Vahid mərkəzdən idarə olunan terror aktları
Digər xəbərlər

Vahid mərkəzdən idarə olunan terror aktları

Müxtəlif vaxtlarda səfirliklərimizə qarşı təşkil olunan terror aktları bir daha hadisələrin arxasında xain qüvvələrin olduğunu təsdiqlədi. Məlumdur ki, sözügedən terror cinayətlərinin törədilməsində mənfur düşmənimizə tərəfdar çıxan İran, yaxud Fransa dayanır. Son illərdə iki ölkənin Azərbaycana qarşı apardığı aqressiv siyasət bəllidir. Bu ölkələrin Azərbaycanın İkinci Qarabağ müharibəsindən qalib tərəf kimi çıxmasını, dövlətimizin istər regionda, istərsə də beynəlxalq aləmdə nüfuzunun artmasını qəbul etməmələrinin açıq şəkildə görmək mümkündür.

İran İslam Respublikası hər zaman ölkəmizə qarşı ikiüzlü siyasət yeridib. Bütün bunlara baxmayaraq, Azərbaycan daim qonşuları ilə mehriban şəraitdə yaşamağa üstünlük verib və öz sülh siyasətini heç zaman dəyişməyib. İran özünü "dost" adlandırsa da, Güney Azərbaycanda yaşayan soydaşlarımıza göstərilən qərəzli yanaşma hər şeyi sübut edir. Tehrandakı səfirliyimizə qarşı baş verən terrorda üzə çıxan görüntülər hadisənin arxasında bir daha İran hökumətinin olması barədə fikirlər formalaşdırır.

Düşmənlərimizlə müttəfiq olan ölkə sadəcə İran deyil, həm də Fransa hökumətidir. Fransa Prezidenti Emmanuel Makronun erməni lobbisindən asılı vəziyyətdə olması onun ölkəmizə qarşı yürütdüyü siyasətdən də aydın görünür. Özünü "bitərəf" kimi qələmə verən Fransanın Azərbaycan torpaqlarının işğalı dövründəki fəaliyyəti onun iç üzünü dünyaya açdı. Fransanın heç bir hüquqa əsaslanmayan və ölkəmizə qarşı qəbul etdiyi qətnamələr isə öz beynəlxalq imicinə zərbə vurdu. Fransa hökumətinin belə əsassız yanaşmaları onun Azərbaycanla olan diplomatik münasibətlərinin də pozulmasına gətirib çıxardı. Çünki siyasi tarixi qanla və kütləvi qətllərlə dolu Fransanın multikultural və dini dəyərlərə üstünlük verən, humanizm və demokratik prinsipləri inkişaf etdirən qalib Azərbaycanı günahlandırması onun qərəzli münasibətinin göstəricisidir. Fransanın Azərbaycana bu mövqedən yanaşması, həmçinin ölkəsində yerləşən səfirliyimizə qarşı olunan hücumlarda da özünü bəlli etmişdir. Sözügedən hücumların erməni radikal qruplaşması tərəfindən təşkil olunması bir daha hər şeyin arxasında dayanan əzəli düşmənimizin - Ermənistanın çirkin planlarından xəbər verir. Bu hücumlar müxtəlif ölkələrdə gerçəkləşsə də, şübhə yoxdur ki, bir mərkəzdən idarə olunur. Xatırladaq ki, ermənilərin ASALA, Erməni Gizli Azadlıq Ordusu, Erməni Azadlıq Cəbhəsi, Gənc Ermənilər İttifaqı, 9 İyun Qrupu, Geqaron, Apostol və s. terror təşkilatları mövcuddur. Onlar yarandıqları gündən bəri Azərbaycana daim zərbə vurmaq niyyətində olublar. Bütün dünyaya bəllidir ki, tarixən regionda gərginliyin azalmasına mane olan proses məhz ermənilərin əzəli torpaqlarımızı 30 il işğal altında saxlaması idi. Şübhəsiz, bütün bunlar terror cinayətlərinin bir daha vahid mərkəzdən idarə olunmasını sübut edir.

Nəzrin ELDARQIZI,

"Respublika".