Cibindən ərəb dilində yazı çıxan əlcəzairli dərhal güllələnirdi - Əlcəzairli tarixçi danışır
Digər xəbərlər

Cibindən ərəb dilində yazı çıxan əlcəzairli dərhal güllələnirdi - Əlcəzairli tarixçi danışır

Hamımız - Parisdəki Əlcəzair assosiasiyaları, tarixçilər, dostlarımız Fransadan özünün törətdiyi "dövlət cinayəti"ni tanımasını tələb edirik. Biz Bezon körpüsü üzərində əlcəzairlilərə qarşı dəhşətli qırğını məhz "dövlət cinayəti" adlandırırıq, çünki bu qətliamın törədilməsinə fransız prefekti göstəriş verib. Prefekt isə özbaşına əmr verər bilməz, deməli, ondan yüksəkvəzifəli dövlət məmurundan göstəriş alıb.

Bəs Fransa Prezidenti Emmanuel Makron nə edib? Makronun əsas problemi odur ki, o, bir sözün üzərində durmur. Yəni, səhər durub deyir ki, "bəli, sizinlə razıyam", axşam isə fikrini dəyişir və "yox" deyir.

Bu fikirləri Əlcəzair əsilli fransız dramaturq, "Les Oranges" mədəniyyət assosiasiyasının təsisçisi M'hamed Kaki AZƏRTAC-a müsahibəsində deyib.

O xatırladıb ki, 1961-ci ildə Bezon körpüsü üzərində əlcəzairlilərə qarşı dəhşətli qırğın törədilib. Belə ki, soyuq havada qadınlar, uşaqlar və qocalar da daxil olmaqla çox sayda əlcəzairli üzüb çıxa bilməmələri üçün ayaqları sındırılaraq Sena çayına atılıb. Bu, çox dəhşətli bir mənzərə olub. Prezident Makron 2021-ci ildə Bezon körpüsü (Pont Bezon) üzərində əlcəzairlilərin kütləvi qırğınının 60 illiyinə həsr edilmiş xatirə tədbirinə qatılıb. Bu, yaxşı haldır. O, çıxışında kütləvi qırğını törədən prefektdən və digər şəxslərdən söz açıb. Ancaq "İrəli" (ovaxtkı) partiyasını yaradan bu şəxs heç vaxt sona qədər getmir. Biz isə ondan əsl irəliləyiş tələb edirik. Makron yarımçıq addımlar deyil, tam addımlar atmalıdır. Bu günə qədər əlcəzairlilərə qarşı törədilmiş kütləvi qırğında əli olan fransız siyasətçilərindən heç kim danışmayıb. Prefekt hökumətin ona verdiyi əmri yerinə yetirir. Mətbuatda Makronun "üzr istəməyəcəyəm" deməsi, onun geriyə addım atdığını göstərir. Buna görə də Fransa siyasəti anlaşılmazdır.

"Fransız sosioloq Emilin yazdığı kimi, "yalnız maraqlar cəmiyyəti var". Yəni, bu, maraq, siyasi güc məsələsidir. Əcdadlarımız kimi ayaq üstə dayanacaq, ədalət uğrunda mübarizəmizi, Əlcəzair məsələsinin tanınması istiqamətində səyləri davam etdirəcəyik, çünki bu vacibdir. Bizim atalarımız, babalarımız müharibədən sonrakı Fransanın qurulmasında yaxından iştirak ediblər. Onun iqtisadiyyatının inkişafında əməkləri var", - deyə M.Kaki vurğulayıb. Qeyd edilib ki, 1961-ci ildə Paris prefekti işləmiş Moris Papon əvvəllər Əlcəzairdə Konstantinin prefekti olub və orada əlcəzairlilərə işgəncə verərək, itaət etməyə məcbur edib. Fransa hökuməti bu qəssaba "ağ vərəqə" göstərərək, əlcəzairliləri son nəfərinə qədər qırmağı əmr edib.

"Tarix davam edir. Bu gün Fransa polisinin zorakılığı davam edir. Paris ətrafında polisin gənclərə qarşı etdiyi zorakılıq qəbuledilməzdir", - deyən M.Kaki bildirib ki, Fransada əlcəzairlilərə qarşı qırğın bir neçə mərhələdə olub. Vurğulanıb ki, o vaxt hər kiçik bəhanə ilə onları öldürürdülər və hər yerdə hər an onlar yoxlanılırdı. Yoxlama zamanı cibində ərəb dilində yazısı olan kiçik bir kağız parçası aşkarlanan əlcəzairli güllələnməyə məhkum edilirdi.

M.Kaki diqqətə çatdırıb ki, tarixçilər bu hadisələrlə bağlı arxivdəki mənbələrə istinadla danışırlar. Çünki o vaxt amerikalılar orada olub, bütün hadisələri lentə alıb, şəkillər çəkiblər. Onlar hər şeyi aydın görürdülər və əlbəttə, müstəqilliyə nail olduqdan sonra amerikalılar Fransanın həqiqətən də cinayət törətdiyini göstərmək üçün hər şeyi lentə almış və şəklin çəkmişdilər. Həmin arxivdəki materiallara əsaslanaraq, tarixçilər bildirirlər ki, Fransa jandarması küçədə cilbab geyinmiş ərəbi saxlayıb yoxlayır, cibindən ərəb dilində yazı çıxacağı təqdirdə onu dərhal güllələyirdilər. Çünki düşünürdülər ki, onun intellekti var və yazıb-oxumağı bacarır. Oxumağı və yazmağı bilən hər kəs təhlükəlidir. Müstəmləkə illərində ərəblərə məktəbə getmək qadağan idi, bu qadağa 132 il qüvvədə olub. Ərəb uşaqları məktəbə getmirdilər. Müstəmləkəçilər milyonlarla əlcəzairliyə təhsilə girişi qadağan etmişdilər.

"Bütün ərəb məktəbləri fransızlar tərəfindən dağıdılmışdı. Bu, ikinci cinayətdir: təhsilə qarşı cinayət. Çünki bilik, bacarıq silah idi. Fransızlar bütün məktəbləri dağıtmışdılar. Fransızlar Əlcəzairi istila edəndə əlcəzairlilər savadlı xalq idi. Müstəmləkəçiliyin məqsədi isə hər şeyi heçə endirmək idi.

1865-ci il qanlı olub, həmin il 100 minlərlə əlcəzairlinin Yeni Kaledoniyaya deportasiyası ilə yadda qalıb. 1945-ci il əlcəzairlilərin tam kütləvi qırğını olub, üzərində ərəb dilində söz yazılmış kağız başından güllələnmə demək idi. 1961-ci il isə əlcəzairliləri susdurmaq məqsədilə onların Senaya atılması ilə yadda qaldı. Belə misallar çoxdur. Qısacası, bütün bu qırğınların əsas məqsədi "ərəbin olmaması" fikrini insanların beyninə yeritmək olub", - deyə tarixçi vurğulayıb.