Azərbaycandan “yaşıl enerji
Ekologiya

Azərbaycandan “yaşıl enerji" nümunəsi

Son yüzilliklərdə ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və havanın çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevrilmişdir.

Dünyada demoqrafik artımla yanaşı, istehlakın kəskin artması, qlobal istiləşmə, ozon qatının zədələnməsi, təbii ehtiyatların tükənməsi kimi narahatlıq doğuran məsələlər ətraf mühitlə bağlı fəaliyyətlərə də öz təsirini göstərmişdir.  Hazırda beynəlxalq aləmdə mövcud ekoloji problemlərin həllində mütərəqqi metodlar tətbiq edilir.

Əksər təhlükələrin, o cümlədən bəşəriyyəti məhv edə biləcək nüvə müharibələrinin, kosmik fəlakətlərin - Yer kürəsinin meteoritlərlə toqquşması, Ozon qatının deşilməsi, havada karbon qazının çoxalması hesabına planetin temperaturunun artması ("parnik effekti"), su qıtlığı, ərzaq çatışmazlığı və digər təbiət hadisələrinin qarşısını almağa çalışsalar da, dünya miqyasında ekoloji problemlər getdikcə artır. Bütün bunları əvvəlcədən görən Ulu Öndər Heydər Əliyev demişdir: "...Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir...".

Son illərdə qlobal enerji siyasətində əsas istiqamətlərdən biri enerji keçididir. Enerji keçidi ən müasir texnologiyalar tətbiq edilməklə ənənəvi enerji resurslarının bərpaolunan enerji mənbələri ilə əvəz olunmasını özündə ehtiva edir. Bərpaolunan enerji texnologiyalarının sürətli inkişafı və dünya ölkələrinin qarşıya qoyduqları iqlim hədəfləri "yaşıl enerji" keçidini sürətləndirməkdədir.

Respublikamızın təbii-coğrafi mövqeyi, relyefi, iqlim şəraiti, günəş, torpaq, külək, su, biokütlə təbii enerjiyaratma potensialı baxımından zəngindir və bu, ölkəmizdə ekoloji cəhətdən təmiz alternativ və bərpaolunan enerji mənbələrindən düzgün və səmərəli istifadə edilməsinə geniş imkanlar yaradır.

Azərbaycanda ildə 270 küləkli və 300 günəşli günün olmasını nəzərə alsaq, demək olar ki, regionda günəş və külək energetikasının inkişafı daha perspektivlidir. Ölkəmizin ərazisində günəşli günlərin sayının çox olması günəş-istilik enerjisindən istifadə üçün əlverişli imkanlar yaradır. Yerdən 150 milyon km məsafədə yerləşən Günəşin Yer səthinə düşən enerjisinin miqdarı dünyada olan bütün neft, təbii qaz, daş kömür və digər yanacaq ehtiyatlarından qat-qat çoxdur. Bu gün günəş enerjisinin 0,0125 faizini səmərəli istifadə etməklə dünyaya lazım olan enerjinin bütün ehtiyaclarını tam ödəmək mümkündür.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"dən biri kimi "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi"nin müəyyənləşdirildiyini nəzərə alaraq qeyd etmək olar ki, qarşıdakı dövrdə bərpaolunan enerji mənbələrindən istifadəyə diqqət daha da artırılacaq. Prioritetin "yaşıl enerji məkanı" adlı alt məqsədinə uyğun olaraq eyni zamanda elektromobillərdən istifadə və enerji səmərəliliyi də diqqət mərkəzində saxlanılacaq.

Bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürüldüyü və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə payının 30%-ə çatdırılmasının (hazırda 17% təşkil edir) hədəf kimi müəyyənləşdirildiyi nəzərə alınmaqla bu istiqamətdə bir çox işlər görülür. Bu sahədə ilk normativ sənəd kimi "Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında" qanun layihəsi hazırlanıb, müvafiq prosedurlardan sonra 31 may 2021-ci il tarixində Azərbaycanın Milli Məclisində üçüncü oxunuşda qəbul edilib. Qanunda sahənin inkişafına özəl, o cümlədən xarici investisiyaların cəlbi istiqamətində mexanizmlər nəzərdə tutulub ki, bunlardan biri bərpaolunan enerji hərraclarının təşkilidir. Bu istiqamətdə Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə "Azərbaycanda bərpaolunan enerji hərraclarının keçirilməsinə dəstək" layihəsi həyata keçirilir. Layihə çərçivəsində hərrac qaydaları işlənilib hazırlanır.

Dünyada "yaşıl enerji" kimi tanınan bu təcrübə geniş yayılıb və təbii göstəricilərə əsasən Azərbaycanda Bakı şəhəri və Abşeron yarımadasında, o cümlədən azad olunmuş ərazilərdə külək və günəş enerjisinin böyük potensialı vardır. Bu baxımdan, Azərbaycanın dilbər guşəsi Qarabağda "yaşıl enerji" layihələrinin geniş miqyasda tətbiq edilməsi və ərazinin "yaşıl zonaya" çevrilməsi planlaşdırılır. Dövlət başçısı qeyd edib ki, "yaşıl enerji" konsepsiyası Azərbaycan üçün irəliyə aparan yoldur: "Bu, bütün ölkəyə və xüsusən də azad olunmuş ərazilərə aiddir. Mən artıq bəyan etmişəm ki, azad olunmuş bütün ərazilər "yaşıl enerji zonası"nı təşkil edəcək. Onlar Azərbaycanın böyük hissəsini təşkil edir. Eyni zamanda biz orada "ağıllı şəhər", hətta "ağıllı kənd" adlanan müasir texnologiyaları tətbiq edəcəyik. Bu, həmçinin Azərbaycanın yenidənqurmaya, müasirləşməyə və texnoloji tərəqqiyə ehtiyac duyduğumuz digər bölgələri üçün yaxşı nümunə olacaq".

Prezident İlham Əliyev Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri çərçivəsində çıxışlarında düşməndən təmizlənən ərazilərin tezliklə yenidən qurulacağını bildirib.

Zəngəzur dəhlizi digər infrastruktur layihələri ilə yanaşı, enerji növlərinin ixrac edilməsi ilə bağlı da mühüm rola sahib olacaq. Bu dəhliz vasitəsilə gələcəkdə Avropa və Türkiyəyə enerji ixracı nəzərdə tutulur. Belə ki, "Cəbrayıl" enerji qovşağının yaradılması, elektrik veriliş xətlərinin Zəngəzur dəhlizindən keçməklə Naxçıvan Muxtar Respublikasına çəkilməsi ilə elektrik enerjisinin Türkiyəyə, oradan da Avropa bazarlarına ixrac edilməsi Azərbaycanın iqtisadi və geosiyasi rolunu daha da artıracaq, ölkəmizin inkişafına öz töhfəsini verəcək. İndi dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəlib.

Laçın-Kəlbəcər bölgələrində külək enerjisindən, Zəngilan-Cəbrayıl bölgələrində isə günəş enerjisindən istifadə imkanları genişdir. "Yaşıl enerji" zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağ ərazisi dünyanın ən müasir yaşayış məskənlərindən biri olacaq.

Aiza ŞABANOVA,

"Respublika".