COP29 qeyri-neft sektorunun inkişafına təkan verəcək
Ekologiya

COP29 qeyri-neft sektorunun inkişafına təkan verəcək

2024-cü il respublikamızda "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Bu il "yaşıl iqtisadiyyat", "yaşıl energetika" sahəsində həyata keçirilən  iqtisadi siyasət davam etdiriləcək.

Alternativ mənbələrdən külək, günəş enerjisindən istifadə imkanları yenidən təhlil olunacaq. Hətta müvafiq elektrik, eləcə də enerji mənbəyinə söykənən stansiyalar yaradılacaq. Bu, əlbəttə ki, ənənəvi yanacaqdan daha səmərəli  istifadənin təminatına yönəlib. Belə olduğu təqdirdə isə ölkəyə valyuta gəlirləri artacaq, alternativ enerji mənbəyi əsasında elektroenerjinin istehsalı havaya atılan karbon qazının həcminin azalmasına gətirib çıxaracaq. COP29-a ev sahibliyi Azərbaycanın dünyadakı nüfuzunu daha da artıracaq. Məlum olduğu kimi, bu istiqamətdə işlər aparılır, tədbirlər planı həyata keçirilir. Ölkəmizdə ənənəvi neft-qaz sahəsinin inkişafı ilə bağlı 2030-cu ilə qədər havaya atılan karbon qazının həcminin azaldılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir. COP29-un keçirilməsi ilə bağlı müvafiq qurumlar tərəfindən onların nümayəndələrinin iştirakı ilə komitə yaradılıb. Komitə çərçivəsində bu işçi qrupu təşkilati işlər və iqlim dəyişmələri ilə bağlı müzakirələr üçün panellər yaratmalıdır. Hesab edirəm, bu sahədə Azərbaycan öz potensialından daha geniş istifadə edəcək. Bu baxımdan, ilk növbədə işğaldan azad olunmuş torpaqlarda, eyni zamanda Azərbaycanın digər regionlarında alternativ enerji mənbələrindən istifadə imkanları da qiymətləndirilməlidir. COP29-un ölkəmizdə keçirilməsi, Azərbaycanda bu sektora həm yeni texnologiyaların gəlməsinə, həm də xarici investisiyaların yatırılmasına imkan yaradacaq. Bununla yanaşı, sözügedən tədbir ekoloji mühitin daha da sağlamlaşmasına, ölkəmizin beynəlxalq imicinin yüksəlməsinə, strateji inkişafda əsas hədəflərimizdən biri olan qeyri-neft sektorunun inkişafına təkan verəcək.

Çingiz İSMAYILOV,

ekoloq.