Düşmənin növbəti təxribatının da qarşısı alındı
Digər xəbərlər

Düşmənin növbəti təxribatının da qarşısı alındı

Avqustun 16-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun üzvü Azərbaycan Ordusu bölmələrinin sayıqlığı nəticəsində saxlanılıb. İlkin araşdırmalara əsasən, saxlanılan şəxsin 1983-cü il təvəllüdlü Voskanyan Qaqik Aşotoviç olduğu ehtimal edilir. Diversantın bölgədə olma məqsədi şübhəsiz ki, bəllidir. Belə ki, Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Azərbaycan ərazisinə sızmağa cəhd edib.

Müdafiə Nazirliyindən bildirilib ki, kəşfiyyat-diversiya qrupunun digər üzvləri geri çəkilməyə məcbur edilib. Ordumuzun çevikliyi nəticəsində saxlanılan şəxsin üzərində bir ədəd RPK pulemyotu, döyüş sursatı və hərbi təchizat aşkar edilib. Yüngül yaralanan erməni diversantına hərbi həkimlərimiz tərəfindən ilkin tibbi yardım göstərilib.

Son aylarda ermənilərin təxribat xarakterli addımları təəssüf ki, artıb. Ermənistan tərəfinin mütəmadi şəkildə bu təxribatları davam etdirməsi göz önündədir. Düşmən ölkə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini bir daha işğal etməyə çalışır, məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtmalarının qarşısını alır, regionda ədalətli və dayanıqlı sülhün bərqərar olması üçün ciddi maneə yaradır, fundamental insan hüquq və azadlıqlarını kobud şəkildə pozur. İşğalçı ölkənin tək niyyəti sülhdən boyun qaçıraraq öz çirkin əməllərini gerçəkləşdirməkdir. Lakin Prezident İlham Əliyevin uğurlu siyasəti və rəşadətli Azərbaycan Ordusunun gücü sayəsində hər zaman olduğu kimi, bu dəfə də təxribatın qarşısı alınıb və alınacaq da. Ölkə başçımızın Paşinyan hakimiyyətinə, dünyaya müraciət edərək sülhə çağırması və sadə tələblər irəli sürməsi bir daha onu sübut edir ki, Azərbaycan sadəcə, öz doğma torpaqlarında sakit, firavan həyat sürmək istəyir. Heç bir əlavə ərazi iddiasının olmaması isə buna sübutdur.

Son baş verən təxribatlarla bağlı hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistan tərəfi Laçında sərhəd-keçid məntəqəsi quraşdırılandan sonra həm sərhəddə, həm də Qarabağın rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərində təxribat xarakterli fəaliyyətlərini intensivləşdirib: "Bu məqsədlə müxtəlif üsullardan, o cümlədən də kəşfiyyat-diversiya qruplarının Azərbaycan ərazilərinə göndərilməsindən istifadə edir. Bu fəaliyyətlər daha çox işğalçı ölkənin siyasi, diplomatik müstəvidə məruz qaldığı məğlubiyyətləri kompensasiya etmək məqsədi daşıyır.

Böyük ehtimalla Ermənistan daxili auditoriyanın diqqətini həm humanitar yük, həm Təhlükəsizlik Şurasındakı müzakirələrdə məruz qaldığı məğlubiyyətlərdən yayındırmaq, sərhəddə kiçikmiqyaslı təxribatlara yönəltmək məqsədilə bu addımları atır. İstənilən halda Ermənistanın təxribatlarının qarşısının alınması üçün Azərbaycan Ordusu tam hazır vəziyyətdədir. Bu təxribatların qarşısının alınması üçün ordumuz kifayət qədər güc, imkan və potensiala malikdir.

Şübhəsiz ki, Azərbaycan tərəfi yaxın perspektivdə əsas diqqətini erməni silahlılarının ərazilərimizdən təmizlənməsinə yönəldəcək. Bu proseslər çərçivəsində birgə Bəyanatda nəzərdə tutulmayan silahların da ərazilərimizdən çıxarılaraq Azərbaycana təhvil verilməsi prioritet məsələlərdən olacaq".

Töhfə SƏMƏDOVA,

"Respublika".