Əməkdaşlığın üfüqləri müsbət məcrada genişlənir
Siyasət

Əməkdaşlığın üfüqləri müsbət məcrada genişlənir

Cənubi Qafqazın lideri olan Azərbaycan regional, eləcə də beynəlxalq miqyasda əməkdaşlıq əlaqələrini daim genişləndirir.

Bu, qüdrətli dövlətimizin siyasi iradəsinin göstəricisidir. Ölkəmizin müxtəlif dövlətlərlə qurduğu münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanır. Dünya düzənində xüsusilə Slovakiya kimi ölkələrlə münasibətlərin yeni mərhələyə yüksəlməsi məhz sözügedən prosesin məntiqi davamıdır. Azərbaycan-Slovakiya münasibətlərinin strateji səviyyəyə çatdırılması üçün böyük əhəmiyyət kəsb edən qərarların, sənədlərin qəbul edilməsi perspektivdə daha uğurlu əməkdaşlığa imkan yaradır.

Azərbaycan-Slovakiya münasibətləri məhz hər iki ölkənin müstəqillik əldə etməsindən sonra qurulub. 31 dekabr 1992-ci ildə Çexiya və Slovakiya respublikaları bir-birindən ayrılıb və 1 yanvar 1993-cü ildə Slovakiya müstəqilliyini elan edib. Azərbaycanla Slovakiya arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə yaradılıb. 2000-ci ilin fevralında Slovakiyanın xarici işlər naziri Eduard Kukan Azərbaycana səfər edib və 1 fevral 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Eduard Kukan başda olmaqla nümayəndə heyətini qəbul edib. Cənab Prezident İlham Əliyevin hakimiyyətinin ilk illərindən etibarən münasibətlərin daim inkişaf etdirilməsi diqqətdə saxlanılıb. Xüsusilə münasibətlərin genişlənməsində ölkə başçımızın Slovakiya Respublikasına səfəri böyük rol oynayıb. 18 mart 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına işgüzar səfəri çərçivəsində bir sıra beynəlxalq təşkilatların və xarici ölkələrin rəhbər şəxsləri ilə görüşlər keçirilib. Məhz bu əlaqələr dövlətlərarası münasibətlərin inkişafında müsbət təsir göstərib. Digər tərəfdən, iki ölkənin parlamentləri arasındakı dialoqun möhkəmlənməsi məqsədilə iki ölkə arasında münasibətlər yüksək səviyyəyə qalxıb, parlamentlərarası əlaqələr inkişaf etdirilib.

Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfərə gəlməsi iki ölkə arasında əlaqələrin dinamik inkişafı üçün olduqca böyük əhəmiyyət kəsb edir. Qeyd edək ki, bu, baş nazirin respublikamıza birinci səfəridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə geniş tərkibdə keçirilən görüşdə hər iki ölkə arasındakı əlaqələrin yeni səhifəsini olduqca yüksək qiymətləndirib. Səfər çərçivəsində Slovakiya-Azərbaycan əlaqələrinin perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Ölkə başçımız bildirib: "Biz indi təkbətək görüşdə bir çox önəmli məsələləri müzakirə etdik. Slovakiya-Azərbaycan əlaqələrinin perspektivləri haqqında fikir mübadiləsi apardıq və biz bir fikirdə həmrəyik ki, bu əlaqələrin çox gözəl gələcəyi var. Həm siyasi, həm iqtisadi, enerji, sənaye istehsalı sahələrində əməkdaşlığın perspektivləri çox müsbətdir". Qeyd edək ki, hər iki ölkənin iqtisadi, siyasi və sosial həyatında əhəmiyyətli olan "Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə" imzalanıb.

Ölkəmizin etibarlı tərəfdaş olması ilə yanaşı, təhlükəsiz enerji ixracatçısı, qlobal əhəmiyyətli layihələrin təşkilatçısı və iştirakçısı kimi nüfuzu daha da artır. Bununla yanaşı, ölkəmiz qlobal proseslərin həlli istiqamətində aparılan müzakirələr üçün uğurlu platforma kimi tanınır. Məhz bu səbəbdən, "qoca qitə"nin artan marağı fonunda bir sıra dövlətlərlə, xüsusilə Slovakiya kimi strateji tərəfdaş ölkələrin Azərbaycana marağı olduqca təbiidir. Yeri gəlmişkən qeyd edək ki, baş nazirin ölkəmizə səfəri çərçivəsində iki ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib. Xüsusilə, iqtisadi sahədə əldə ediləcək dividendlər hər iki ölkə üçün olduqca böyük əhəmiyyət kəsb edir.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO və Slovakiyanın İnvestisiyalar və Ticarətin İnkişafı Agentliyinin (SAIRO) birgə təşkilatçılığı ilə Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunda iki ölkənin rəsmiləri ilə yanaşı, müdafiə sənayesi, İKT, maliyyə və logistika sahələrini təmsil edən 90-dan çox şirkət nümayəndələri də iştirak edib. Tədbirdə Azərbaycanla Slovakiya arasında investisiya imkanlarının dəyərləndirilməsi, biznes subyektləri arasında əməkdaşlığın və qarşılıqlı sərmayələrin təşviqi barədə müzakirələr aparılıb. Həmçinin iki ölkə arasında ticarət dövriyyəsinin artırılması və əməkdaşlığın diversifikasiyasının əsas məqsədlərdən olduğu qeyd edilib və bu müstəvidə təşkil olunan biznes forumların iqtisadi-ticarət münasibətlərinə mühüm töhfə verdiyi vurğulanıb.

Avropanın etibarlı enerji təminatçısı olan Azərbaycanla bu sahədə əməkdaşlığı genişləndirmək demək olar ki, bütün ölkələrin gündəliyində yer alır. Eynilə strateji tərəfdaş olan Slovakiyanın da enerji təminatı ilə bağlı narahatlığı ölkəmiz tərəfindən aradan qaldırıla bilər. Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso mətbuata bəyanatlarla çıxışı zaman ölkə başçımız bir çox sahəyə toxunduğu kimi, bu məsələyə də aydınlıq gətirib: "Təbii ki, bu gün energetika sektorundakı əməkdaşlıq çox geniş müzakirə edilmişdir. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ümidvaram ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında "Həmrəylik Halqası" adlanan sənəd imzalanmışdır və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır". Məlumdur ki, Avropaya enerji təchizatı 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Qeyd edək ki, bu, Azərbaycanın ümumi qaz ixracının yalnız 50 faizini təşkil edir. Perspektivdə isə ölkəmizin hədəfləri arasında 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi dayanır. Nəzərə almaq lazımdır ki, yeni qaz yataqları ölkə ərazisində kəşf edilir və bu çərçivədəki potensialımız olduqca yüksəkdir. Bu da öz növbəsində müxtəlif ölkələrlə enerji sahəsindəki əməkdaşlığın genişlənməsinə şərait yaradır. Qeyd etmək yerinə düşər ki, ötən il dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev, Serbiya Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Prezidenti Rumen Radevin iştirak etdiyi mərasim bir daha Avropanın enerji təminatında ölkəmizin rolunu diqqət mərkəzinə gətirdi.

Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri təkcə iqtisadi, siyasi və sosial sahələrdəki əməkdaşlığın dərinləşməsi ilə yadda qalmadı. Həm də müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması məsələsində də iki ölkə arasında razılaşma əldə olundu. Belə ki, "Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş"in imzalanması hərbi sahədə əldə ediləcək uğurlara daha da təkan verir. Məhz mətbuata bəyanatlarla çıxış zamanı ölkə başçımız bildirib: "...bu gün imzalanan sənədlər arasında müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılmışdır və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verilmişdir".

Ümumiyyətlə, imzalanan sənədlər hər iki ölkənin müsbət inkişafı üçün əsaslı yol xəritəsi olacaqdır. İqtisadi, siyasi, sosial və hərbi sahədə yaradılan münbit mühit Azərbaycan-Slovakiya əlaqələrini daha da möhkəmləndirəcək.

Nurlan ABDALOV,

"Respublika".