Razılaşmalar yerinə yetirilməlidir
Siyasət

Razılaşmalar yerinə yetirilməlidir

Cənubi Qafqazda hökm sürən gərginliyin fonunda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması gözlənilir. Lakin sülh çağırışlarına biganə yanaşan Ermənistandan zaman-zaman müsbət impulslar alsaq da, mütləq sülhün əldə olunması üçün qarşıda həllini gözləyən məsələlər var. Sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların bərpası, dəqiq mina xəritələrinin Azərbaycana təhvil verilməsi kimi problemlər öz aktuallığını qoruyur.

Qeyd etmək lazımdır ki, sülh prosesi çərçivəsində Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən kommunikasiyaların bərpa edilməməsi Ermənistanın məsuliyyətdən boyun qaçırdığını əyani sübut edir. 30 ildən çoxdur blokada şəraitində olan Naxçıvan bu gün də ciddi çətinliklərlə üzləşir. Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olmayaraq davam edən prosesə hələ də qlobal güclər tərəfindən lazımi qiymət verilmir. 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndinə əsasən Zəngəzur dəhlizi layihəsi reallaşmalı, Ermənistan bütün kommunikasiyaları bərpa etməli idi. Lakin Paşinyan rejimi hələ də bu öhdəlikləri yerinə yetirmir. Nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizi Mərkəzi Asiya və Avropanın inteqrasiyası və regionun inkişafı üçün açar rolunu oynayır. Belə olduğu halda, Ermənistan hələ də məsələləri dondurmağa çalışır.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung" qəzetinə müsahibəsində qeyd edib ki, önəmli olan Ermənistanın həqiqətən də bu layihədə maraqlı olub-olmamasıdır. Xoşniyyətli istək olduqdan sonra texniki məsələlər yaradıcı təfəkkür vasitəsilə tapıla bilər. Velosiped icad etməyə ehtiyac yoxdur. Ermənistandan keçən marşrut İrəvanın öhdəliyidir və onlar buna əməl etməlidirlər. Başqa sözlə, "Pacta sunt servanda" (Razılaşmalar yerinə yetirilməlidir). Beynəlxalq təcrübənin və humanitar prinsiplərin də Ermənistandan Naxçıvanı blokadaya almağı dayandırmağı tələb etdiyini bildirən Hikmət Hacıyev Ermənistanın heç bir səy göstərmədiyini də qeyd edib.

Dövlət rəsmisinin alman nəşrinə müsahibəsindən bir daha aydın olur ki, sülh prosesindəki lokomotiv, regional maraqları qoruyan, sağlam qonşuluq münasibətlərinin formalaşması istiqamətində addım atan ölkə məhz Azərbaycandır. Ermənistanın destruktiv mövqeyi isə sadəcə qarışıqlıq yaradır. Təsadüfi deyil ki, regional lider dövlət olaraq Azərbaycan bu kimi proseslərdə daim diktə edən tərəf kimi çıxış edir. Zəngəzur dəhlizi kimi qlobal əhəmiyyət daşıyan bir layihəyə biganə qalmaqda davam edən Ermənistan Avropa və Asiya ölkələrini də mühüm marşrutdan məhrum edir. Bu gün dünyada hökm sürən xaotik geosiyasi vəziyyət fonunda Avropa və Asiya ölkələrinin iqtisadi, ticari əməkdaşlığının Zəngəzur dəhlizinin reallaşması ilə birlikdə güclənəcəyi şübhə doğurmur. Bu çərçivədə layihənin ərsəyə gətirilməsi istiqamətində həyata keçirilən proseslər davam edir. Azərbaycan ərazilərində Zəngəzur dəhlizinin tərkib hissəsi olacaq avtomobil və dəmir yollarının inşası sürətlənir.

Tarixi nəqliyyat marşrutlarının bərpası ticarət dövriyyəsi üçün mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, geosiyasi və geoiqtisadi proseslərin qovşağında yerləşən Azərbaycanın mühüm nəqliyyat habı olması ona olan diqqəti də artırmaqdadır. Ölkəmiz artıq Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycan hazırda mühüm nəqliyyat və logistika qovşağı kimi böyük üstünlüyə sahibdir. Zəngəzur dəhlizi regionda strateji tranzit marşrutudur və regionun siyasi, iqtisadi və təhlükəsizlik dinamikasında mühüm rol oynamaq potensialına malikdir. Dəhliz Naxçıvanı Azərbaycana birləşdirərək regional əməkdaşlığı və iqtisadi inteqrasiyanı təşviq etməklə yanaşı, enerji siyasəti və strateji təhlükəsizlik baxımından da mühüm əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin qitələrarası əhəmiyyəti isə Çinin son illərdə artan iqtisadi nəqliyyat şəbəkəsinə alternativ təşkil edir. Bu proses Çindən gələn malların Türkiyənin şərq vilayətlərinə, oradan da Aralıq dənizi və ya İstanbul boğazları vasitəsilə Avropaya daşınmasını vəd edir. Qeyd edə bilərik ki, yaxın perspektivdə Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiyanın fonunda Zəngəzur dəhlizi Avropa və Asiya qitələri arasında önəmli ticarət marşrutu kimi çıxış edə bilər. Həmçinin Zəngəzur dəhlizi Süveyş kanalından keçən dəniz yoluna alternativ olacaq. Şərqdən gələn yükdaşımalar üçün məsafələr olduqca qısalacaq. Daha qısa marşrut daha ucuz yol deməkdir. Əgər qlobal güclər güzəştli tranzit şərtlərini razılaşdıra bilsələr, Avropa və Mərkəzi Asiya arasında iqtisadi nəqliyyat qovşağının daha bir seqmenti işə düşəcək.

Zəngəzur dəhlizi türk dünyasının nəqliyyat və logistika imkanlarını da artıracaq. Dəhliz Türkiyə və Azərbaycan arasında strateji əhəmiyyətə malik coğrafi bölgə kimi də diqqəti cəlb edir. Vurğulamaq yerinə düşər ki, Zəngəzur dəhlizinin yaradılması prosesi hələ Sovet İttifaqı dönəmində, Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində dünya ictimaiyyətinin diqqətini cəlb etmişdir. Belə ki, Ulu Öndər Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü olan zaman Mehridən keçən Naxçıvan-Bakı avtomobil yolunun inşasına başlanılmışdı. Ermənilər bu layihəni türklərin birləşməməsi üçün dəstəkləmir, qarşı çıxırdılar. XXI əsrdə hələ də Naxçıvanla həyati əlaqənin yaradılmasına qarşı çıxanlar anlamalıdırlar ki, regiona, qonşuluq münasibətlərinə xəyanət etməklə əldə olunan dividend keçiçidir.

Düşmənin qeyri-obyektiv yanaşmasına paralel olaraq rəsmi Bakı göstərdi ki, Ermənistan tərəfinin öz öhdəliyini yerinə yetirməyə hazır olmasını və kommunikasiya marşrutlarımızı şaxələndirmək üçün hər fürsətdən istifadə etməsini gözləmək niyyətində deyilik. Xatırladaq ki, ötən il oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu" çərçivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirildi və bu çərçivədə işlər sürətlə aparılır. Bu isə o deməkdir ki, qarşıda duran problemin həlli istiqamətində Ermənistanın yanaşmasının mahiyyəti azalır.

Nurlan ABDALOV,

"Respublika".