konstitusiya sahəsində bir sıra islahatlar həyata keçirilib. Buna baxmayaraq, ölkədə hüquq-mühafizə orqanları tərəfindən pis rəftar, sərbəst toplaşmaq azadlığına müdaxilə, məişət zorakılığı, əlilliyi olan insanlara qarşı ayrı-seçkilik, cinsi oriyentasiya və gender bərabərliyinə əsaslanan zorakılıq və ayrı-seçkilik də daxil olmaqla insan hüquqları ilə bağlı problemlər davam edib. Müxalifət başçıları baş nazir Nikol Paşinyanı ittiham edib, davamlı etiraz aksiyaları keçirib və onun istefasını tələb edib.

Bundan əlavə, Rusiyanın Ermənistanla münasibətləri onun regiondakı nüfuzunu daha da sarsıdıb. Son aylarda Ermənistan faktiki olaraq Rusiyanın müdafiə paktı əsasında onu qorumaq qabiliyyətinə inanmadığını bəyan edib və digər tərəfdaşlar axtarıb. Bu isə Ermənistanın bilə-bilə özünü regiondan təcrid etməsi ilə nəticələnib. Hazırda İrəvan demək olar ki, bütün regional tədbirlərdən məhrumdur. İl ərzində Qərbə fasiləsiz get-gəllər ölkəni marionet vəziyyətə salıb. Müstəqil siyasətdən uzaq yanaşmalar özünü həm daxili, həm də xarici sahədə büruzə verib. Xaricdə fəaliyyət göstərən erməni lobbisi faktiki olaraq, ölkəni uçuruma sürükləyib.

Bütün bunların fonunda, 2023-cü il Ermənistan üçün kifayət qədər uğursuz hadisələrlə yadda qalıb. Növbəti ildə isə sülh üçün Azərbaycan tərəfinin atdığı qətiyyətli addımlara real cavab verilməsə, eyni ssenari təkrarlanacaq. Ölkə tənəzzül dövründən çıxa bilməyəcək və sonu görünməyən başlanğıca qədəm qoyacaq.

Tacir SADIQOV,

“Respublika”.