Düzgün seçim etməliyik
Digər xəbərlər

Düzgün seçim etməliyik

Ölkəmizin dinamik inkişafı hər birimizin səsindən asılıdır

Ulu öndər Heydər Əliyevin xalqa bağlı müdrik siyasəti sayəsində rayonumuzun aqrar sektoru da daim inkişaf edib və uğurları ilə seçilən sakinlərin əməkləri mütəmadi dəyərləndirilib. Respublikamıza rəhbərlik etdiyi dövrlərdə Şamaxı rayonuna dəfələrlə səfər edən ümummilli liderimizin yüksək diqqəti, dəyərli tövsiyələri və məsləhətləri nəticəsində rayonumuzda kənd təsərrüfatının inkişafında böyük irəliləyişlər əldə olunub. Aqrar sahədə çalışan təcrübəli insanların dövlətin qayğısını daim yüksək dəyərləndirmələri mənim də bu sahəyə bağlılığıma səbəb oldu. Belə ki, yeniyetmə dövründən aqrar sahəyə bağlandım. Arıçılığa olan həvəsimi reallaşdırmaq üçün dövlətin qayğısı sayəsində seminar və konfranslarda iştirak etdim.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FAPP) çərçivəsində keçirilən təlimlərə qatıldım. Bu təşkilat kompüter biliklərimi artırmağa dəstək oldu. Böyük planlarım var, müxtəlif çeşidli və müalicəvi arı məhsullarını istehsal edərək yerli və xarici bazara çıxarmaq istəyirəm. Həm də xarici bazardan asılılığı azaltmaq üçün Şamaxı rayonunda ana arılar yetişdirmək fikrindəyəm. Fermer qadınlara səslənirəm ki, gəlin, təsərrüfatımızı genişləndirək və iqtisadiyyatımızın inkişafına dəyərli töhfələrimizi verək. Çünki çəkilən zəhmət heç vaxt hədər getmir.

Dövlətimizin aqrar sektorun inkişafına göstərdiyi qayğıya əsasən mən bir neçə arı ailəsi ilə başladığım fəaliyyətimi qısa vaxt ərzində xeyli genişləndirdim. Zəhmətim dövlət tərəfindən yüksək qiymətləndirildi və kənd təsərrüfatının inkişafında xidmətlərimə görə 3-cü dərəcəli "Əmək" ordeninə layiq görüldüm.

Təsisçisi və sədri olduğum qadın qrupunun üzvləri ilə birlikdə maldarlıqla, meyvəçiliklə məşğul olmaq, o cümlədən baldan müxtəlif şirniyyatlar hazırlamaq fikrindəyik.

Bu gün ölkəmizdə hər bir sahənin inkişafı üçün hərtərəfli şərait və geniş zəmin yaranıb. Xalqımızın uzun illər həsrətində olduğu Qarabağ problemi xalqımızın xeyrinə olaraq birdəfəlik həll edilib. Qəhrəman əsgərlərimizin yüksək döyüş rəşadəti sayəsində işğal altında olan torpaqlarımız azad olunub və həmin ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Erməni separatizminə birdəfəlik son qoyulub və ölkəmizin ərazi bütövlüyü tam təmin edilib.

Respublikamızda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri hər bir seçicinin arzu və istəyini reallaşdırır. Çünki ölkəmizin daha böyük tərəqqisi üçün hər bir seçicinin üzərinə mühüm vəzifələr düşür. Bu səbəbdən seçkilərdə fəallıq göstərməklə gələcəyimizə səs vermiş olacağıq. Ölkəmizdə qazanılan uğurlar rifahımızı durmadan yaxşılaşdırır. Mən bu inkişafı görəndə qeyri-ixtiyari olaraq ağır keçən uşaqlıq illərimi xatırlayıram. 1990-cı ildən 1993-cü ilin sonuna qədər çörək almaq üçün saatlarla gözləməli olurduq, bəzən də ala bilmirdik. Şəxsən mən həmin vaxt bir dəfə nə qədər gözləsəm də çörək ala bilmədiyimdən evə ağlaya-ağlaya qayıtdım və o ağır günləri indi də unuda bilmirəm. Həmin anları görənlərin hər biri ölkəmizin indi necə sürətlə inkişaf etdiyini birmənalı olaraq yüksək dəyərləndirir. Bu səbəbdən, həmsöhbət olduğum hər kəs seçkilərdə yekdilliklə iştirak etməklə gələcəyimizin daha yaxşı olması naminə səs verəcəyini bildirir. Qrupumuzun qadınları da seçkilərdə qürur hissi ilə iştirak edərək dəstəklədikləri namizədlərini seçəcəklərini vurğulayırlar. İnsanların bu istəyi məni son dərəcə sevindirir və təsərrüfatımı Qarabağ bölgəsində də inkişaf etdirməyə sövq edir. Bu səbəbdən də biz düzgün seçim etməliyik. Çünki respublikamızda seçkilərin azad və ədalətli keçirilməsi üçün hərtərəfli şərait yaradılıb. Unutmamalıyıq ki, ölkəmizin dinamik inkişafı və dünya birliyində rolunu durmadan genişləndirməsi hər bimizin səsindən asılıdır.

Brilyant HÜMBƏTOVA,

Şamaxı rayonunda Fermerlər Şurasının və "Ərgünəş" qadın qrupunun sədri,

rayon icra hakimiyyəti yanında ictimai

şuranın üzvü, "Əmək" ordenli.