Dünyaya Azərbaycan nümunəsi
Siyasət

Dünyaya Azərbaycan nümunəsi

Fevralın 7-də keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri uğurla yekunlaşdı. Xalq dairə və məntəqələrə axışaraq layiqli seçimini etdi və 2024-2031-ci illər üçün ölkə başçısı, Prezident İlham Əliyevə 5-ci dəfə etimad göstərdi. Seçki prosesi ilə bağlı sonuncu və yekun göstərilən hesabatda respublika üzrə seçicilərin 76.73 faizi (4 milyon 971 min 32 nəfər) səs verib. Prezident seçkiləri ilə bağlı mütəşəkkil qaydada aparılan qarayaxma kampaniyasına ən layiqli cavab da elə seçici fəallığı oldu ki, bu göstərici ölkəmizdə indiyədək keçirilən Prezident seçkiləri üzrə rekorddur. Seçki şəffaflığının qorunub saxlanılması, seçicilərin azad şəkildə səsvermə hüququndan istifadə etməsi yerli müşahidəçilərlə bərabər, xaricdən gələn qonaqların da diqqətindən yayınmadı. Azərbaycanın bütün ərazilərində ilk dəfə olaraq keçirilən prezident seçkiləri ilə bağlı xarici müşahidəçilərin rəyi müsbət oldu. Bu da onu deməyə əsas verir ki, İkinci Qarabağ müharibəsində Ordumuzun xüsusi döyüş taktikası ilə dünya hərb sisteminə nümunə olan Azərbaycan bu dəfə keçirilən seçki prosesi ilə bu ənənəni layiqincə davam etdirdi.

2024-cü ilin sonuna qədər Amerikada, Avropa və Asiya qitələrində 75-dən çox (prezident, parlament, bələdiyyə, qubernator, ştat, əyalət və s.) seçkilərin keçirilməsi planlaşdırılır ki, bu da Azərbaycan nümunəsindən yararlanmaq üçün ölkələrə geniş imkanlar yaradır. Ölkəmizin müttəfiq və sıx əlaqədə olduğu ölkələr arasında Türkiyədə bələdiyyə (31 mart), Rusiyada prezident və bələdiyyə (17 mart və 8 sentyabr), İranda parlament (1 mart), Avropa İttifaqında parlament (6-9 iyun), Gürcüstanda parlament və prezident (oktyabr ayı ərzində) və nəhayət, ABŞ-da prezident seçkilərinin (5 noyabr) keçirilməsi planlaşdırılır. Məhz ölkəmizdə keçirilən seçkilər bu dövlətlərə əsl örnək olacaq. Bəlkə də artıq bəzi ölkələr bu nümunədən bəhrələnmək üçün ilkin addımlar atmağa hazırlaşırlar. Əsl demokratik seçkilərə şahid olan dünya birliyinin Azərbaycanda prosesi izləməyə gələn nümayəndələrinin məmnunluğu bu fikirləri deməyə əsas verir. Onlar qeyd ediblər ki, seçiçilərin səsvermə hüququndan istifadə etmələri üçün tam şərait yaradılıb. Əvvəlki prezident seçkiləri ilə müqayisədə bu dəfə seçki komissiyalarının tərkibində qadınların sayında artım müşahidə olunub. Media nümayəndələrinin peşə fəaliyyətlərini rahat şəkildə həyata keçirmələri təmin olub. Müşahidəçilər seçki günü sona qədər prosesləri izləyib və məntəqələr üzrə qeydlərini aparıblar. Müşahidələr göstərir ki, əksər məntəqələrdə 85-90 faizə qədər seçici fəallığı izlənilib. Bu fəallıq, xüsusilə məcburi köçkün qəsəbələrində və işğaldan azad olunmuş ərazilərdə yerləşən məntəqələrdə müşahidə edilib.

Məntəqələrin açılışı, seçkinin yekunlaşması və səslərin hesablanması prosesləri müşahidəçilər tərəfindən rahatlıqla izlənilib. Seçki prosesi zamanı seçkilərin nəticələrinə təsir edəcək heç bir qayda pozuntusu aşkarlanmayıb. Bütün xarici qonaqların fikirlərinin eynilik təşkil etməsi ölkə başçısının göstərişi ilə həyata keçirilən mükəmməl seçki nümunəsinin bariz göstəricisidir.

Lakin Prezident İlham Əliyev təkcə seçkinin şəffaf keçirilməsi üçün atdığı qətiyyətli addım və göstərişləri ilə deyil, həm də dəfələrlə qələbə qazanan Lider kimi xalqın ona olan etimadını doğrultmaq nümunəsi ilə də digər dövlət başçıları arasında layiqli yer tutur. Seçkiqabağı yürütdüyü təşviqat kampaniyası zamanı dünya nümunəsində rast gəldiyimiz sürrealistik vədlərin əksinə, uğurlu inkişafın mahiyyətini nəzərə alan Prezident İlham Əliyev 20 il əvvəl ata vəsiyyətinə öz sadiqliyini nümayiş etdirdi. Xalqının firavan həyatı üçün bütün anti-demokratik qüvvələrlə əzmlə mübarizə aparan Lideri öz növbəsində xalq da yüksək qiymətləndirdi və "5-ci etimadını" nümayiş etdirdi. Bu baxımdan, dünya dövlətləri öz seçki proseslərinə Azərbaycan nümunəsini əlavə etməli, seçilmiş rəhbərə Prezident İlham Əliyev siyasətini aşılamalıdırlar. İrqindən, cinsindən, şəxsiyyətindən və mənsubiyyətindən asılı olmayaraq hər kəs Yer kürəsinin sülh və əmin-amanlıq içində, birgə yaşayışının ancaq Azərbaycan modeli ilə mümkünlüyünü anlamalıdırlar.

Tacir SADIQOV,

"Respublika".