Dünya xəbərləri

"Disney Plus"un "Atatürk" televiziya serialının beynəlxalq yayımını dayandırması xəbəri Türkiyədə etirazla qarşılanıb

Keçən il Türkiyədə yayıma başlayan ''Disney Plus'' platformasının qalmaqallı qərarı ölkədə ciddi narazılığa səbəb olub. Belə ki, "Disney Plus" rəqəmsal platformasının ən gözlənilən layihələrindən biri "Atatürk" serialı idi. Mehmet Ada Öztekinin rejissoru olduğu serialda Mustafa Kamal Atatürkü Aras Bulut İynemli canlandırıb. İlk tanıtım videosu ilə böyük marağa səbəb olan "Lanistar Media" imzalı serialda Mustafa Kamal Atatürkün uşaqlıq illərindən milli mübarizəyə qədər keçdiyi yol və onun insani keyfiyyətlərini önə çıxaran hadisələr təsvir olunur. "Disney Plus" tərəfindən "Atatürk" serialının 2023-cü ilin 29 oktyabrında yayımlanacağı açıqlanmışdı. Amma çox təəccüblüdür ki, platforma serialın reklamını dayandırıb və ekran işini yayımlamamaq barədə qərar qəbul edib.

"Disney Plus"un "Atatürk" serialının yayımından vaz keçməsinin arxasında erməni lobbisinin olduğu iddia edilir. Qərardan sonra bir erməni xəbər səhifəsində "Ləğv qərarının erməni icmasının təzyiqi və Amerika Erməni Milli Komitəsinin (ANCA) tələblərinin təsiri olduğu bildirilir" kimi paylaşım edilib. ''Disney Plus''a sərt reaksiya verən AK Partiya sözçüsü Ömər Çelik: "Bu münasibət Türkiyə Cümhuriyyətinin və millətimizin dəyərlərinə hörmətsizlikdir", - deyərək etiraz edib.

Ləğv qərarına tviterdə başqa bir erməni xəbər saytı da reaksiya verib. ''Disney Plus'' platformasının ''Atatürk'' serialını ləğv etmək qərarına gəldiyini elan etməkdən məmnunuq. 29 oktyabr 2023-cü ildə yayımlanması planlaşdırılan altı bölümün yayımlanacağını elan etməsinə və Emma Uattsonun heyəti də daxil olmaqla 8 milyon dollar xərclədiyi bildirilsə də, platforma ağıllı şəkildə onu efirə verməmək seçimini etdi. Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş ''Disney Plus'' tərəfindən istehsal olunan serial artıq bədii filmə çevriləcək və yalnız Türkiyə kinoteatrlarında nümayiş olunacaq".

Türkiyə Radio və Televiziya Üst Şurasının (RTÜK) sədri Ebubekir Şahin "Atatürk" serialının yayımdan çıxarılmasından sonra ''Disney Plus'' platforması ilə bağlı araşdırma aparılacağına qərar verildiyini açıqlayıb: "Türkiyə Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal Atatürk bizim ən mühüm ictimai dəyərimizdir. Erməni iddiaları, mətbuatda əksini tapan lobbi müdaxilələri ciddi şəkildə araşdırılır".

"Atatürk" serialının yayımlanmaması qərarını verən "Disney Plus" rəsmilərinin Türkiyə Böyük Millət Məclisinə (TBMM) çağırılacağı da bildirilib. Bu sözləri TBMM Rəqəmsal Media Komissiyasının sədri və AK Partiya Hatay millət vəkili Hüseyn Yayman deyib.

Hüseyn Yayman İnformasiya Texnologiyaları qurumunu hərəkətə keçməyə səsləyib: "Bu qərara görə "Disney Plus"un lisenziyasının ləğvindən tutmuş reklam qadağasına qədər hər cür təzminat tələb edəcəyik".

 Öz növbəsində 218 təqaüdçü diplomat da məsələyə sərt reaksiya verib.

Təqaüdçü diplomatların etiraz mətnində aşağıdakı fikirlər öz əksini tapıb:

"Serialın yayımının dayandırılmasının səbəbi xüsusilə Amerika Erməni Milli Komitəsinin (ANCA) lobbiçilik fəaliyyəti ilə bağlıdır. "Disney Plus'' yəqin ki, ANCA-nın sistematik olaraq türklərə qarşı qarayaxma kampaniyaları apardığını və 1970-1980-ci illərdə türk diplomatlarının dünya üzrə sui-qəsdlərindən məsul olan ASALA terror təşkilatını dəstəklədiyini bilir. Güman etmək istərdik ki, ''Disney Plus'' terror təşkilatı ilə dolayı yolla olsa belə, hər hansı bir əlaqədən qaçmaq üçün son dərəcə həssas olacaq. Beynəlxalq səviyyədə qəbul edilən Atatürk anlayışı kontekstində Disneydən 1981-ci ildə UNESCO-nun Atatürkün 100 illik yubileyi münasibətilə qəbul etdiyi qərarı xatırlamağı xahiş edirik. Birləşmiş Millətlər Təşkilatının qətnaməsində Atatürkün dünyada davamlı sülhün mühüm tərəfdarı olduğu və onun rəngindən, dinindən və irqindən asılı olmayaraq xalqlar arasında harmoniya və əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük səylər göstərdiyi təsdiqlənir. Bu səbəbdən biz "Disney Plus"dan Atatürk serialının əvvəlcədən planlaşdırıldığı kimi yayımlanmasını xahiş edirik".

Müzakirələrdən sonra "The Walt Disney Company"nin Türkiyə baş direktoru Cenk Soner "Atatürk" serialının bütün dünya əvəzinə Türkiyədə iki film olaraq yalnız bir televiziya kanalında və kinoteatrlarda yayımlanacağını açıqlayıb. "İlk film 29 oktyabr Respublika Günündə "Fox" televiziya kanalında, noyabrın 3-də kinoteatrda, ikinci film isə dekabrın 22-dən kinoteatrlarda yayımlanacaq. Hər iki film 2024-cü ilin yayında "Fox" kanalının ekranlarında nümayiş olunacaq".

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.