Dördlü formatda görüş sülhü təmin edəcəkmi?
Siyasət

Dördlü formatda görüş sülhü təmin edəcəkmi?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağın taleyi ilə bağlı irəli sürdüyü dördtərəfli görüş təklifi mövcud regional gərginliyi aradan qaldırmaq üçün əsaslı platforma ola bilər. Xüsusən də Azərbaycanın üzləşdiyi təxribatların fonunda sülh prosesinin sürətlənməsində Türkiyənin həlledici mövqeye sahib olması olduqca önəmlidir. Ermənistanın ABŞ-la hərbi təlimlər keçirməsi, ölkə ərazisində səfərbərlik prosesinin başlanması bunu deməyə əsas verir ki, növbəti münaqişə ocaqlarının yaranmasının qarşısı alınmalıdır. Məhz bu çərçivədə dördtərəfli görüşün keçirilməsi sülh gündəliyi üçün müsbət xarakter daşıyır.

Rəcəb Tayyib Ərdoğan deyib: "Biz Rusiya Prezidenti Vladimir Putinin, Azərbaycan Prezidenti İlham Əliyevin, mənim və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə dördlü formatda görüşün keçirilməsini təklif etmişik ki, addımı ona görə ataq. Hələ bizə bu təkliflə bağlı münasibət bildirilməyib. Bu məsələni Azərbaycan Prezidenti İlham Əliyevlə də danışacağıq. Vəziyyəti yaxından izləyəcəyik". Rusiya ilə danışıqlar zamanı taxıl dəhlizi məsələsi ətrafında müsbət ab-havanın reallaşdırılmasında mühüm rol oynayan Türkiyənin regiondakı gərginliyin azaldılmasına verdiyi töhfə regional sabitliyə xidmət edir.

Qarabağ münaqişəsinin ilk günlərindən Türkiyə dövləti daim Azərbaycanın haqlı tələblərini yüksək tribunalardan açıq şəkildə müdafiə edərək regional təhdidlərin aradan qaldırılması üçün çalışır.

Müttəfiq və qardaş ölkə olan Türkiyənin bütün türk dünyasının maraqları çərçivəsində, eləcə də regiondakı oyunçuların rifahının təmin edilməsinə uyğun olaraq təklif etdiyi dördtərəfli görüş bunu deməyə əsas verir ki, haylar üçün artıq sülh müqaviləsinin imzalanması birinci dərəcəli müddəa olmalıdır.

Tərəflərdən birinin Rusiya olacağını nəzərə alsaq, son dövrdə qərbə meyil göstərən xain düşmənin mövqeyinin necə formalaşacağı sual altındadır. İstənilən halda Azərbaycan-Türkiyə tandemi və Qafqazda önəmli güc mərkəzi hesab edilən Rusiyanın iştirakı İrəvanın məsuliyyətini bir qədər artıracaq. Danışıqlar çərçivəsində artıq Ermənistanı sülhə məcburetmə prosesinin başladılması müşahidə edilsə də, baş nazir Nikol Paşinyanın bu kimi görüşlərdə sülh çağırışlarına əməldə təxribatlarla cavab verdiyi məlumdur. Münaqişənin həlli yolunun yalnız Azərbaycanın təklif etdiyi şərtlər çərçivəsində həyata keçiriləcəyi isə postmüharibə dövrünün reallıqlarından biridir. İşğal etdiyi Azərbaycan torpaqlarını azad etmək haqqında BMT Təhlükəsizlik Şurasının, müxtəlif beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə və çağırışlarına məhəl qoymayan Ermənistan nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə böyük təhdid yaradır. Bu baxımdan, qalib dövlət kimi Azərbaycanın sülh imperativləri danışıqların əsas predmetidir.

Türkiyənin regionda fəallığı beynəlxalq münasibətlər baxımından başadüşüləndir. Xüsusilə, Şuşa Bəyannaməsinin imzalanması ilə rəsmi olaraq Azərbaycanın üzləşdiyi regional hər hansı bir təhlükəyə görə qardaş Türkiyə də məsuliyyət daşıyır. Şuşa Bəyannaməsi keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Prezident İlham Əliyev Qars müqaviləsini xatırlatdı və bildirdi ki, uzun illər sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Prezident İlham Əliyev Şuşa Bəyannaməsi ilə bağlı iki məsələnin əhəmiyyətini bildirmişdir. Ölkə başçımız Bəyannamədə qarşılıqlı hərbi yardım göstərmək haqqında bəndi vurğulamaqla bu sənədin məhz müdafiə sahəsində ciddi perspektivləri özündə əks etdirən razılaşma olduğunu diqqətə çatdırmışdır. Digər tərəfdən, Rusiya ilə strateji müttəfiq olmağımız təklif edilən dördtərəfli platformadakı iştirakçıları dəqiq müəyyənləşdirmiş olur.

Ermənistan isə daim yeni havadar axtarışındadır. Hindistan, Kanada, ABŞ, Fransa və Avropanın bir çox güc dairələrinə maşa olmuş düşmənin müharibədən sonra dirçəldilməsi faktları ilə qarşılaşırıq. İlkin növbədə, bu kimi xəbis niyyətlərin qarşısı alınmalıdır. Mövcud vəziyyətdə Xankəndidəki xunta rejiminin keçirdiyi qanunsuz "seçki"lərdən sonra hərbi aktivliyin artması riyakarlıqdan başqa bir şey deyil.

Bunun ardınca atılacaq addımlar məhz Ermənistanın yerinə otuzdurulmasına indekslənməlidir. Bütün dünya görür ki, aqressor əl atdığı təxribatlarla mövcud vəziyyəti gərginləşdirməyə çalışır. Azərbaycanın öz ərazilərində keçirdiyi payız-qış hərbi təlimlərini bəhanə edərək yeni müharibə arzusuna düşməyin Ermənistan üçün acı nəticələri olacaq. Ermənistan hər keçən gün hansısa təxribatı törətməklə Azərbaycan tərəfini antiterror əməliyyatlarını keçirməyə məcbur etməkdədir. Bu baş verdikdən sonra nə olacaq? Onlar dünyaya car çəkəcəklər ki, bu ərazilərdə Azərbaycan tərəfi erməni əhalinin təhlükəsizliyini təmin edə bilmir.

Ermənistan ilkin növbədə, delimitasiya və demarkasiya prosesini sürətləndirməli, Naxçıvanla Azərbaycan arasındakı quru əlaqəni və digər kommunikasiyaları bərpa etməlidir. Bu, bütün türk dünyasının və regionda marağı olan qlobal güclərin tələbidir. Məhz hazırkı vəziyyətdə Rəcəb Tayyib Ərdoğanın məsələyə aşkar müdaxilə istəyinin birbaşa səbəblərindən biri də budur.

Nurlan ABDALOV,

"Respublika".