Qərbin çirkin təbliğatı bizim iradəmizə təsir edə bilməz
Gündəm

Qərbin çirkin təbliğatı bizim iradəmizə təsir edə bilməz

"Bu gün biz bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik". Bu sözləri Prezident İlham Əliyev Həkəri çayının sahilində keçirilən "Laçın Şəhəri Günü" bayram tədbirində çıxışı zamanı deyib.

Qarabağın işğaldan azad edilməsindən sonra, erməni lobbisini və bəzi dairələri narahat edən məqamlar ortaya çıxdı. Qarabağın statusu məsələsi, yəni ermənilərə muxtariyyət məsələsi gündəmdən çıxarıldı, Qarabağ Azərbaycanın Qərb bölgəsi elan edildi və bu, rəsmiləşdirildi, Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçdi, Zəngəzur dəhlizinin açılması prosesi sürətləndi, İran İslam Respublikasının Ermənistana qanunsuz yükdaşımaları dayandırıldı və eyni zamanda Azərbaycan Ermənistanı işğal altında saxladığı ərazilərdə törətdiyi müharibə cinayətləri və digər bütün vəhşiliklərə görə məhkəməyə verəcəyini bildirdi. Erməni diasporunun təsiri altında fəaliyyət göstərən, həmçinin Azərbaycanın sürətli inkişafından narahat olan müəyyən qüvvələr ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək üçün bəzi yollara əl atdılar. Bu gün bir sıra Qərb ölkələrinin, o cümlədən Fransanın, Kanadanın Ermənistana dəstək bəyanatları bu ölkələrin hakim dairələrinin həqiqi simalarını və mahiyyətini aydın əks etdirir. Heç şübhəsiz ki, bu gün regionda yaşanmış müharibə və dağıntılara, Ermənistandakı kütləvi insan hüquqlarının pozulması hallarına, beynəlxalq cinayətlərə görə yalnız Paşinyan yox, onu hakimiyyətə gətirən, bütün əməllərinə göz yuman Qərb dairələri və təşkilatları da məsuliyyət daşıyırlar. Qərbin təlqin etdiyi dəyərlərə nə qədər sadiq olması şübhə altındadır və onların beynəlxalq səviyyədə inam və etibar kreditləri tamamilə tükənməkdədir. Qərb ölkələri unutmasınlar ki, cinayətkarın başını sığallamaq törədilən cinayətlərə ortaq olmaq deməkdir.

Görünür, ölkəmizin qətiyyətli mövqeyi, suverenliyini bərpa etməsi bir çox ermənipərəstlər kimi Robert Menendezin də canına qorxu saldı. ABŞ Senatının Beynəlxalq əlaqələr komitəsinin ermənipərəst sədri "Ermənilərin Azərbaycanın təcavüzündən qorunması haqqında" qanun layihəsi hazırlamaq fikrinə düşüb. Bu, həqiqətən gülüncdür. Qarabağdakı antiterror tədbirləri Menendezə necə pis təsir göstəribsə, nəinki ABŞ, ümumən dünya tarixində analoqu olmayan qanun layihəsi hazırlamağa girişib.

Həmçinin, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kim də Qarabağdakı antiterror tədbirlərindən sonra ermənipərəst mövqeyi ilə gündəmə gəldi.  O, "blokada və humanitar vəziyyət"lə bağlı Azərbaycana qarşı əsassız iddialar səsləndirdi. Öz açıqlamalarında Ermənistanın işğalçılıq siyasətini, Qarabağda məskunlaşmış separatçı qrupları deyil, Azərbaycanı hədəf seçdi. 5 oktyabrda isə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kim vəzifəsindən azad edildi.

Avropa Parlamenti isə oktyabrın 5-də Azərbaycanın Qarabağda hərbi əməliyyatlarını pisləyən və bunun məsuliyyətini daşıyanlara sanksiya tətbiq edilməsinə çağıran qətnamə qəbul edib. Avropa İttifaqının rəsmi Bakı ilə münasibətlərinə yenidən baxmasına çağıran qətnamə böyük səs çoxluğu ilə qəbul edilib. Avropa Parlamenti qətnaməsində Azərbaycana qarşı etnik və dini əsasda ayrı-seçkiliyi davam etdirdiyini bildirərək Azərbaycanın daxili işlərinə qarışmış, onun ərazi bütövlüyünə və suverenliyinə qəsd edən yanaşma sərgiləmişdir. Azərbaycanın Qarabağdakı erməni sakinlərinin reinteqrasiyasını görməzdən gələn və onların bir qisminin Ermənistana getməsini etnik təmizləmə kimi qiymətləndirən ermənipərəstlər nədənsə bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qalmasını görmək istəmirlər. Bütün bunlar bir daha sübut edir ki, Avropa Parlamenti üçün əsas məsələ öz mənfur niyyətləri naminə bölgədəki qeyri-sabitliyi saxlamaqdır.

Lakin anti-Azərbaycan qüvvələrin və onların yerli əlaltılarının ölkəmizə qarşı yönəlmiş fəaliyyəti heç bir nəticə verməyəcək.

Röya RÜSTƏMLİ,

"Respublika".