Biləsuvar rayonunda bu il də tarlalarda bol məhsul yetişdirilmişdir. Pandemiyanın hökm sürdüyü, su qıtlığının yarandığı nisbətən çətin dövrdə “ağ qızıl” ustaları ruhdan düşməyib aqrotexniki qaydalarla becərmə aparmışlar. Artıq bir neçə gündür ki, fermerlər mütəşəkkil şəkildə yığıma başlayıblar. Əsas məqsəd pambığı tez və itkisiz yığmaqdır.
Son illər həyata keçirilən iqtisadi islahatlar aqrar sahəyə də yeni nəfəs verib. Bu da təsadüfi deyil. Çünki Azərbaycanda kənd təsərrüfatının istehsalının zəngin tarixi ənənələri var. Ölkəmiz tək nefti ilə deyil, həm də bərəkətli torpaqlarında yetişən məhsulları ilə tanınır. Kənd təsərrüfatının, xüsusən onun ənənəvi sahələrinin inkişafı, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi istiqamətində zəruri hüquqi aktlar, Dövlət proqramları qəbul edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı ilə bağlı keçirilən müşavirələr, ixracyönümlü, ölkəmizə valyuta gətirə bilən istehsal sahələrinin stimullaşdırılması ilə bağlı atılan addımlar aqrar sahədə böyük canlanmaya və əhalidə ruh yüksəkliyinə səbəb olub.
Bu il Biləsuvarda 8440 hektar sahədə pambıq bitkisi əkilmişdir. Əkilən sahənin 3400 hektarı “MKT İstehsal Kommersiya”, 3010 hektar MMC ilə, 2030 hektarı “Azərpambıq” “P-Agro” MMC ilə müqavilə bağlayan mülkiyyətçilər bu ildə də sahələrdən yüksək məhsuldarlıq əldə etmək üçün var qüvvələri ilə hər bir aqrotexniki işləri vaxtında və keyfiyyətlə apararaq bol məhsul yetişdiriblər. Pambıq yığımının başlanması ilə əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, RİH-in məsul şəxsləri və fermerlərin iştirakı ilə pambıq sahələrinə baxış keçirilib. Fermerlərlə görüşdə RİH-in başçısı da onları narahat edən məsələlərlə maraqlanıb, müvafiq tapşırıqlar verib. Pambıq yığımında rayon icra hakimiyyətinin xüsusi nəzarətinin gücləndirilməsi, gündəlik mövcud qrafiklərin hazırlanması, fermerlər arasında ədalət meyarının qorunması məsələsinə xüsusi diqqət çəkilib. Sahələrdə defolyasiya işləri aparıldıqdan sonra pambıqyığan kombaynlarla yığıma kütləvi şəkildə başlanacağı tarixə xüsusi nəzarətin həyata keçirilməsi tapşırılıb. Qeyd edək ki, biləsuvarlı “ağ qızıl” ustaları əvvəlki illərdə olduğu kimi, bu təsərrüfat ilində də pambıq sahələrindən yüksək məhsuldarlıq əldə etməyi qarşılarına məqsəd qoymuşlar.
Rayonda pambığın tez və itkisiz yığımını təşkil etmək məqsədilə bütün maşın və mexanizmlər, pambıqyığanlar hazır vəziyyətə gətirilib və bu sahədə işlərin operativliyini təmin etmək məqsədilə qərargah yaradılıb. Fermerlər yaradılan şəraitə, kənd təsərrüfatı sahəsinə göstərilən diqqətə və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Ərəstun ABDULOV,
“Respublika”.