ƏBƏDİYYƏT ÜFÜQÜNDƏ DOĞAN GÜNƏŞLƏR
Region

ƏBƏDİYYƏT ÜFÜQÜNDƏ DOĞAN GÜNƏŞLƏR

...Bəli, bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi... Bu zirvəyə ucalmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə. Bu vətənpərvər insanlar ölmürlər, əksinə, ölümləri ilə bir əbədilik qazanırlar.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri və bir qrup şəhid ailəsi, qazilərlə birgə ölümü ilə əbədilik qazanan qəhrəman şəhidlərin xatirəsinə, Xan Qərvənd kəndində ucaldılmış möhtəşəm "Şəhidlər Abidəsi" kompleksini ziyarət edib, önünə tər gül dəstələri düzdülər. Ruhlarına dualar oxundu, əziz xatirələri bir daha böyük ehtiramla anıldı. Bu şəhidlərin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Bundan sonra da örnək olacaqdır.

Mərasimdə şəhidlərin şərəfli həyat yollarından və onların Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlarından, şücaətlərindən ətraflı söhbət açıldı, onlarla bağlı xoş xatirələr bölüşdürüldü. Şəhidlərimizlə qürur duyduqlarını dilə gətirdilər. Onların qanı yerdə qalmadı. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Dəmir Yumruq" əməliyyatı zamanı Azərbaycan Ordusu düşmənin belini qırdı, başını əzdi və şəhidlərin qisası lazımınca alındı. Bu igidlərin ruhu bu gün çox rahatdır. Bu da hamının ən böyük təskinliyidir.

Onların hər birinin döyüş yolu bir qəhrəmanlıq məktəbidir. Gələcək nəsillərin öyrənəcəyi, ibrət götürəcəyi mükəmməl mənbədir. Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirdi ki, dövlət daimi şəhid ailələrinin yanındadır. Şəhidlərin ailə üzvləri diqqət və qayğıya görə ölkə başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.

Z.XƏLİLOV,  

"Respublika".