Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır
Digər xəbərlər

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır

Hər iki ölkə 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər

"...Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var. Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu, müsbət hal kimi qiymətləndirilməlidir". Bu fikirləri Prezident İlham Əliyev bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.

Qeyd edək ki, 2022-ci il fevralın 6-da Praqada "Avropa siyasi birliyi"nin Zirvə Toplantısı çərçivəsində Ermənistan və Azərbaycan liderləri arasında keçirilən görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyilə Brüsseldə baş tutmuş əvvəlki görüşlərin davamı kimi dəyərləndirildi. Bu formatda keçirilən görüşlər müsbət dinamika ilə xarakterizə olunduğundan, Praqa görüşü də bu baxımdan istisna olmadı. Doğrudur, əvvəlki görüşlərdə tərəflərin mövqelərinin yaxınlaşdırılması istiqamətində müəyyən razılaşmalar əldə olunmuşdu. Praqa görüşündə isə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə əməli addımların atılması üçün xüsusi əhəmiyyətə malik olan bəyanat imzalandı. Bəyanata əsasən Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə istinad etməklə qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü və öz ərazisi üzərində suverenliyini tanıdıqlarını bir daha təsdiq ediblər. Postmüharibə dövrünün bu mərhələsində belə bir sənədin imzalanması isə sülh müqaviləsi, həmçinin sərhədlərin dəqiqləşdirilməsi, nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı növbəti addımların atılmasına əlverişli şərait yaradırdı.

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Toplantısı çərçivəsində "Avropada sülh və təhlükəsizlik" mövzusunda dəyirmi masada bir daha dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn rolunu qeyd etdi, həmçinin selektiv yanaşmaların kənara qoyulmasının önəmini diqqətə çatdırdı.

5 saatdan artıq çəkən və 2 hissədən ibarət olan görüşdə Azərbaycana qarşı hər hansı bir formada təzyiq cəhdinin qarşısı Prezident İlham Əliyevin qətiyyəti və prinsipiallığı nəticəsində növbəti dəfə uğurla alındı. Ən əsası İlham Əliyev, Nikol Paşinyan, Emmanuel Makron və Şarl Mişel arasında saatlarla davam edən danışıqlardan sonra qəbul edilən bəyanatda Makronun iştirakı ilə Nikol Paşinyan Azərbaycanın irəli sürdüyü 5 maddəlik prinsipi Avropa İttifaqı Şurasının da rəsmi iştirakı ilə qəbul etdi. Praqa bəyanatı müharibədən sonra tərəflər arasında ərazi bütövlüyü və suverenliyin əks olunduğu ilk sənəd kimi yadda qaldı. Bu isə o demək idi ki, Paşinyan himayədarının gözü qarşısında Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiq etdi. Bu, 30 ildən sonra İrəvanın "Dağlıq Qarabağın statusunu müəyyənləşdirən referendum" tələbindən imtina etməsi demək idi. Bununla Prezident İlham Əliyev görüşdən iki gün əvvəl Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışı zamanı dediyi: "Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyik" sözlərini beynəlxalq aktorların, güclərin gözü qarşısında Ermənistana və onun himayədarlarına qəbul etdirmiş oldu.

Hər iki ölkə 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqlədilər, ancaq bu, rəsmi İrəvanın manipulyasiyalara davam etməyəcəyi anlamına gəlmirdi. Çünki məhz 32 il əvvəl Alma-Ata Bəyannaməsindən sonra Ermənistan Azərbaycan ərazilərini işğal etmişdi. Alma-Ata Bəyannaməsi, yaxud Alma-Ata Müqaviləsi - MDB-nin məqsəd və prinsipləri, əsasları barədə bəyannamə idi. Sənəddə MDB-nin yaranması ilə SSRİ-nin mövcudluğunu dayandırdığına işarə edən Belovej razılığı təsdiqlənmişdi. Bəyannaməni 1991-ci il dekabrın 21-də prezidentlər Alma-Ata görüşündə imzalamışdılar.

Təəssüf ki, bəyannaməni imzalayan bütün respublikalar o zaman Ermənistanın işğalına səssiz qaldılar, onun cinayətlərini seyrçi qismində izləməklə kifayətləndilər. 44 günlük müharibədən əvvələ nəzər salsaq görərik ki, bu gün Alma-Ata Bəyannaməsinə sadiqliyini bildirən Ermənistan rəhbərliyi o vaxt "Qarabağ Ermənistandır, nöqtə" deyirdi.

Bəli, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadratkilometr ərazidə tanıyır. Prezident İlham Əliyev Çinin "China Media Group" media korporasiyasına müsahibəsində deyib: "Bu əraziyə Qarabağ və Ermənistan ərazisində olan səkkiz Azərbaycan anklavı da daxildir. Bu, əslində mühüm bəyanatdır. Bundan sonra qalır yeganə məsələ, bunu kağız üzərinə köçürmək və imzalamaqdır...".

Zümrüd QURBANQIZI,

"Respublika".