Cəsurluğu ilə hər kəsə nümunə
Sosial həyat

Cəsurluğu ilə hər kəsə nümunə

44 günlük haqq savaşımızda qəhrəmanlıqlar göstərən, canını doğma torpağımıza qurban verən igid hərbçilərimizdən biri də  Zaur Mübariz oğlu Ələsgərlidir. Zaur 1995-ci il martın 5-də Sumqayıt şəhərində anadan olub. 2001-2004-cü illərdə Sumqayıt şəhərində 13 nömrəli, 2004-2012-ci illərdə isə  Hacı Zeynalabdin qəsəbəsində 19 nömrəli tam orta məktəblərdə təhsil alıb. Zaur 2013-2014-cü illərdə  Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-2018-ci illərdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin, 2018-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Zaur Ələsgərli Vətən müharibəsində Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 31-də  Xocavənd döyüşləri  zamanı şəhidlik zirvəsinə yüksəlib. Sumqayıt  şəhərinin  Şəhidlər  Xiyabanında  dəfn  olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə  Prezident İlham Əliyevin  sərəncamlarına əsasən Zaur Ələsgərli "Qarabağ" ordeni, həmçinin, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Zaurun komandirinin sözlərinə görə, ermənicə təmiz bilməsi, düşmənin içinə sızması ünsiyyət qurmasında böyük rol oynayıb. Zaur onların güvənini o qədər qazanıb ki, onun azərbaycanlı olduğunu qətiyyən hiss etməyiblər. Hətta  istifadə üçün Zaura “Niva” markalı avtomobil də verirlər. Elə Zaur bu avtomobil  ilə  bir neçə erməni komandirini əsir gətirir. Axırda Zaur həmin avtomobilin içinə “Zaur Sumqayıt” yazaraq maşını düşmən tərəfə aşırır.

Şəhidin anası Vəfa Abbasova: “Bizim heç nədən xəbərimiz yox idi. Zəng edəndə heç nə demirdi. Yanında nəsə partlayanda da deyirdi ki, “narahat olmayın, Gəncədə təlimdəyik”. Mən oğlumun şücaətləri, igidliyi barədə komandiri və hərbçi yoldaşlarından eşitmişəm. Oğlum erməni dilini təmiz bilirdi. Komandiri deyirdi ki, Zaur minalanmış meşə ilə özü tək gedirdi, düşməni məhv edib qayıdırdı.

Ömür-gün yoldaşı Vəfa Ələsgərli:  Sonuncu dəfə 2020-ci il sentyabrın 25-i evə gəldi. Axşam yenidən qayıtmalı idi. Gedəndə onu yola salmaq üçün Ayxanla birlikdə qapıya çıxdıq. Sanki bir daha görməyəcək kimi bizimlə  sağollaşdı. Heç vaxt elə etmirdi. Qapıdan geri çevrilib bizə çarəsiz halda baxdı. O baxışı heç vaxt unuda bilmirəm. Onun üzü, baxışı bir ömür yadımdan çıxmaz. Həmin andan sonra ona zəng vurdum. Niyə elə baxdığını soruşdum. Dedi ki, “sənə elə gəlib. Mən evdən həmişəki formada çıxmışam”. Müharibəyə getdiyini deməmişdi. Lakin onun baxışları məni həyəcanlandırdı. Sonradan başa düşdüm ki, o hara getdiyini bilirmiş, ona görə də elə baxırdı. Zaur sonuncu dəfə mənimlə oktyabrın 30-u danışdı. Əvvəllər zəng edəndə adətən çox az danışırdı. Lakin həmin gün bir neçə dəfə zəng vurdu və çox danışdı. Normal, hər zamankı kimi söhbətləşdi. Mənə heç nə bildirmədi. Son sözü “uşaqlardan da, özündən də muğayət ol” oldu. Həmin an nə demək istədiyini başa düşmədim. Telefonu söndürəndən sonra niyə belə dediyini düşündüm. Yenidən zəng etdim. Artıq telefonu söndürülmüşdü. Ondan sonra əlaqə kəsildi...

Qələbə xəbərini eşidəndə digər ailələrə görə çox sevindim. Müharibə bitdi, artıq heç bir ailə yarımçıq olmayacaq. Torpaqlarımız azad olundu, şəhidlərimizin qanı yerdə qalmadı. Müharibə başlamışdan ikinci övladımızın dünyaya gəlişini gözləyirdik. Öncə uşağa nə ad qoyacağımızı düşünürdük, internetdə adlara baxırdıq. Soruşdum ki, Ayaz adı necədir? Dedi ki, “gözəl, ağlabatan addır”. Hələ də qərarsız idik. Müharibəyə getdi. Oradan zəng vurmuşdu. Dedim ki, uşağın adı da yoxdur. Dedi “uşağın adı niyə yoxdur ki, onun adı Ayazdır”. Və bir də dönə-dönə dedi ki, şəhid olsam adımı uşağa qəti verməyin. Bu sənə bir vəsiyyətdir.

Vətən müharibəsində şəhid olan Zaur Ələsgərlinin şəhid olmasından bir neçə ay sonra ikinci oğul övladı dünyaya gəlir. Şəhidin vəsiyyətinə əsasən yeni doğulan övladına Ayaz adı qoyulub. Bundan başqa, Ayxan adlı oğlu da var. Bir şeirdə deyildiyi kimi:

                                                  Ana yerim cənnətdir,

                                                  Nə tale, nə qismətdir.

                                                  Balama yaxşı baxın

                                                  O, məndən əmanətdir.

İllər ötüb keçəcək. Nə qədər ağır, nə qədər çətin olsa da, onun şəhidliyi ailə üzvləri üçün başucalığıdır, qürurvericidir. Bu iki məsum körpə - Ayxan və Ayaz böyüyəcək, qəhrəman şəhid ataları ilə fəxr edəcəklər.  Onlar ata deyə bilməsələr də, məhz atalarının qürurlu adı ilə hər zaman başıuca, alnıaçıq gəzməyi  bacaracaqlar.

                                                                                                      M.MİRZƏ,

                                                                                                    “Respublika”.