Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyənin Əmək Müfəttişliyi Qurumunun nümayəndə heyəti ilə görüş olub
Məlumat

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyənin Əmək Müfəttişliyi Qurumunun nümayəndə heyəti ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin Əmək Müfəttişliyi Qurumunun rəhbəri Bekir Aktürkün başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. 

"Respublika" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, nazirin müavini Anar Kərimov Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin iki qardaş ölkənin dövlət başçılarının birgə səyləri nəticəsində bütün sahələrdə uğurla inkişaf etdiyini, əlaqələrin müttəfiqlik səviyyəsində olduğunu vurğulayıb. İki ölkənin əmək, məşğulluq və sosial müdafiə sahələrində də əməkdaşlığının daim genişlənməkdə olduğu bildirilib. 

Azərbaycan  Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında 2022-2023-cü illər üzrə Tədbirlər Planına uyğun olaraq, iki Nazirlik arasında əməyin mühafizəsi və əmək müfəttişliyi sisteminin təkmilləşdirilməsi istiqamətində də fəal əməkdaşlığın, təcrübə mübadilələrinin həyata keçirildiyi diqqətə çatdırılıb. 

Ölkəmizdə son illər aparılan sosial islahatlar, innovativ həllərin tətbiqi işləri və əldə olunan uğurlardan bəhs olunub. “Əmək və Məşğulluq” altsisteminin əhəmiyyəti qeyd edilib, əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar barədə məlumat verilib. Yeni Əməyin Mühafizəsi Mərkəzinin iş yerlərində əməyin mühafizəsi normalarının tətbiqində işəgötürənlərə dəstək göstərilməsi məqsədinə xidmət etdiyi bildirilib.
 
B.Aktürk iki qurum arasında uğurlu əməkdaşlıq təcrübəsinin olmasından məmnunluq ifadə edib. O, islahatlar prosesində fəal təcrübə mübadilələrinin qarşılıqlı faydalı olduğunu bildirib. Görüşdə əməyin mühafizəsi və təhlükəsizliyi, əmək müfəttişliyinin fəaliyyətinin təkmilləşdirilməsi sahələrində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində nümayəndə heyəti üçün Xidmətin fəaliyyətinə və  “Əmək və Məşğulluq” altsisteminə dair təqdimatlar edilib, təcrübə mübadilələri aparılıb.