Ekofəalların həyəcan təbili
Digər xəbərlər

Ekofəalların həyəcan təbili

Onlar həm də ekoloji tarazlığı pozulmuş dünyamızı qorumağa çağırırlar

"Ekoloji terrora son!". Artıq iki aya yaxındır ki, Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəallar məhz bu şüar altında etiraz aksiyası keçirir. Özü də dinc, rahat şəkildə, heç kəsə, hec nəyə zərər toxundurmadan, maneə yaratmadan. Tək istəkləri torpaqlarımızda törədilən ekoloji terrora son qoyulmasıdır. Ekofəallarımız bununla da ekoloji tarazlığı pozulmuş dünyamızı qorumaq, insanın ona vurduğu yaraları sağaltmaq və onu yaşatmaq istəklərini ifadə edirlər. Təəssüf ki, dünya səviyyəsində ekoloji vəziyyətin kritik olduğu bir məqamda Azərbaycanın çaldığı həyəcan təbilinin səsini yenə də duyan yoxdur... Ancaq dünya bu haqq səsimizi eşitməsə də, Azərbaycan ekofəalları Qarabağ erməniləri ilə bağlı əsl həqiqəti üzə çıxardı.

Hələ oktyabrın 30-da Xankəndidə separatçı rejimin "parlamenti"nin çağırışı ilə burada mitinq, daha doğrusu, şou təşkil edilmiş və  həmin mitinqə 30 mindən artıq adam qatılmışdı. Halbuki, Qarabağda qalan ermənilərin sayı 20 minə güclə çatır. Sonra bəlli oldu ki, rusiyalı milyarder Ruben Vardanyan "pul kisəsi"nin ağzını açaraq buraya Ermənistandan avtobuslarla "iştirakçı" gətirib və onları "mükafatlandırıb". Xankəndiyə gətirilənlər yalnız Ermənistan vətəndaşları olmayıb, mitinqin daha "izdihamlı" keçməsi üçün İran tərəfi də var qüvvəsilə "çalışıb". Yəni İrandan da "hərəyə 50 dollar qazanmaq" şərtilə xeyli insan gəlib.

Azərbaycanlı ekofəalların aksiyası başladıqdan sonra Xankəndinin mərkəzində yenidən təşkil etdikləri mitinqə isə heç 100 nəfər də qatılmayıb. Beləliklə, bu, Qarabağda yaşayan erməni əhalisinin sayı barədə aydın təsəvvür yaradır, yəni kənardan adam göndərilməyəndə keçirdikləri aksiyanın "izdihamı" təmin olunmur. Maraqlı nüans odur ki, ermənilər azərbaycanlı ekofəalların Şuşa-Xankəndi yolunda keçirdikləri aksiyanın mütləq ciddi nəticələr verəcəyini deyirlər. Ermənistan parlamentində müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyanın sədri Andranik Köçəryan da bunu etiraf edib.

"Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən faydalı yataqları qanunsuz istismar edilir. Bu qeyri-qanuni fəaliyyətə dərhal son qoyulmalıdır. Eyni zamanda, yataqlarda görülən işlərin ətraf mühitə təsirinin qiymətləndirilməsi üçün ekoloji monitorinqlərin aparılmasına ciddi ehtiyac var". Bunu Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasını işıqlandıran mətbuat nümayəndələrinə açıqlamasında "Ekosfera" Sosial-Ekoloji Mərkəzin ətraf mühit üzrə mütəxəssisi Abdin Abbasov hələ aksiyanın başladığı ilk günlərdə deyib. Dinc etiraz aksiyasına qoşulan ekofəal vurğulayıb ki, təbiətdən istifadə, sənaye müəssisələrinin quraşdırılması, yataqlarda qazıntı işlərinin və böyük layihələrin həyata keçirilməsi zamanı monitorinqin aparılması vacib şərtdir. Bu işlərin ətraf mühitə təsiri mütləq öyrənilməli və qiymətləndirilməlidir. Bizə şərait yaratmalıdırlar ki, orada monitorinq keçirək, yataqlarda görülən qanunsuz işlərin ətraf mühitə təsirini öyrənək və nəticələrini ictimaiyyətə təqdim edək. Buraya gəlməkdə məqsədimiz budur. Hamı bilməlidir ki, yataqlarda hansı hadisələr baş verir və bunun təbiətə nə dərəcədə təsiri var.

Xatırladaq ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbilə keçirilir. Təəssüf ki, ermənilər yenə də öz adətlərinə xilaf çıxmayıblar. Elə aksiya başlayan ilk gündən yenidən timsah göz yaşlarını axıtmaqla dünya ictimaiyyətinə yalan, iftira dolu məlumatlar ötürməyə çalışırlar. Doğrudur, həmişə olduğu kimi, bu dəfə də havadarları "məzlum ermənilər"in müdafiəsinə qalxıblar. Dünyanın nüfuzlu təşkilatları Azərbaycan əleyhinə qərarlar qəbul etməkdədir. Onlar zorla "ağa qara" dedirtməyə çalışırlar. Yəni aksiya iştirakçılarının guya yolu bağladıqlarını, humanitar terror yaratdıqlarını utanmazcasına imza atdıqları həmin biabırçı qətnamələrinə daxil edirlər. Halbuki, yol açıq, ərazidə yaşayan ermənilərin də qarnı tox, yerləri istidir.

Ancaq ədaləti, haqqı görmək gücündə olanlar və aksiyanı bu mövqedən dəyərləndirənlər də var. Məsələn, İtaliyanın aparıcı mətbuat orqanlarından olan "İOpinione" qəzeti azərbaycanlı ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyasından yazıb. Ölkəmizə ezam olunan qəzetin əməkdaşı Domeniko Letisiya məqaləsində azərbaycanlı ekofəalların keçirdiyi aksiya ilə beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın Qarabağ bölgəsindəki faydalı qazıntı yataqlarının yerli ermənilər tərəfindən qanunsuz istismarına və ekologiyaya vurulan ziyana yönəltdiklərini qeyd edir. Bildirilir ki, üçtərəfli Bəyanata uyğun olaraq 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsindən sonra yola nəzarət üçün buraya müvəqqəti olaraq Rusiya sülhməramlıları yerləşdirilib. Ekofəallar Qarabağda ermənilərin qanunsuz istismar etdiyi faydalı qazıntı yataqlarına çıxışını pisləyir.

Bəli, reallıq budur ki, Azərbaycanın Qarabağ iqtisadi bölgəsində faydalı qazıntı yataqları erməni quldurları və onların dəvət etdikləri xarici şirkətlər tərəfindən talanır. Üstəlik, qazıntılar zamanı ekoloji terror da törədilir. Azərbaycan hələ ki, ermənilərin bu addımlarına dinc aksiyalar təşkil etməklə cavab verir. Aksiya iştirakçıları artıq 55 gündür ki, haqlı şüarlar səsləndirir, soyuğa, şaxtaya baxmayaraq, möhkəm iradə, milli birlik, torpaq təəssübkeşliyi nümayiş etdirirlər. Qışın soyuğunda gecə-gündüz demədən öz mövqelərinin keşiyində durur, hər səhəri Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayır, bu məmləkətin müdafiəsinə hazır olduqlarını bütün dünyaya bəyan edirlər: səndən ötrü qan tökməyə, səndən ötrü can verməyə cümlə hazırız.     

Zümrüd QURBANQIZI,

"Respublika".