Deputat:
Gündəm

Deputat: "Forbes jurnalında həqiqətlər əks olunmayıb"

Ötən gün Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Forbes”də yayımlanmış qərəzli məqaləyə münasibət bildirib. Orada yer alan və həqiqəti əks etdirməyən iddialarla bağlı Hacıyev öz narahatlığını bildirərək qeyd edib ki, Euelina Oçabın müəllifi olduğu məqalənin Ermənistanın təbliğat maşını tərəfindən istifadə edildiyini qeyd edib. Şübhəsiz ki, bu, ölkəmizə qarşı yönəlmiş ilk qaralama kompaniyası deyil. Bundan öncə də haylar anti-Azərbaycan hərəkətləri ilə ictimayiəti çaşdırmağa çalışıb.

Mövzu ilə bağlı “Respublika”ya verdiyi açıqlamada deputat Naqif Həmzəyev bildirib ki, Ermənistan dezinformasiyasının təsiri altına düşən və hayların mövqeyindən çıxış edən, onları sanki əzilmiş, əziyyət çəkən, hücuma və təzyiqlərə məruz qalmış bir xalq kimi təqdim edən bir çox beynəlxalq təşkilatlar və hüquq müdafiəçiləri var:

“Bunlar birbaşa olaraq regiondakı həqiqətləri görməzdən gələrək sırf Ermənistan və erməni mövqeyindən çıxış edirlər. Bunun da səbəbi hər kəsə aydındır. Bu, birbaşa olaraq Ermənistan diasporunun, erməni lobbisinin dəstəyi ilə həyata keçirilib. Eyni zamanda bu məsələdə Ermənistanın mövqeyini müdafiə etməklə, Cənubi Qafqazda öz mövqelərini qoruyub saxlamaq istəyən qüvvələrin də yaxından iştirakı sezilməkdədir. Çox təəssüflər olsun ki, “Forbes” jurnalında yenidən Azərbaycan əleyhinə qərəzli bir mövqe ortaya qoyulub. Ancaq bu məqalənin müəllifi unudur ki, 30 ilə yaxın bir müddət ərzində Azərbaycan torpaqları məhz Ermənistan tərəfindən işğal altında saxlanıldı, azərbaycanlılara qarşı hərbi cinayətlər törədildi, soyqırım həyata keçirildi və bütün bu proseslər beynəlxalq ictimaiyyətin gözü qarşısında oldu. Bütün bunlarla yanaşı, Azərbaycanın BMT tərəfindən qəbul edilmiş dörd qətnaməsinin həyata keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən yox, Azərbaycan tərəfindən reallaşdırıldı və bu baxımdan da hesabatda biz qərəzin və erməni tərəfinin müdafiə olunmasının şahidi oluruq”.

Deputatın sözlərinə görə, Azərbaycanla bağlı isə burada həqiqətlər ümumiyyətlə qeyd edilmir:

“Bütün bunlarla yanaşı, 44 günlük Vətən müharibəsindən sonra beynəlxalq ictimaiyyət, o cümlədən Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar, səfirliklər və nümayəndələrinin bu ərazilərə mütəmadi olaraq səfərləri təşkil olundu. Şahid oldular ki, bu, 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarını yalnız işğal altında saxlamayıblar, həmçinin buradakı mədəni, tarixi, dini abidələr dağıdılıb, talan edilib, evlər sökülüb, bütün infrastruktur məhv edilib. Bununla da kifayətlənməyən Ermənistan Azərbaycan torpaqlarının ekoloji çirklənməsini həyata keçirib və bu günlərdə hələ də minatəmizləmə işləri yekunlaşmır. Çünki bu ərazilər tamamilə minalarla çirkləndirilib. Bütün bunlarla bağlı “Forbes” jurnalında və müəllifin digər yazılarında biz bu faktlara rast gəlmirik. Əgər bir hüquq müdafiəçisi öz mövqeyini qorumaq və öz məqaləsinin hər kəs tərəfindən qəbul olunmasını istəyirsə, o, ilk növbədə ədalətli olmalı, bütün məsələlər fakta söykənməli, hansısa şəxslərin təsiri altına düşməməlidir".

Naqif Həmzəyev təəssüf hissi ilə bildirib ki, biz “Forbes” jurnalında dərc edilən bu yazıda bunun əksini görürük və birbaşa olaraq Ermənistan mövqeyindən çıxış edən, onların informasiyasını təbliğ edən bir yazıya rast gəlirik:

"İstənilən halda, Azərbaycan bu günə qədər öz kartlarını açıq oynayıb, mövqeyini ortaya qoyub. Azərbaycan sülh tərəfdarıdır və ölkəmiz  regionda uzunmüddətli və dayanıqlı sülhün əldə olunmasını istəyir. Ermənistanın təsiri altında Azərbaycan ərazisində yaşayan və erməni əhalisini əsir saxlayan separatçılar gec-tez bu əməllərindən əl çəkmək məcburiyyətində qalacaqlar. Onlar silahı yerə qoyacaqlar, tutduqları qanunsuz və uydurduqları vəzifələri tərk edəcəklər, azərbaycanlılara qarşı törədilmiş bütün hərbi cinayətlərin iştirakçıları öz cəzalarını alacaqlar. Azərbaycan öz ərazisində yaşayan erməni əhalisinin hüquqlarının müdafiəsini özü həyata keçirəcəkdir. Yalançı şouların, ssenarilərin və informasiyaların ömrü çox az olacaq. Azərbaycan bütün təxribatların qarşısını uğurla alacaq. Biz inanırıq ki, bu cür yazılar, mövqelər günü-gündən azalacaq və dünya ictimaiyyəti də proseslərə ədalətli yanaşaraq, bu cür informasiyaların geniş ictimaiyyətə təqdim olunmasına şərait yaratmayacaqdır”.

Töhfə SƏMƏDOVA,

"Respublika".