Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə möhtəşəm konsert təşkil olunub
Digər xəbərlər

Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə möhtəşəm konsert təşkil olunub

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Milli Olimpiya Komitəsinin (MOK) 30 illiyinə həsr olunmuş konsert proqramı olub.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə MOK-un baş katibi Azər Əliyev, Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos və dünyanın 15 ölkəsinin Olimpiya Komitələrinin prezidentləri, rəsmi şəxsləri "Olimpiya Mədəniyyəti və Təhsili Proqramı" (OCEP) pavilyonuna baxış keçirib.

OCEP proqramına daxil olan səkkiz məktəbin təmsil etdikləri ölkələrlə bağlı məlumat xarakterli pavilyonu qonaqların marağına səbəb olub.

Pavilyonda Bakı şəhəri A.Vəliyev adına 286 saylı tam orta məktəb Polşanı, E.Əliyev adına 162 saylı tam orta məktəb Yunanıstanı, Namiq Həmzəyev adına 238 saylı tam orta  məktəb Gürcüstanı, Y.Kovalyov adına 229 saylı tam orta məktəbi Slovakiyanı, 158 saylı tam orta məktəb  İtaliyanı, İlyas Əfəndiyev adına Elitar Gimnaziya Türkiyəni, Bakı Avropa Liseyi Yaponiyanı və Zaur Məmmədov adına 171 saylı tam orta məktəb Sloveniyanı təmsil edib.

Məktəblilər təmsil etdikləri ölkələrin Olimpiya çempionları, adət-ənənələri, mədəniyyəti və mətbəxi haqqında məlumatları qonaqlara təqdim ediblər. Pavilyona baxışdan sonra filarmoniyanın səhnəsində OCEP proqramının iştirakçısı olan İspaniyanı təmsil edın Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin möhtəşəm konserti olub. Konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

Konsertin sonunda isə Xalq artisti, MOK-un səfiri Tünzalə Ağayeva Azərbaycan Televiziyası və Radiosu Əfsər Cavanşirov adına "Bənövşə" uşaq xorunun üzvlərinin iştirakı ilə "Bizim Zaman" mahnısını ifa edib. Bu ifaya OCEP proqramına daxil olan 54 məktəbin şagirdləri təmsil etdikləri ölkələrin bayraqları ilə qoşulublar. Konsert proqramının OCEP-in dostluq, sülh ideyasını təbliğ edən sonluğunu qonaqlar ayaq üstə alqışlayıblar.

MOK-un 30 illik yubileyinə həsr olunan OCEP proqramı məktəblərinin xüsusi tədbirində proqramın tərkibində olan 54 məktəbin direktor, müəllim və şagirdləri də iştirak ediblər.

Qeyd edək ki, OCEP-i "Bakı-2019" Avropa Gənclər Olimpiya Festivalı dövründə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Beynəlxalq Olimpiya Komitəsi, Olimpiya Həmrəyliyi və Avropa Olimpiya Komitəsi, həmçinin Təhsil Nazirliyi və Festivalın Əməliyyat Komitəsi birgə təşkil edib. Proqramın Avropa Gənclər Olimpiya Festivalının yay-qış buraxılışlarında, Olimpiya Oyunları və hətta istənilən böyük idman tədbirləri çərçivəsində də icra olunması mümkündür.

AZƏRTAC