COP konfransları: tarix nə göstərir
Ekologiya

COP konfransları: tarix nə göstərir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) 11-22 noyabr 2024-cü il tarixlərində Azərbaycanın paytaxtı Bakıda keçiriləcək.

Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi bütün mümkün olan resursları cəlb etməklə Tərəflərin 29-cu sessiyasının (COP 29) yüksək səviyyədə keçirilməsi üçün bütün səyləri birləşdirir və gərgin iş rejimində çalışır.

Tərəflər Konfransının (COP) tarixi 1995-ci ildə keçirilən ilk iclasdan başlayıb. Bu, 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit və İnkişaf üzrə Konfransında qəbul edilmiş İqlim Dəyişmələri üzrə Birləşmiş Millətlər Təşkilatının Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində əsas hadisə idi. O vaxtdan bəri COP hər il keçirilir və bu konfranslar iqlim dəyişmələri ilə mübarizə üçün beynəlxalq əməkdaşlığı gücləndirir.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) məqsədi atmosferdə istixana qazlarının konsentrasiyalarını təhlükəsiz səviyyədə sabitləşdirmək, insanların iqlim sisteminə təhlükəli təsirlərinin qarşısını almaqdır.

İstixana qazı nədir?

Yer atmosferindəki əsas istixana qazları su buxarı, karbon qazı,  azot oksidi, ozon, metan və sintetik kimyəvi maddələrdir. İstixana effekti atmosferin aşağı təbəqələrindəki istixana qazları hesabına planetin temperaturunun artmasıdır.

Tərəflərin konfransları (COP) iştirakçı ölkələr üçün UNFCCC öhdəliklərinin yerinə yetirilməsi istiqamətində əldə edilmiş tərəqqini qiymətləndirməyə və gələcək addımları müzakirə etməyə xidmət edir. Kioto Protokolu və Paris Sazişi COP konfranslarının nəticələridir və konvensiyanın məqsədlərinə çatmağa yönəlib.

Bu illər ərzində COP 1997-ci il Kioto Protokolu və 2015-ci il Paris Sazişi kimi əsas beynəlxalq müqavilələr üzrə danışıqlar üçün forum olmuşdur. Bu sənədlər istixana qazları emissiyalarının azaldılması və baş verən iqlim dəyişmələrinə uyğunlaşma istiqamətində mühüm addımlardır.

COP minlərlə iştirakçını, o cümlədən hökumət nümayəndələrini, akademik dairələri, qeyri-hökumət təşkilatlarını və özəl sektoru cəlb edir. Konfranslarda yeni elmi sübutlar müzakirə olunur, siyasi həllər işlənib hazırlanır və inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizə səylərində dəstək olmaq üçün maliyyə mexanizmləri yaradılır.

COP həm də inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinə uyğunlaşmaq və aşağı karbonlu iqtisadiyyata keçid üçün maliyyə dəstəyinin səfərbər edilməsində əsas rol oynayır. Həmçinin davamlı inkişafa keçidi sürətləndirməyə kömək edə biləcək ən yaxşı təcrübə və innovativ texnologiyaların mübadiləsi üçün platformadır. Danışıqlar prosesinin müxtəlif çağırışlarına və mürəkkəbliyinə baxmayaraq, COP qlobal iqlim dəyişmələrinin həlli üçün ən mühüm beynəlxalq forumlardan biri olaraq qalır.

1995-ci ildə Berlində baş tutan ilk konfransdan sonra iqlim dəyişmələri problemlərini müzakirə etmək və onların həlli yollarını tapmaq üçün hər il konfranslar keçirilir. Əsas məqam 1997-ci ildə Yaponiyanın Kioto şəhərində keçirilən konfrans oldu ki, orada inkişaf etmiş ölkələri istixana qazı emissiyalarını azaltmağa məcbur edən Kioto Protokolu qəbul edildi. 2015-ci ildə Fransanın Paris şəhərində COP 21-də emissiyaların azaldılması və fəlakətli iqlim dəyişmələrinin qarşısının alınması üçün qlobal hədəflər müəyyən edən Paris Sazişi əldə olundu.

2021-ci ildə Qlazqoda, Böyük Britaniyada  keçirilən COP 26 Paris Sazişinə əsasən fəaliyyətin sürətləndirilməsi və emissiyaların azaldılması üzrə ölkələrin ambisiyalarının artırılması səylərinə yönəldi.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) uyğun olaraq qəbul edilmiş Paris Sazişinin əsas məqsədlərindən biri qlobal orta temperaturun artımını sənayedən əvvəlki səviyyədən 2 dərəcədən aşağı səviyyədə məhdudlaşdırmaqdır. Bu, geri dönməz və fəlakətli iqlim dəyişmələrinə səbəb ola biləcək kritik hədd hesab olunur.

Bu məqsədə nail olmaq istixana qazlarının emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasını və dayanıqlı enerji mənbələrinə keçidi tələb edir. COP ölkələri bunun üçün milli tədbirlər görməyə və onların tərəqqisi haqqında mütəmadi olaraq hesabat verməyə sadiqdirlər.

Bundan əlavə, Paris Sazişində istiləşmənin 1,5 dərəcə Selsi ilə məhdudlaşdırılması kimi daha iddialı məqsəd qoyulub ki, bu da beynəlxalq ictimaiyyətdən mühüm tədbirlər görməyi tələb edir. Bu, iqlim dəyişmələri ilə mübarizədə əməkdaşlığın və innovasiyaların vacibliyini vurğulayır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası şəffaflıq çərçivəsini tamamlamaq və maliyyə üzrə yeni kollektiv miqyaslı məqsədi həyata keçirmək üçün təşkil olunacaq.

Bu konfransın məqsədi, iqlim dəyişmələrinin təsirlərini azaltmaq və dünya iqlim sisteminin stabilliyini təmin etməkdir. Bu, insan fəaliyyətinin atmosferdəki sera qazlarının konsentrasiyasını belə bir səviyyədə saxlamağı tələb edir ki, insanların iqlim sistemindəki potensial təhlükəli dəyişikliklərə uyğunlaşmağı mümkün olsun.

Hər bir Azərbaycan vətəndaşı bu tədbirin ölkəmizdə yüksək səviyyədə keçirilməsi üçün öz üzərinə düşən vəzifələri yerinə yetirməli və respublikamızın adının  daha uca zirvələrə qalxmasına dəstək olmalıdır.

Gülşən AXUNDOVA,

Qadın, İnkişaf, Gələcək İctimai Birliyinin sədri,

COP 29 Təşkilat Komitəsinin üzvü.