BMT səmərəsiz fəaliyyəti ilə davam edə bilməz
Siyasət

BMT səmərəsiz fəaliyyəti ilə davam edə bilməz

Qurumun öz qərarlarına hörmətsizliyi digər xalqlara münasibətdə də biganəlikdir

Bəşəriyyət yaranandan insan ədalət axtarışındadır. İkili standartların baş alıb getdiyi bu dünyada isə ədalət öz yerini çətin tapır. Qarabağ müharibəsinin başlanması, torpaqlarımızın hissə-hissə zəbt edilməsilə soydaşlarımız qaçqın və məcburi köçkünə çevrildilər, yurdsuz-yuvasız qaldılar. O zaman gözünü dünyanın sülhpərvər təşkilatlarına dikən Azərbaycan haqq səsimizi eşidib ədalətli bir qərar çıxaran hansısa quruma bizi bəlalardan xilas edəcək qüvvə kimi baxır, bütün əzabların tezliklə bitəcəyinə ümid edirdi. Elə dünyanın ən nüfuzlu qurumu olan Birləşmiş Millətlər Təşkilatını da o yerdə görürdük.

Hələ 1990-cı illərin əvvəllərində Azərbaycan Ermənistanın təcavüzünə məruz qalanda BMT-nin Təhlükəsizlik Şurası yekdilliklə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına öz dəstəyini ifadə etmiş və bütün işğalçı qüvvələrin ölkəmizin ərazilərindən çıxarılmasını tələb edən qətnamələr qəbul olunmuşdu. Təəssüf ki, o qətnamələr 30 ilə yaxın bir müddət ərzində icra edilmədi, elə kağız üzərində qaldı. Ermənistan bu nüfuzlu təşkilatın qərarlarını heçə saydı. 30 il ərzində işğalçı ölkə zəbt etdiyi torpaqlarda vandalizm aktı törətdi, etnik təmizləmə apardı, azərbaycanlıların geri qayıtmasının qarşısını almaq və bu ərazilərin ilhaqını təmin etmək məqsədilə beynəlxalq humanitar hüququ kobud şəkildə pozdu, o ərazilərdə qanunsuz məskunlaşma siyasətini həyata keçirdi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi işğala son qoydu, ərazi bütövlüyümüzü, suverenliyimizi, həmçinin BMT-nin qəbul etdiyi və icra edilməmiş qətnamələrini özü yerinə yetirdi. Ermənistan 10 noyabr üçtərəfli Bəyanatla üzərinə öhdəlik götürsə də, üç ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu tarixi sənəddə nəzərdə tutulan müddəaların yerinə yetirilməsindən boyun qaçırır. Belə ki, Ermənistan danışıqların imitasiyasına dair keçmiş təcrübəsinə sadiq qalaraq tez-tez təxribatlar törədir, gərginlik yaradır, sülh müqaviləsinin bağlanmasını ləngidir.

Maraqlıdır, bu müddətdə məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatı bir dəfə də münasibət bildirməyib, ancaq ötən il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ilə dövlət sərhədi boyunca genişmiqyaslı hərbi təxribatına Azərbaycan Silahlı Qüvvələrinin adekvat cavab verməsi məsələsi BMT Təhlükəsizlik Şurasının sentyabrın 15-də keçirilən iclasında müzakirəyə çıxarıldı. İclasda Ermənistanın BMT-dəki daimi nümayəndəsi cəfəng bəyanatlarla çıxış etdi. Ölkəmizin BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Təhlükəsizlik Şurasının iclasındakı çıxışında son eskalasiya barədə ətraflı məlumat verib erməni tərəfin uydurma təhrikli bəyanatlarına aydınlıq gətirdi.

Sentyabrın 22-də keçirilən BMT Baş Assambleyasının 77-ci sessiyasında Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə gülünc bəyanatlar səsləndirib. O, Ermənistanın regional siyasi kursunun, əslində nə qədər məkrli olduğunu ortaya qoyub. Paşinyan çıxışı zamanı sentyabrın 12-də dövlət sərhədində başlayan və bir neçə gün çəkən gərginlikdə Azərbaycanı ittiham edib. O, bizim əsgərlərin mülki əhaliyə atəş açdığını bildirib.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov sessiyadakı çıxışında deyib: "İki gün əvvəl biz  Ermənistanın baş nazirinin burada səsləndirdiyi bəyanatı dinlədik. Təəssüflər olsun ki, bu, erməni tərəfinin normallaşma əvəzinə, qarşıdurmanı davam etdirməyə niyyətli olduğunu nümayiş etdirən növbəti bir sübut oldu. Azərbaycan tərəfi öhdəliklərinə sadiqdir. Ümid edirik ki, Ermənistan nəhayət, konstruktiv şəkildə qarşılıq verəcək və danışıqlara səmimi şəkildə qoşulacaq...".

Azərbaycan Prezidenti İlham Əliyev hələ 2020-ci il sentyabrın 20-də BMT Baş Assambleyasının 75-ci sessiyasının nümayəndələri qarşısında müasir şərait nəzarətə alınmaqla beynəlxalq təşkilatlarda islahatların aparılması, BMT Təhlükəsizlik Şurası qətnamələrinin icrasını təmin edə biləcək mexanizmin tətbiqi, azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtması üçün səy göstərilməsi ilə bağlı çıxış etdi. Təəssüf ki, bu da bir nəticə vermədi, sentyabrın 27-də Ermənistanın növbəti təxribatlarına qarşı Azərbaycan Silahlı Qüvvələri əks-əməliyyatlara başladı. Elə ilk saatlardan düşmənin səddi yarıldı, ordumuz addım-addım irəlilədi. Bax onda BMT təşvişə düşdü.

Sentyabrın 28-də isə BMT-nin Baş katibi Antonio Quterreş başı alovlu şəkildə Azərbaycan Prezidenti İlham Əliyevlə videokonfrans keçirilməsinə təşəbbüs göstərdi. Azərbaycan Prezidenti münaqişənin yalnız beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında nizamlanmasının vacibliyini bu qurumun diqqətinə bir daha çatdırdı. Belə çıxır ki, BMT-nin baş katibi Antonio Quterreş ona sərf edən məsələlərdə daha "çevik" hərəkət edir. Bunu Laçın sərhəd-nəzarət-buraxılış məntəqəsinin fəaliyyətə başlamasından narahat olan ermənilərin qurduqları "tamaşalara" cənab baş katibin münasibətində də gördük.

Cənab A.Quterreş BMT özü də daxil olmaqla dünyaya beynəlxalq hüquq normalarına hörmət, ədalət dərsi keçən Azərbaycana "ağıl verməyə çalışır". Bütün bunlar əbəsdir. BMT öz nüfuzunu, ona olan etimadı, etibarı artıq çoxdan itirib. Öz qərarlarına, onun icrasına "dırnaqarası" baxan bir qurum indi bizə humanitar yolun açılmasını necə təklif edə bilir? BMT-nin öz qərarlarına biganəliyi digər xalqlara qarşı biganəlikdir.

İndi dünyanın bir çox yerlərində milli zəmində toqquşmalar baş alıb gedir. Hegemon dövlətlər zəif dövlətləri sıxışdırır, haqlarını tapdalayır. Bütün bu məsələlərdə məsuliyyət daşıyan bir qurum var: Birləşmiş Millətlər Təşkilatı. O da öz işinin öhdəsindən gəlmək istəmir. Hər halda nə istədiyini yaxşı bilir. Gərdişi-dövran isə belə davam edə bilməz!..

Zümrüd QURBANQIZI,

"Respublika".