DTX-nin Akademiyasının yaradılmasının 25 illiyi münasibətilə tədbir təşkil olunub
Siyasət

DTX-nin Akademiyasının yaradılmasının 25 illiyi münasibətilə tədbir təşkil olunub

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının yaradılmasının 25 illik yubileyi münasibətilə dekabrın 1-də DTX-nin Mədəniyyət Mərkəzində təntənəli mərasim keçirilib.

DTX-nin Mətbuat xidmətindən "Respublika"-ya bildiriblər ki, tədbirdə hüquq-mühafizə və digər dövlət orqanlarının rəhbərləri, DTX-nin rəhbər heyəti və əməkdaşları, ali təhsil müəssisələrinin rektorları, deputatlar və təhlükəsizlik orqanlarının veteranları iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Sonra Akademiyanın 25 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Akademiyanın professor-müəllim heyətinə və kursantlarına təbriklərini çatdıraraq, 25 il əvvəl - 1998-ci il dekabrın 1-də Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə xüsusi xidmət orqanları üçün ali təhsilli kadrların hazırlanması məqsədilə təhlükəsizlik orqanının Akademiyasının yaradılmasının, eləcə də 25 illik yubileyin məhz Ümummilli Liderin anadan olmasının 100-cü ildönümünün qeyd edildiyi ilə təsadüf etməsinin bu orqanların tarixində mühüm hadisə olduğunu vurğulayıb. Xidmət rəisi hazırda təhsil ocağında Heydər Əliyevin peşəkarlıq məktəbinin və vətənpərvərlik irsinin sadiq davamçılarının yetişdirildiyini diqqətə çatdırıb. Mənalı ömrünün 25 ilini həsr etdiyi təhlükəsizlik orqanları qarşısında Ulu Öndərin əvəzsiz xidmətlərini nəzərə alaraq, Prezident İlham Əliyevin 2005-ci ilin dekabrın 20-də imzaladığı Fərmanla Akademiyaya dahi şəxsiyyət Heydər Əliyevin adının verilməsinin isə təhlükəsizlik orqanlarının tarixinə növbəti əlamətdar hadisə kimi daxil olduğunu qeyd edən general-polkovnik Əli Nağıyev bildirib ki, bu gün DTX-nin və Akademiyanın şəxsi heyəti öz fəaliyyətini Ümummilli Liderin amalları və ideyaları üzərində qurmaqdadır.

DTX-nin rəisi Əli Nağıyev Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ötən müddət ərzində Akademiyanın maddi-texniki bazasının təkmilləşdirilməsi, təhsilin müasir tələblərə uyğun şəkildə təşkil edilməsi, çağdaş texnoloji yenilikləri uğurla tətbiq etməklə tədris prosesinin səviyyəsinin yüksəldilməsi yönümündə görülən işlərdən ətraflı danışıb, son illərdə Akademiyanın kursantlarının ölkəmizin aparıcı ali təhsil müəssisələri arasında keçirilmiş müxtəlif bilik yarışlarında ardıcıl olaraq qalib adını qazanmasının qürurverici hal olduğunu deyib.

Digər qonaqlar da çıxışlarında Azərbaycanda təhsil-tədris sahəsində aparılan islahatlardan, Akademiyanın bu strateji sektorun inkişafına verdiyi töhfələrdən bəhs edib, professor-müəllim heyətinə və kursantlara çətin və şərəfli yolda uğurlar arzulayıblar.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra mədəniyyət və incəsənət xadimlərinin ifasında bədii proqram təqdim olunub.

Akademiyanın yaranmasının 25 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər dekabrın 2-də “Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası Ulu Öndər irsinin daşıyıcıdır” adlı elmi-praktiki konfransla davam edəcək.

Xidmət rəisi qeyd edib ki, əməliyyat şəraiti baxımından, həmçinin kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi cəhətdən meydana gələn yeni çağırışlar Akademiyada təhsil alan, gələcəklərini təhlükəsizlik orqanları ilə bağlayacaq kursantların öz biliklərini, burada çalışan mütəxəssislərin isə bacarıq və vərdişlərini dövrün tələblərinə uyğun artırmalarını, tədris proqramlarının davamlı yenilənməsini vacib edir və bu istiqamətdə lazımi tədbirlər görülməkdədir.