Makron öz maraqları naminə Brüssel formatını pozur
Digər xəbərlər

Makron öz maraqları naminə Brüssel formatını pozur

Son zamanlar Fransada baş verənlər, ölkədə artan xaos, proseslərin nəzarətdən çıxması, aksiya iştirakçılarına, media nümayəndələrinə qarşı sərt davranış və şiddət Makronun artıq diktatorlara xas olan xüsusiyyətlərini açıq göstərir. Bu günlərdə Fransada Azərbaycan Televiziyasının əməkdaşlarına qarşı zorakılıq da fundamental insan hüquq və azadlıqlarının vacib tərkib hissəsi sayılan söz və ifadə azadlığına qarşı təzyiq idi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Bildirib ki, Makronun siyasətində türkofobiya, azərbaycanofobiya və islamofobiya açıq görünür. Onun bu günlərdə Daşnaksütun partiyasının büro üzvü, Fransa erməni Təşkilatları Federasiyasının Koordinasiya Şurasının həmsədri, kriminal kimliyi ilə məşhur olan Murad Papazyana hesabat verməsi erməni millətçilərinin əlində alət olduğunu bir daha sübut etdi. Bu, Fransa rəhbərinin 44 günlük müharibə və müharibədən sonrakı dövrdə öz çirkin məqsədlərinə nail ola bilmədiyini təsdiqləyir. Belə ki, Fransa Prezidenti Makron etiraf edir ki, sülh danışıqlarında Azərbaycan Prezidentinə təzyiq göstərməyə çalışsa da buna gücü çatmayıb. Belə ki, Prezident İlham Əliyev beynəlxalq siyasi arenada Azərbaycanın milli maraqlarını ardıcıl müdafiə edib və qoruyub, heç bir təzyiqi qəbul etməyib. Yəni, Makron da Azərbaycan Prezidenti qarşısında aciz olduğunu etiraf edir.

"Məlumdur ki, Praqada keçirilən dördtərəfli görüşdə təşəbbüsü ələ almağa çalışan Makron çirkin məqsədinə müvəqqəti də olsa nail ola bilmişdi. Lakin Kişinyov görüşündə onun bütün planları alt-üst oldu. Son danışıqlarda Makron özünü sülh carçısı kimi təqdim etməyə çalışsa da, bu şou baş tutmadı. Fransa Prezidenti öz çirkin niyyətinin baş tutmadığını görüb Brüssel platformasını da gözdən salmağa başladı. Belə ki, həmin görüşdən sonra iştirakçılar adından bəyanat yaymağa can atsa da, Prezident İlham Əliyevin sərt mövqeyi ilə üzləşərək geri çəkilməyə məcbur oldu. Üzdəniraq bəyanatını öz ölkəsindən verməli oldu. Hətta o, Şarl Mişel və Şoltsu da öz şəxsi maraqları naminə zərbə altına qoymaqdan çəkinmədi. Moldovadan Parisə qayıdan kimi separatçı ünsür Papazyana hesabat verərək, özünün ermənilərin sadiq müdafiəçi kimi canfəşanlığından danışdı. Bir sözlə, Fransa Prezidentinin bu riyakar davranışı haqlı olaraq ikrah hissi yaradır", - deyə deputat qeyd edib.

Onun sözlərinə görə, Makronun Cənubi Qafqazda özünə yer etmək cəhdlərinin isə heç bir nəticəsi olmayacaq. “Kiçik bacısı”nın “təhükəsizliyinin qarantı” mifini yaratsa da, rəsmi İrəvan bu siyasət nəticəsində daha da zəifləyib.