Dünya milyarderləri qarşı-qarşıya
Dünya xəbərləri

Dünya milyarderləri qarşı-qarşıya

Facebook, Instagram və WhatsApp kimi dünyaca məşhur sosial media proqramlarının sahibi Meta şirkəti Twitter -a rəqib yeni platforma yaradıb. “Threads” adlanan bu tətbiq Twitter-in ən güclü rəqibi hesab edilir.

"Respublika" xəbər verir ki, hələ iyulun 6-ı istifadəyə verilən proqramda artıq 30 milyondan çox istifadəçi qeydiyyatdan keçib.

Threads-in qısa zamanda məşhur olmasının digər bir səbəbi də son dönəmlərdə İlon Maskın Twitter-ə qoyduğu bir sıra qadağalardır. Belə ki, ilk vaxtlar pulsuz olan tətbiq artıq ödənişli və məhdudiyyətli platforma halına gəlib. Pul ödəyib "mavi nişan" almayan şəxslər gündəlik sadəcə 800 tvit oxuma şansına sahibdir. Bu yeniliklərdən sonra minlərlə şəxs Twitter hesabını silərək öz etirazlarını bildiriblər. Belə bir zamanda Meta şirkətinin çox bənzər bir tətbiq çıxarması isə sözün əsl mənasında ortalığı qarışdırıb və vəziyyəti daha da çətinləşdirib. 

Maraqlısı odur ki, Twitter şirkətinin vəkili Threads tətbiqinə görə Meta şirkətini məhkəməyə verə biləcəklərini açıqlayıb. İrəli sürülən iddiaya görə, Threads-tətbiqini yaradarkən  Twitter-in ticarət sirlərindən və əqli mülkiyyətindən istifadə edilib. Həmçinin bildirilib ki, tətbiqi yaradan zaman onlarla keçmiş Twitter əməkdaşı işə götürülüb. Onlar iddia edir ki, bu işçilərin hələ də şirkətin ticarət sirlərinə və digər məxfi məlumatlara çıxışı var. Meta-nın bundan faydalandığını bildirən şirkət ABŞ-ın həm federal, həm də əyalət qanunlarına zidd olaraq tətbiqin “kopyasının” hazırlandığını da vurğulayıb. Həmçinin İlon Mask öz rəsmi Twitter hesabında bu barədə paylaşım edib. O, qeyd edib ki, rəqabət yaxşıdır, fırıldaqçılıq isə yox. 

Meta şirkəti Twitter-in iddialarına Threads proqramında mətn yazısı ilə cavab verib. Şirkətin kommunikasiyalar üzrə direktoru Andy Stone tərəfindən edilən paylaşımda Threads-in mühəndis komandasında keçmiş Twitter işçisinin olmadığı bildirilib.

Qeyd edək ki,  Threads Instagram komandası tərəfindən hazırlanmış və mətn əsaslı məzmun paylaşmağa, ictimai söhbətlərdə iştirak etməyə imkan verən bir tətbiqdir . Proqram istifadəçilərin sosial media təcrübələrini daha da zənginləşdirməyi hədəfləyir. Threads platformasında simvol limiti 500 olaraq təyin edilib . Eyni zamanda bu proqramda linklər, şəkillər və beş dəqiqəlik videolar paylaşıla bilər. Instagram hesabı ilə daxil oluna bilən platformada edilən paylaşımların sayı qısa zamanda 100 milyonu keçib. 

Töhfə SƏMƏDOVA,

“Respublika”.