Zəngi çayının nəğməli sahilləri üçün darıxıram...
Digər xəbərlər

Zəngi çayının nəğməli sahilləri üçün darıxıram...

Ermənilər ayrı-ayrı dövrlərdə Qərbi Azərbaycanın müxtəlif ərazilərində analoqu olmayan qırğınlar törətmiş, heç vaxt "böyük Ermənistan" yaratmaq iddiasından əl çəkməmişlər. Haylar 1887-ci ildə "Hnçaq", 1890-cı ildə "Daşnaksütyun" partiyalarını yaratmışlar.

Ermənilər 1905-ci ildə İrəvanda, Zəngəzurda, Göyçədə günahsız insanlara olmazın əzab-əziyyətini vermişlər. Məhz buna görə də soydaşlarımızın çoxu İrana, Türkiyəyə, Gürcüstana və digər ölkələrə qaçmağa məcbur olmuşlar.

Onlar Qərbi Azərbaycan ərazisində köçəri tayfa olaraq yerləşmiş, 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra çar Rusiyasının dəstəyi ilə İran və Türkiyədən axışıb gəlmişlər.

1915-ci ildə Qafqaz canişini Vorontsov Qafqaz cəbhəsi komandanlığına yazırdı ki, 15 min erməni könüllüsü ruslar tərəfindən türklərə qarşı vuruşurdu.

Birinci Dünya müharibəsi zamanı Rusiyanın məğlubiyyəti Türkiyə cəbhəsində vuruşan erməni qoşun hissələrinin İrəvan, Zəngəzur və Göyçə bölgələrinə keçməsinə şərait yaratmışdı. Sevan-Nor Bayazid-Dərələyəz istiqaməti ilə Zəngəzura gedən erməni qoşun hissələri yolboyu yerləşən türk kəndlərinə hücum çəkir, bütün kəndləri viran qoyur, dinc əhalini qılıncdan keçirirdilər. Sağ qalanlar dağ cığırları ilə İrəvan şəhərinə üz tutmuş, qaçqın əhali Uluxanlıya (Masis) yığılmış və oradan Türkiyəyə keçmişlər.

Türkiyə qoşunları Gümrünü, Böyük Qarakilsəni tutduqdan sonra qaçqınlar Qazax bölgəsində məskunlaşmışlar. Min bir əziyyətə düçar olsa da, Vətən həsrəti ilə yaşayan əhalinin əksəriyyəti 1921-1922-ci illərdə viranəyə çevrilmiş, Göyçənin kəndlərinə qayıtmış və bu zaman evlərinin ermənilər tərəfindən tutulduğunu görmüşlər. Uzun illər "Sovet Ermənistanı" qəzetinin baş redaktoru, Tovuz Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləmiş Həbib Həsənov xatirələrinin birində yazırdı: "Qohum-əqrabalarımızın sağ qalan üzvləri geri qayıdanda məlum olub ki, 100 nəfərdən artıq olan bu adamlardan cəmi 13 nəfəri salamat qalıb. Ümumiyyətlə, kəndimizin əhalisinin sayı 10 dəfə azalmışdı.

Qonşu Bığlı və Əfəndilər kəndinin də xarabalıqları qalmışdı. Daşnaklar bu kəndlərdə camaatı qayaların arasına toplayıb kütləvi qaydada məhv etmişdilər. Həmin yerdə qırılan insanların sümükləri 1970-ci ilə kimi qalırdı".

1918-ci il mayın 26-da Zaqafqaziya Seymi buraxıldı. İki gün sonra Gürcüstan torpaqları üzərində Ermənistan yaratmaq missiyası ortaya çıxarkən onun paytaxtını müəyyən etmək lazım gəldi. Azərbaycan hökuməti orada olan ziddiyyətə son qoymaq məqsədilə İrəvan şəhərini ermənilərə güzəştə getdi. İrəvan Milli Şurası çox ciddi şəkildə məsələyə etirazını bildirmişdi.

Stepan Şaumyanın başlıca məqsədi bütün Azərbaycanı erməniləşdirmək idi. Bu dövrdə erməni silahlıları Qərbi Azərbaycanın bütün ərazisində güclü hücuma keçmişlər. Zəngəzurdan İrəvana, Vedibasardan Dərəçiçəyə, Pəmpəkdən Ağbabaya, Göyçədən Şəmkirə kimi soydaşlarımız od içində alışır, qoca, qadın və uşaqlar xüsusi amansızlıqla qətlə yetirilirdi.

Müstəqil erməni-daşnak dövləti yaradan ermənilər 1918-ci ildə hərtərəfli hazırlığı olan nizami ordu ilə Qərbi Azərbaycanın müxtəlif bölgələrində türkləri qəddarcasına məhv etdilər, ata-baba yurdlarından didərgin saldılar, mal-dövlətlərini ələ keçirdilər.

1920-ci ilin yayında Naxçıvan erməni-daşnak birləşmələri tərəfindən işğal edildi. Bu zaman Qərbi Azərbaycanın Vedibasar bölgəsi vilayətə düşür. Abbasqulu bəy Şadlinski düşmən mühasirəsini yarıb camaatı Cənubi Azərbaycana keçirir. A.Şadlinski 1920-ci ilin payızında Naxçıvan bolşevik hökumətinin dəvəti ilə geri qayıtdı və 400 nəfərlik məşhur "Qırmızı tabor"u yaratdı. Sentyabrda "Qırmızı tabor" geniş əməliyyata başladı və ayın sonuna kimi ayrı-ayrı ərazilər daşnaklardan tamamilə təmizləndi. Cəsur döyüşçülər Dərələyəzi yandırıb külə döndərməkdə olan Xudapet Qaponun daşnak qoşunlarına sarsıdıcı zərbə endirdi. Qısa vaxtda Qərbi Azərbaycanın Dərələyəz və Zəngəzur bölgələrində kök salmış daşnak qoşunları silahı ataraq təslim oldular. Abbasqulu bəyin taboru Qəmərli, Uluxanlı (Masis) və Vedidə cəmləşən qüvvələrlə birləşərək İrəvanı daşnak quldurlardan birdəfəlik təmizlədi. Ümumiyyətlə, Abbasqulu bəy Şadlinskinin başçılıq etdiyi ordu bir neçə ay ərzində Qəmərli, Vedi, Dərələyəz, Zəngəzur bölgələrini daşnaklardan azad etdi. Bu böyük şücaətə görə Abbasqulu bəy və "Qırmızı tabor"un 18 nəfər üzvü "Qırmızı Bayraq" ordeni ilə təltif olundu.

1918-1920-ci illərdə erməni daşnakları Qərbi Azərbaycanda analoqu olmayan terror hadisələri törətmişlər. Ermənilər 1948-1953-cü illərdə xalqımıza qarşı mənfur siyasətlərini davam etdirmiş, Moskvadakı ermənipərəst rəhbərlərin satqınlığı ucbatından Qərbi Azərbaycandan 150 min soydaşımız deportasiyaya məruz qalmış və "könüllülük" prinsipi altında ata-baba yurdlarını məcburən tərk etmişlər.

Haylar XX əsrin 80-ci illərində daha da azğınlaşmış, uydurma Qarabağ məsələsini ortaya atmış, ən nəhayət, türklərsiz respublika ideyasını reallaşdırmış, Qərbi Azərbaycandan 300 min soydaşımız deportasiyaya məruz qalmaqla, ata-baba yurd yerlərindən qovulmuşlar.

Artıq 35 ildir ki, yurd həsrəti ilə yaşayırıq. Mən əslən Uluxanlı bölgəsindənəm. O yerlərin hər qarışında ayaq izlərim qalıb. Vətən müharibəsində cəmi 44 gün ərzində Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, sərkərdəlik məharəti sayəsində işğal altında olan torpaqlarımız erməni vandallarından azad olundu.

İndi isə əsas hədəf Qərbi Azərbaycan ərazilərinə qayıtmaqdır. Əlbəttə, buna qüdrətimiz də, gücümüz də var.

Bu gün ölkəmizin bütün vətəndaşları kimi, mən də qürur hissi keçirirəm. Antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Ölkəmizin ərazisində Ermənistan ordusuna məxsus qanunsuz birləşmələr yüzdən çox tank və zirehli texnika yerləşdirilmişdi. Azərbaycan əsgərləri, zabitləri yüksək peşəkarlıq göstərdilər, qısamüddətli lokal xarakterli antiterror tədbirləri sayəsində düşmənin silah və texnikaları məhv edildi. Separatçı cinayətkarlar zərərsizləşdirildi.

Yolumuz Qərbi Azərbaycana, qədim Oğuz ellərinədir.

Pərvanə İSFƏNDİYAROVA,

Bakı şəhəri, Xətai rayonundakı

191 nömrəli məktəbin müəllimi.