Dini kitabların yandırılması barbarlıqdır
Digər xəbərlər

Dini kitabların yandırılması barbarlıqdır

Müasir dünyada bəzən İslam dini radikal qrupların hədəfinə tuş gəlir. Dəfələrlə İslamın müqəddəs kitabı, "Qurani-Kərim"in yandırılması, anti-İslam hərəkatları buna nümunədir. Məlumdur ki, dinlərarası dialoqu təşviq etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası qətnamə qəbul edib. Qətnamədə qeyd edilib ki, müqəddəs kitablara qarşı hər hansı bir təhqir qəti şəkildə pislənilir və beynəlxalq hüququn pozulması hesab olunur.

Həmçinin sənəddə BMT ölkələrinin insanlara qarşı dini zəmində hücumları, habelə onların dini simvollarına, müqəddəs kitablarına, evlərinə, bizneslərinə, əmlaklarına, məktəblərə, mədəniyyət mərkəzlərinə qarşı yönəlmiş analoji hərəkətlər beynəlxalq hüquq normalarını pozan kəskin amillər kimi pislənilir. Lakin görünür ki, bir sıra ölkələr buna dırnaqarası baxır. Məsələn, ötən il Fransanın Korsika adasında yerləşən Ayaçço şəhərində bir qrup maskalı şəxs müsəlmanların ibadət üçün toplaşdığı məscidə hücum edərək məkanı alt-üst edib. Daha sonra orada olan "Qurani-Kərim" kitablarını yandıran cinayətkarlar "Ərəblər, rədd olun!", "Bura bizim evimizdir!", - deyə şüarlar səsləndiriblər. Bununla yanaşı, Fransa mətbuatı və siyasi elitası da İslama qarşı mübarizə aparır.

Ötən günlərdə İsveçin paytaxtı Stokholmun mərkəzində iraqlı mühacir Salvan Momika "Qurani-Kərim" kitabını yandırıb. Bu barədə İsveçin "Aftonbladet" qəzeti yazıb. Orada qeyd edilib ki, Salvan Momika "Quran"ın vərəqlərini cırıb, onlarla ayaqqabılarını silib, daha sonra kitabı yandırıb. Aksiya Stokholm məscidi yaxınlığında baş verib və media nümayəndələri də daxil olmaqla 200-dən çox insan tərəfindən izlənilib. Qeyd edək ki, aksiya Stokholm polisinin icazəsi ilə həyata keçirilib. Dünya ictimaiyəti bu məsələyə öz sərt mövqeyini bildirib. Türkiyənin xarici işlər naziri Hakan Fidanın reaksiyası belə olub: "Mən bu alçaq hərəkəti qınayıram. İfadə azadlığı bəhanəsi ilə İslama zidd bu hərəkətlərə icazə verilməsi qəbuledilməzdir". Bölgədə olan vətəndaşlardan etiraz gəlsə də polis Salvan Momikanı müdafiə edib.  Bu da onu deməyə əsas verir ki, hakimiyyət anti-İslam hərəkətlərini dəstəkləyir.

İslam dininə ibadət edən insanların Avropa ölkələrində demoqrafik vəziyyəti ilə bağlı 2017-ci ildə Vaşinqtonda yerləşən "Pew Research Center" adlı beyin mərkəzi tərəfindən dərc olunmuş araşdırmada qeyd edilir ki, 2016-cı ilin ortaları üçün Fransa əhalisinin 8,8 faizini (5,7 milyon nəfər) müsəlmanlar təşkil edib. Avropa şəhərləri arasında Paris şəhəri və İl-dö-Frans rayonu müsəlman əhalinin sayına görə birinci yerdədir. Burada 2,8 milyon müsəlman əhalinin yaşadığı güman edilir. Müsəlmanların say göstəricisinə görə, 67,5 milyon əhalisi olan Fransa Avropa İttifaqı ölkələri sırasında birinci yeri tutur. Bu rəqəmin 2050-ci ilə qədər iki dəfədən çox artacağı proqnozlaşdırılır. Almaniyanın "Statista" şirkətinin statistik rəqəmlərinə görə də Fransa əhalisinin 8 faizi müsəlmanlardan ibarətdir. Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısındakı çıxışında bildirilib ki, bu kimi davranışlar İslam dünyasına qarşı düşmənçilikdir: "Bütün müsəlmanların hisslərini təhqir edən Ermənistanın müsəlman ölkələri ilə əlaqələrini genişləndirmək cəhdləri riyakarlıqdan başqa bir şey deyil. Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə dəyərli töhfələr vermişdir. Biz müxtəlif beynəlxalq kürsülərdən İslam ölkələrini birliyə çağırmışıq. Azərbaycan İslam dininin zorakılıq və terrorla əlaqələndirilməsini kəskin şəkildə pisləyir. Biz islamofobiyaya qarşı mübarizə aparmalı və İslamın həqiqi dəyərlərini - sülh, tolerantlıq və ədaləti təşviq etməliyik. Bu mənada, qardaş Pakistanın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının 15 mart tarixinin Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan olunması qərarını alqışlayırıq".

Ölkə başçısının da qeyd etdiyi kimi, 15 mart tarixi İslamofobiya ilə Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan edilib. Həmin günün qəbul edilməsi ilə bağlı bir neçə konfrans və görüş keçirilib, nəticədə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci il mart ayının 15-ni İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib. Bu il İslamofobiya Gününün birilliyi münasibətilə paytaxt Bakıda "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans zamanı BMT-nin Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos videobağlantı edib. O, çıxış zamanı İslamı sülh və monoteizm dini kimi təbliğ etməklə islamofobiyaya qarşı mübarizə aparılmalı olduğunu vurğulayıb. Həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov öz çıxışı zamanı islamofobiya, Fransanın İslam dininə münasibətindən söz açıb: "Fransada biz islamofobiyanın bir çox təzahürlərini müşahidə edirik. Mən boş yerə Fransanın adını çəkmədim. Çünki Fransada hazırda 5 milyon müsəlman yaşayır. Müsəlmanlıq bəzi cəmiyyətlərdə marginallaşdırılır. Lakin bu, cəmiyyətlərdə dini ayrı-seçkiliyin təməlini atan əsas səbəblərdəndir", - deyə bildirib.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Aparatının rəhbəri, İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Haqları Komissiyasının üzvü Aydın Səfixanlı Fransa vətəndaşı olan, hətta orada doğulmuş müsəlmanların hər gün qara siyahıya düşdüyünü, polisin hörmətsizliyi və nifrəti ilə qarşılaşdığını bildirib. Əlbəttə, bu konfransın paytaxt Bakıda keçirilməsi də bir çox mənada strateji əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının tolerant ölkə olması, bütün dinlərə hörmət etməsi konfrans üçün ən əlverişli məkan olduğunun nümunəsidir. Ölkəmizin məscidlərlə yanaşı, kilsə və sinaqoqları təmir etdirib qoruması da bunun ən böyük nümunəsidir.

Töhfə SƏMƏDOVA,

"Respublika".