Azərbaycan enerji sahəsində dünyanın aparıcı dövlətlərindən birinə çevrilməkdədir
MÜSAHİBƏLƏR

Azərbaycan enerji sahəsində dünyanın aparıcı dövlətlərindən birinə çevrilməkdədir

Respublikamızın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rol bütün dünyaya məlumdur. Enerji sahəsində qazandığımız uğurlar bu istiqamətdə ölkəmizin yaratdığı yeni reallıqları əks etdirir. Bu baxımdan qeyd etməliyik ki, enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsidir. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artıb. Bu reallıq Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında bir daha vurğulanmışdır. İclaslarda Rumıniya Prezidenti Klaus Yohannisin, Avropa İttifaqının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələrinin iştirakı onu deməyə əsas verir ki, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji layihələri dünyanın enerji təhlükəsizliyində müstəsna rol oynayır.

Cənub Qaz Dəhlizi layihəsinin şaxələndirilməsi və genişləndirilməsi istiqamətində yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması ən önəmli məsələlərdəndir. Layihənin icrasında müəyyən yubanmalar olsa da, Azərbaycan onu mümkün qədər tez başa çatdırmağa nail oldu. Bu gün isə layihənin genişləndirilməsi haqqında fikirlər irəli sürülür. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişib. 

Enerji təchizatının davamlı şaxələndirilməsi indiki vaxtda olduqca zəruri məsələlərdəndir. Azərbaycan buna hazırdır. Ona görə də əvvəllər təməli qoyulmuş bütün işlər bu gün  uğurla davam edir. Belə ki, uzun müddət müzakirə predmeti olmuş, bəzi güc mərkəzlərinin siyasi yanaşmaları səbəbindən reallaşdırılmayan NABUKKO layihəsinə alternativ olaraq Azərbaycan tərəfindən irəli sürülmüş və dövlət başçısı İlham Əliyevin səyləri hesabına həyata keçirilmiş Cənub Qaz Dəhlizi bu gün dünya tərəfindən Avropanı və digər maraqlı tərəfləri qane edən ən uğurlu layihə kimi qəbul edilir. Bu baxımdan, keçən ilin ortalarında Avropa Komissiyasının Prezidenti Fon Der Lyayenlə Azərbaycan Prezidenti İlham Əliyev arasında imzalanmış enerji sahəsində strateji əməkdaşlıq haqqında Memorandum dövlətimizin apardığı enerji siyasətinin beynəlxalq miqyasda qəbul edildiyinin və dəstəkləndiyinin təzahürüdür.

Azərbaycan enerji sahəsində qazandığı uğurlarla dünyanın aparıcı dövlətlərindən birinə çevrilməkdədir.  Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən iclasda çıxış edən digər rəsmi şəxslər də Azərbaycanın bu sahədə qazandığı nailiyyətləri və Cənub Qaz Dəhlizinin Avropanın enerji şaxələndirilməsində oyandığı mühüm rolu xüsusilə qeyd ediblər. Əlbəttə, bütün bunlar cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu enerji siyasətinin göstəricisidir. Bütün bunlar isə ölkəmizin beynəlxalq miqyasda nüfuzunu daha da artırır.

Tamam CƏFƏROVA,

Milli Məclisin deputatı.