Erməni lobbisinin oyuncağına çevrilən ABŞ Senatından reallıqlara qərəzli yanaşma
Siyasət

Erməni lobbisinin oyuncağına çevrilən ABŞ Senatından reallıqlara qərəzli yanaşma

Sentyabrın 14-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyətlə bağlı dinləmələr keçirilib. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kim senator Pat Rikettsin suallarını cavablayıb. O bildirib ki, Birləşmiş Ştatlar çalışır ki, Ermənistan Rusiyaya qarşı tərəfdaş olmaqla bağlı real qərar qəbul etsin.

Vaşinqton rəsmisinin sözlərinə görə, SSRİ-nin dağılmasından sonra Ermənistan Rusiyanın təhlükəsizlik sahəsində mühüm tərəfdaşa çevrilib, burada Rusiyanın hərbi bazası yerləşir. Ermənistan KTMT-nin də üzvüdür və əsasən Rusiyanın Qarabağın təhlükəsizliyində oynadığı rola görə Moskva ilə münasibətlərinə böyük önəm verir. Lakin Rusiyanın 2020-ci il münaqişəsinə qarışmaq istəmədiyini nəzərə alsaq, Ermənistanın Rusiya ilə uzunmüddətli tərəfdaşlığına şübhə etməyə başladığı və Qərbə meyil etdiyi görünür.

Bu ayın əvvəlində Ermənistanın baş naziri bildirib ki, Rusiyaya olan ümidlər tam olaraq özünü doğrultmur. Məsələ ondadır ki, Rusiyanın öz ordusunu silahlandırmaq problemi var. Ermənistanın Baş nazirinin sözlərinə görə, təhlükəsizlik məsələlərində bir tərəfdaşa güvənmək strateji səhvdir. Bundan sonra Ermənistan ilk dəfə olaraq Ukraynaya humanitar yardım göndərib. Bu həftə Ermənistanda erməni-amerikan hərbi təlimləri başlayıb. Bu, Kreml üçün açıq-aşkar və həyəcanverici dəyişiklikdir. Yuri Kim bildirib ki, bu məqamda Ağ Evin Ermənistana dəstəyi vacibdir. Məlum məsələdir ki, ABŞ ilə Rusiya arasında fərqli regionlarda gedən nüfuz mübarizəsi artıq Cənubi Qafqaza da sıçrayıb. Senatdakı bu açıqlamalarla da Ağ Ev bir növ Ermənistanı 2 qütb arasında seçim etməyə və qərarını rəsmi şəkildə elan etməyə səsləyib.

Sözsüz ki, bu açıqlama Rusiya tərəfindən narazılıqla qarşılanıb. Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski bildirib ki, ABŞ Senatında Ermənistana təhlükəsizlik sahəsində dəstək ilə bağlı bəyanatlar Cənubi Qafqazda anti-Rusiya tramplininin yaradılmasına yönəlib. O qeyd edib ki, Kiyevə də analoji yardım təklif olunmuşdu, amma indi Ukrayna öz suverenliyini və bir çox vətəndaşını itirərək Ağ Evin marionetinə çevrilib. Moskvadan verilən bu açıqlama İrəvanın qərblə yaxınlaşmasının davamlı olacağı təqdirdə, müəyyən tədbirlər görəcəyinə işarə edir. Bu ehtimal Vaşinqtonda da yüksək qiymətləndirilir. Buna görə də, Yuri Kim Senatdakı çıxışında bildirib ki, ölkəsi Ermənistana müdafiə və təhlükəsizlik sahəsində məqbul olan dəstəyi verməlidir ki, İrəvan istədiyi dönüşü etsin. Bu isə Ermənistana amerikan istehsalı silah-sursatın daşına biləcəyi ehtimalından xəbər verir ki, bu da Cənubi Qafqaz üçün təhlükəlidir. Çünki Paşinyan hökuməti Ağ Evin dəstəyindən bəhrələnməklə, Azərbaycana təsir göstərməyə, təzyiq etməyə cəhd edə bilər.

Öz növbəsində, ABŞ Senatında Azərbaycan rəhbərliyinin ünvanına da dəfələrlə ittihamlar səsləndirilib. Qarabağa "Artsax" deyən, 2020-ci ildə erməni Nadine Arslaniyanla evlənən, hazırda korrupsiya qalmaqalına görə istintaq altında olan senator Bob Menendez deyib ki, İlham Əliyev Qarabağ ermənilərini aclıqla və ya aclıq təhlükəsindən doğan ölümlə özünə, öz iradəsinə tabe etmək cəhdində olduğu üçün dəhlizi açmaq istəmir. Senator onu da qeyd edib ki, "Laçın dəhlizi" bağlanana qədər hər gün oradan 120 yük maşını keçib. Əlbəttə, say haqqında nəsə demək çətindir. Ancaq dəqiq olan odur ki, Ermənistan, Rusiya və İranın yük maşınları heç bir yoxlamadan keçmədən Qarabağa girib-çıxırdı. Qarabağın ermənilər yaşayan ərazisi faktiki olaraq Azərbaycanın nəzarətindən kənarda qalmışdı. İndi isə hər şey nəzarət altındadır və bu, erməniləri narahat edir. Ona görə də Bob Menendez erməni xisləti ilə bəyanat verir. Təbii ki, dinləmələr zamanı senator Bob Menendezin bu kimi sərsəm fikirlərinə tutarlı cavab verən olmayıb. Amma Azərbaycan Xarici İşlər Nazirliyi bu səssizliyi dərhal pozdu. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirdi ki, ilk növbədə, qeyd olunan dinləmələrin təşəbbüskarı və təşkilatçısının ölkəmizə qarşı ənənəvi düşmən mövqeyi ilə seçilən, ermənipərəst senator Robert Menendez olduğu məlumdur. Sözügedən senatora qarşı korrupsiya ittihamlarının mövcud olduğu və istintaq prosesinin aparıldığı bir dövrdə, bu şəxsin hələ də erməni diasporunun radikal nümayəndələrinin saxta iddialarını əsas götürməklə Azərbaycana qarşı fəaliyyətlə məşğul olması qeyd edilən şəxs üçün siyasi etik qaydaların yad məfhum olduğunu növbəti dəfə sübut edir. Digər tərəfdən, onun bu fikirləri 1 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ABŞ dövlət katibi Entoni Blinken arasında təmaslar zamanı Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni vaxtda istifadə məsələsində razılaşma ilə ziddiyyət təşkil etməklə yanaşı, təəssüf ki, özündə Ermənistanın Azərbaycana qarşı bütün dünyada qarayaxma kampaniyasının elementlərini ehtiva edir. ABŞ tərəfinin də vasitəçiliyi ilə icra edilməsi nəzərdə tutulan bu razılaşmanın Ermənistan və onun yaratdığı qondarma rejim tərəfindən pozulması və bununla "blokada və humanitar vəziyyət" ilə bağlı iddiaların əsassız olduğu ABŞ tərəfinə yaxşı məlumdur. XİN-in bəyanatında o da qeyd olunub ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə bağlı "Dağlıq Qarabağın erməni xalqı"nın hüquq və təhlükəsizliklərinin sülh müqaviləsində öz əksini tapmasına istinad edilməsi, özündə Ermənistanın məqsədyönlü şəkildə ərazilərimizdə separatizmi təşviq məqsədilə istifadə etdiyi terminologiyanı ehtiva etməklə ərazi bütövlüyümüz və suverenliyimizə ziddir. Eyni zamanda bu istinad Ermənistanın etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində həmin bölgədən didərgin düşən azərbaycanlıların da hüquqlarına hörmətsizlikdir. Hazırda Qarabağ bölgəsində yaşayan erməni sakinlərin heç də həmin bölgənin əhalisinin bütün seqmentlərini təmsil etmədiyini qarşı tərəfə xatırlatmaq istərdik. Yekunda Xarici İşlər Nazirliyi ABŞ tərəfinin timsalında beynəlxalq ictimaiyyətə, Ermənistanın qarayaxma kampaniyasına uymayaraq, bölgədə qeyri-sabitliyə töhfə verən bu kimi addımların bir parçası olmamağı tövsiyə edib. Bu da haqlı yanaşmadır. Çünki ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller cümə axşamı keçirilən brifinqdə deyib ki, Dövlət Departamentinin xüsusi nümayəndəsi Luis Bono regionda səfərdədir və Laçın dəhlizinin açılması, həmçinin gələcəkdə məsələnin dinc həllinə nail olunması üzərində işləyir. Amma məlum məsələdir ki, bu səfər nəticəsiz qalacaq. Çünki rəsmi Vaşinqtonu maraqlandıran sülh deyil, qazana biləcəyi siyasi dividendlərdir. Buna görə də, Bayden Administrasiyası Cənubi Qafqazda sülhün "regionu dəyişdirmək və ABŞ-ın maraqlarını təşviq etmək" potensialına malik olduğuna inanmaqda davam edir. Bunu da postmüharibə dövrünün reallıqlarını görməzdən gələrək edir. Birləşmiş Ştatlar hətta Azərbaycanın qalib mövqeyinə də zərbə vurur, ciddi cəhdlə Qarabağdakı xunta rejimini leqallaşdırmağa çalışır. 9 sentyabrda Xankəndidə keçirilmiş "seçki"lər də ABŞ riyakarlığının təcəssümüdür. Həmin vaxt xarici ölkələr və aparıcı təşkilatlar bu "seçki"lərin qanunsuz olduğunu bildirsə də, ABŞ səssiz qalmışdı. Amma o zaman Ağ Ev necə təzyiqlərə məcbur qalaraq Yuri Kimin diliylə bu "seçki"ni tanımadığını açıqlamışdısa, indi də bənzər addım atacaq. Rəsmi Bakının haqlı etirazı Bayden hökumətini geri addım atmağa sövq edəcək. Beləliklə, bu dəfə də ABŞ Dövlət Departamentinin rəsmisinin, eləcə də dinləmələrdə iştirak edən ermənipərəst konqresmenlərin "ucuz şou"su fiaskoya uğrayacaq.

Jalə QASIMZADƏ,

"Respublika".