ƏFSANƏVİ GENERAL
Region

ƏFSANƏVİ GENERAL

Həzi Aslanov 1945-ci il yanvar ayının 24-də, müharibənin bitməsinə 3 ay yarım qalmış müəmmalı şəkildə həlak olub

İgid ərənlər, qəhrəmanlar yurdu olan Azərbaycan tarix boyu görkəmli şəxsiyyətlər, sərkərdələr yetişdirib. İkinci Dünya müharibəsində xalqımızın adını uca zirvələrə qaldırmış Həzi Əhəd oğlu Aslanov hərb tariximizdə şərəfli yer tutur.

Tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş yeganə azərbaycanlıdır. Xalqımızın ümummilli lideri Heydər Əliyev əfsanəvi generalın xidmətlərini yüksək qiymətləndirərək demişdir: "Həzi Aslanov adına  hərbi məktəbin kursantlarına üzümü tutub onlara bu qeyri-adi insana bənzəmələrini arzu edirəm. İstəyirəm ki, siz də hər şeydə: həyatda yüksəlməkdə də, xalqı və Vətəni sevməkdə də, yeri gələrsə haqq işi uğrunda canından keçməyi bacarmaqda da Həzi Aslanova oxşayasınız. Həzi Aslanov kimi qəhrəmanların hünəri xalqın qəhrəmanlıq salnaməsinə əbədilik yazılmışdır".

O, 1910-cu il yanvar ayının 22-də Lənkəran şəhərində dünyaya göz açıb. Atası Əhəd kişi Lənkəran kərpic zavodunda fəhlə işləyirdi. Ailə çox çətinliklə dolanırdı. Həzi 13 yaşında ikən atasını itirir. O, atasının yerində zavodda işləməyə başlayır və ailənin ağır yükünü kövrək çiyinlərində daşımalı olur.

Bu yeniyetmə gənc uşaq yaşlarından hərbçi olmaq arzusu ilə yaşayırdı. 1924-cü ildə komsomol zəmanəti ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilir. Nümunəvi kursant olmaqla yanaşı, həm də məktəbin rota qəzetinin redaktoru olub.

Suvorov məktəbləri tipində olan bu məktəb ordu üçün gənc komandirlər hazırlayırdı. H.Aslanov 1929-cu ildə məktəbi bitirdikdın sonra Leninqrad süvari məktəbinə daxil olur. İki ildən sonra təhsilini uğurla başa vurub Kotovski adına 3-cü Bessarabiya süvari diviziyasının 15-ci alayına bölük komandiri təyin edilir. Ordu həyatına süvari kimi başlayan H.Aslanov sonralar at belindən düşüb tank sükanı arxasına keçir. Rəhbərlik etdiyi tank rotası bütün təlim və məşqlərdə fərqlənirdi. Gənc komandir 1939-cu ilin fevralında kapitan, bir il sonra mayor rütbəsi almışdı.

Müharibədən əvvəlki 8 il ərzində Həzi Aslanov bölük komandiri, tank rotasının komandiri, əlahiddə tank batalyonu məktəbinin rəisi, batalyon komandrinin tədris atıcılıq hissə üzrə köməkçisi və digər məsul vəzifələrdə çalışıb. Gənc zabit harada işləməsindən asılı olmayaraq göstərilən etimadı layiqincə doğruldur, işdə yüksək peşəkarlıq nümayiş etdirirdi. İctimai fəallığı nəzərə alınaraq 1937-ci ildə Ukraynanın Obruç şəhər sovetinin deputatı seçilib.

Müharibə başlayanda Həzi Aslanov Ukraynanın Lvov vilayətinin Zloçev şəhərində xidmət edirdi. O, müharibənin ilk günlərini xatırlayaraq yazırdı: "1941-ci il iyun ayının 23-nə keçən gecə alman diviziyası basqın etdi. Bomba tökməyə başladı. Dan yeri ağaranda biz qeyri-bərabər döyüşə girdik". Həmişə qələbəyə alışmış hitlerçilər Aslanovçuların qəhrəmancasına göstərdikləri müqavimətə rast gəldilər. Düşmən geri çəkilməyə məcbur oldu.

Müharibə zamanı zabitlərin ailələrini vaqonlara mindirib, arxa cəbhəyə göndərirdilər. Həzinin həyat yoldaşı Xavər xanım, oğulları Tofiq və Arif də Lvovda onunla idilər. O, qətiyyən ailəsinə xüsusi yer ayırmayıb, hamı kimi onları da ümumi vaqonla Bakıya yola salıb.

İgid komandir 1942-ci ilin əvvəllində polkovnik-leytenant rütbəsi alaraq Moskvaya qızıl ordunun zirehli tank və mexanikləşdirilmiş qoşunlar komandanlığının sərəncamına göndərilir. Moskvanın müdafiəsi uğrunda döyüşlərdə "Qırmızı ulduz" ordeni ilə təltif olunur.

1942-ci ilin iyul ayında Stalinqrad cəbhəsində 55-ci əlahiddə tank briqadasının komandiri kimi döyüşlərdə igidlik, şücaət göstərdi. Almanların 300 minlik ordusunu mühasirəyə aldılar.  Mühasirədən çıxmaq üçün Hitler Manşteynin tank ordusunu köməyə göndərdi. Həzi Aslanovun rəhbərliyi ilə düşünülmüş çevik əməliyyat nəticəsində düşmənə ağır zərbələr endirildi.

Aslanovun tankçıları döyüşə-döyüşə 40 kilometrdən artıq yol gedib Stalinqrad-Salsk dəmir yolunu tutdular. Düşməni əsas magistral yoldan məhrum etməklə xeyli canlı qüvvəsini və texnikasını məhv etdilər.

Aslanovun tankçıları Kotelnikovo yaxınlığında düşmənin 30 əks-hücum əməliyyatını dəf edib, bir batalyon piyada qoşununu, 30 tankını, 50 avtomobilini məhv etdilər. Komandanlığın döyüş tapşırıqlarını nümunəvi yerinə yetirdiyinə, xüsusi rəşadət və qəhrəmanlıq göstərdiyinə, tabeliyində olan hissələrə bacarıq və mərdliklə rəhbərlik etdiyinə görə polkovnik-leytenant Həzi Əhəd oğlu Aslanov 1942-ci il dekabr ayının 22-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Rəhbərlik etdiyi alaya isə qvardiya adı verildi.

1944-cü ilin yayında general-mayor Həzi Aslanov cəbhədə xüsusi igidlik, şücaət göstərdiyinə görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülsə də, SSRİ-nin hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneçilik törədir. Ölümündən 47 il sonra haqq-ədalət qalib gəlir və Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilir.

Bu barədə Lənkəranın qocaman, ixtiraçı həkimi Baldadaş Əliyev deyir: "1984-cü ildə Tbilisidə Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasım üzrə kurs keçirdim. İnstitutun prorektoru, professor Georgi Rafayeloviç Beqiaşvili lənkəranlı olduğumu bilib cəbhə dostu Həzi Aslanov haqqında maraqlı xatirələr danışdı. 1944-cü ilin yayında Həzi Aslanovun məşhur "Baqration" əməliyyatına görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü bildirdi. Bununla bağlı, rəsmi sənədlərin də olduğunu və müəyyən səbəblər üzündən gizlədildiyini, müharibənin qurtarmasına cəmi 3 ay yarım qalmış, 1945-ci il yanvar ayının 24-də müəmmalı şəkildə öldürüldüyünü də dedi.

Əfsanəvi generalın ölümü haqqında görkəmli tədqiqatçı jurnalist Musa Bağırov belə yazır: "Həzi Aslanovun ölümünə dair nə vaxtdan bəri müəmmalı fikirlər, söhbətlər gedirdi. Nəhayət, uzun axtarış-tədqiqat işləri aparandan sonra çox qiymətli bir fakt aşkar etdim. 1945-ci ilin əvvəllərində İ.Stalinin göstərişi ilə bütün müttəfiq respublikalarda müdafiə nazirliyi təşkil olunurdu. Azərbaycanda bu məsələ ilə əlaqədar Mərkəzi Komitə bürosunda Mircəfər Bağırov nazirin kim olmasını müzakirəyə qoyur. Çox götür-qoydan sonra M.Bağırov özü Həzi Aslanovun namizədliyini verir. Büro üzvü T.Quliyevin, "axı, o, cəbhədədir, onu buraxmazlar" sualına M.Bağırov cavab verir ki, "Siz bu məsələni mənə həvalə edin". O, birbaşa Stalinə zəng edir, Stalin öz razılığını bildirir və Həzi Aslanovun Azərbaycanın müdafiə naziri təyin edilməsinə etiraz etmir.

1944-cü il iyun ayının 15-də Aslanovun komandanlıq etdiyi 35-ci tank briqadası daxil olduğu korpusla birlikdə Baş Qərargahın direktivi əsasında İ.D.Çernyaxovskinin komandan olduğu 3-cü Belorusiya cəbhəsinin sərəncamından 1-ci Pribaltika cəbhəsinin sərəncamına verilir. Burada isə komandan İ.Baqramyan idi. Artıq 4 ay idi ki, Aslanov Baqramyanın tabeçiliyində xidmət edirdi. O, döyüş zamanı yüngül yara almış, yaxınlıqdakı hərbi xəstəxanada müalicə olunurdu.

1945-ci il yanvarın 23-də Baqramyan Aslanovu xəstəxanadan yanına çağırıb deyir: "Səni təbrik edirəm! Böyük vəzifəyə gedirsən. Sabah Azərbaycana, Mərkəzi Komitənin sərəncamına keçirsən, bir də təbrik edirəm." Sonra əlavə edir: "Biz bu gün-sabah böyük hücum əməliyyatına başlamalıyıq. Yaxşı olardı ki, sən özün gedib hücum sahəsini təyin edəydin".

Aslanovun silahdaşlarının dediklərinə görə, o günlər həmin regionda heç bir hücum məsələsi, planı olmayıb. Sonralar bu məsələ ilə bağlı bir çox arxivlərdə və eləcə də Podolskdəki hərbi arxivdə bu hücum planı ilə bağlı bir dənə də olsa sənəd tapmadım və heç olmayıb da. Hətta Həzi Aslanovun ölümündən bir xeyli vaxt sonra da orada heç bir hücum-vuruşma olmayıb.

Bu, yalnız İ.Baqramyanın düşməncəsinə uydurduğu bir hiylə imiş. Axırda Aslanovun silahdaşlarından iki nəfər - polkovnik Klimenko və mayor Beqiaşvili hadisəni olduğu kimi mənə danışdılar. Klimenko o zaman batalyon komandiri, Beqiaşvili isə briqadanın baş həkimi olmuşdur. Həm də Beqiaşvili Aslanovun yaxın dostu olub.

Klimenkonun dediyinə görə, Aslanov Baqramyanın yanından çıxıb, öz hissəsinə gəlir və dincəlmək üçün həyətdə içində isti soba olan budkalı maşına girir. Aradan 10-15 dəqiqə keçmiş H.Aslanov olan maşın altılüləli minaatandan atəşə tutulur. Həzi ağır yaralanır. Həmin minaatanı isə almanlardan bizim döyüşçülər qənimət götürmüşdülər. O silah bizim öz ərazimizdə idi, ondan ancaq bizim tərəfdən atəş açıla bilərdi. Elə təəccüb doğuran da budur.

Beqiaşvili ilə Tbilisidə evində görüşərkən dedi: "Həzi Aslanov yaralananda mən orada yox idim, lakin 5 dəqiqə sonra özümü ona çatdırdım. Vəziyyəti ağır idi. Ona təcili surətdə qan köçürmək lazım idi. Mən fikirləşmədən Həzinin yanında uzanıb, öz qanımdan 500 qram ona köçürtdürdüm. O, yavaş-yavaş özünə gəlməyə başladı. Hətta bizimlə zarafat edirdi.

Onu Moskvaya aparmaq üçün xüsusi təyyarə gəldi. Həzinin xahişi ilə onu Moskvaya müşayiət etməli idim. Amma məni onun yanından zorla ayırıb başqa işə göndərdilər. O ki qaldı Aslanova, ölməməli idi. Yaralanandan sonra düz 22 saat sağ qaldı. Bu müddət ərzində onu Moskvaya çatdırmaq olardı. Təyyarə isə o yatan evin arxasında dayanıb gözləyirdi".

Qəhrəman general 1945-ci il fevral ayının 3-də böyük izdihamla Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn olundu. Tarix isə heç nəyi unutmur. Həzi Aslanovun müəmmalı ölümünün sirrləri də uzun illərdən sonra açıldı.

Onu da qeyd edək ki, İkinci Dünya müharibəsində cəmi 17 tankçı iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Onlardan biri də həmyerlimiz Həzi Aslanovdur. İgid sərkərdənin Volqadan başlamış Baltikədək döyüş yolu 3 dəfə Qırmızı Bayraq, Aleksandr Nevski,  2-ci dərəcəli Suvorov, 1-ci dərəcəli Vətən Müharibəsi ordenləri və çoxlu medallara, dəfələrlə Ali Baş Komandanlıq tərəfindən təşəkkürnamələrə layiq görülüb.

Bakı şəhərində Şəhidlər Xiyabanında, doğulub boya-başa çatdığı Lənkəran şəhərinin mərkəzində möhtəşəm abidəsi ucaldılıb. 1969-cu il may ayının 9-da Lənkəran şəhərində  ev-muzeyi açılıb. Ölkəmizdə dəfələrlə dövlət səviyyəsində yubileyləri qeyd olunub.

Bakıda və respublikamızın rayonlarında, Moskvada, Stalinqradda, Ukraynada, Belorusiyada, Pribaltikada neçə-neçə məktəb, küçə, meydan və xiyaban qəhrəman sərkərdənin adını daşıyır. Hətta bütün dünyada məşhur olan Stalinqraddakı "Mamayev kurqanı" ansamblında qəhrəmanlıq, mərdlik simvolu kimi tanınan 32 mərmər xatirə pilləsindən biri Həzi Aslanovun şərəfinə qoyulmuşdur. Moskvada yaradılmış "Ehtiram dağı"ndakı ansamblda da onun adı qızıl hərflərlə yazılmışdır.

 Əlisəfa HƏSƏNOV,

"Respublika".