“Cüt bacı”nın məkrli niyyətləri iflasa məhkumdur
Siyasət

 “Cüt bacı”nın məkrli niyyətləri iflasa məhkumdur

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa-Laçın yolunda aksiyanı davam etdirir. Aksiya iştirakçıları ekoloji terror, yataqların qanunsuz istismarı əleyhinə şüarlar səsləndirir, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər.

Buna baxmayaraq, Ermənistan və ermənipərəst dairələr feyk məlumatlar yayır ki, Azərbaycan guya aksiya keçirilən yerdə yolu tam bağlayıb. Halbuki, burada yolun blokadaya alınmasından ümumiyyətlə söhbət getmir, yoldan təcili yardım maşınları, mülki şəxslər sərbəst keçə bilər. Yolu məhz Rusiya sülhməramlıları bağlayıblar. Burada toplaşan Azərbaycanın vətəndaş cəmiyyəti, ictimaiyyət nümayəndələrinin tələbləri, istəkləri aydın, tamamilə qeyri-siyasi mahiyyətlidir. Hazırda havanın şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır. Azərbaycan ictimaiyyəti bu yoldan və ümumiyyətlə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yerlərdən məhz qanunsuz yükdaşımalara, hələ də ərazidən çıxarılmamış Ermənistan ordusunun tör-töküntülərinə, qanunsuz silahlı dəstələrinə, onlarla əlbir şəkildə Azərbaycanın təbii sərvətlərini talayanlara, qanunsuz istismarla məşğul olanlara qarşıdır.

"Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) Laçın yolunda etirazlar ilə əlaqədar 3 yanvar 2023-cü il tarixli növbəti bəyanatı tamamilə əsassızdır və beynəlxalq tərəfdaşlar arasında məsələ ilə bağlı çaşqınlıq yaratmaq və vəziyyəti süni gərginləşdirmək məqsədi daşıyır". Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan XİN-in bəyanatına dair şərhində bildirilib. Qeyd olunub ki, Ermənistanın ərazilərimizin 30 il işğalı dövründə təbii sərvətlərimizin talanması faktına qarşı Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti nümayəndəsinin etirazları ilə əlaqədar Ermənistan XİN-in təhrif dolu bəyanat verməsi təəccüblü deyil. Görünür ki, Ermənistan tərəfi hələ də Azərbaycan ərazisində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərin davam etməsində maraqlıdır.

Ekofəalların aksiyası ermənilərin “bacılarını” yaman narahat edir. Onlar hər cür çirkin vasitələrdən istifadə etməyə çalışırlar. Elə bu günlərdə BMT-də Fransanın ermənipərəst bəyanatının qəbulunun qarşısı alınıb. Bu barədə verilən məlumatda bildirilir ki, ötən il dekabrın 20-21-dəki müzakirələrdən dərhal sonra Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü və hazırda onun sədri kimi (daimi və qeyri-daimi üzvlər hər biri bir ay sədrlik edir) tamamilə ermənipərəst bəyanat hazırlayıb ki, orada Laçın-Xankəndi yolundakı vəziyyət humanitar fəlakət kimi təqdim olunub. "Bəyanat mətni üzərində diplomatik döyüş 10 gün davam edib", - nəşr vurğulayıb. Məlumata görə, Fransa tərəfdən prosesə birbaşa Fransa Prezident Administrasiyası və Emmanuel Makronun xarici siyasət üzrə müşavirləri rəhbərlik edib. BMT Təhlükəsizlik Şurasının daimi üzvü, hazırda Təhlükəsizlik Şurasının sədri olan Fransa 10 gün içində Laçın yolunda vəziyyətlə bağlı bəyanat qəbul etdirə bilməyib. Fransa-Ermənistan “bacılarının” 2022-ci ilin sentyabrında baş vermiş hadisələrlə bağlı BMT TŞ-də qəbul etdirmək istədiyi sənəd kimi, dekabrın 20-21-də Laçın-Xankəndi yolundakı vəziyyəti "humanitar fəlakət" kimi təqdim edən riyakar və tam ermənipərəst mətn də BMT TŞ-nin iclasında qəbul edilmədi. Bu bəyanat qəbul ediləcəyi təqdirdə növbəti addım kimi qətnaməyə çevirilməsi mümkün idi.

Bu, ilk belə hal deyil. Belə ki, 2022-ci ilin sentyabr hadisələrindən sonra da Ermənistanın müraciəti əsasında BMT TŞ-nin gündəliyinə "Ermənistanın BMT yanında Daimi nümayəndəsinin məktubu" adlı bənd daxil edilmişdi. Aydın məsələdir ki, sözügedən müraciət əsasında TŞ-nin gündəliyinə bəndin daxil edilməsi Fransanın dəstəyi olmadan baş verə bilməzdi. BMT TŞ-nin 4 qətnaməsi ola-ola 30 il ərzində BMT TŞ-nin Ermənistanın Azərbaycana təcavüzünə qarşı bir dəfə də olsun toplantı keçirməməsi də diqqət çəkir. Mümkündür ki, bu illər ərzində bənzər toplantının keçirilməsinin qarşısını alan ölkələrdən biri, hətta birincisi məhz Fransa idi. Fransa əslində belə geosiyasi oyunlarla sadəcə Cənubi Qafqaza soxulmaq istəyir. Bunun üçün isə BMT TŞ-nin daimi və qeyri-daimi üzvlərini də öz çirkin xarici siyasətinə alət etməkdən çəkinmir. Lakin nə Ermənistanın, nə də Fransanın məkrli planı baş tutmadı. Azərbaycan xarici siyasət və diplomatiya sayəsində Fransanın məkrli planını iflasa uğratdı.

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, BMT Təhlükəsizlik Şurasının 20 dekabr 2022-ci il tarixli iclası ilə bağlı Ermənistan XİN-in manipulyasiya kampaniyasına baxmayaraq, demək olar ki, bütün BMT TŞ üzv dövlətləri üçtərəfli Bəyanat üzrə öhdəliklərin yerinə yetirilməsinə, eləcə də suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmət edilməsi ilə bağlı çağırışlar etdikləri, bununla da Azərbaycanın mövqeyini təsdiqlədikləri, Ermənistanın təxribatlarına dəstək nümayiş etdirilmədiyi bəllidir. Azərbaycan ərazisinə hər hansı bir missiya göndərmək barədə Ermənistanın çağırışları Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı növbəti təxribat kimi qiymətləndirilir və buna son qoyulmalıdır.

Mustafa KAMAL,

"Respublika".