Mənəvi xəzinəmizin xilaskarı
Sosial həyat

Mənəvi xəzinəmizin xilaskarı

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva illər öncə UNESCO və ICESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətə başlayanda kim Mehriban xanımın vətəni Azərbaycan üçün, dövlətinə və millətinə nə qədər böyük, hətta cahanşümul xidmətlər göstərə biləcəyini təsəvvür edə bilərdi? Və kimin ağlına gələ bilərdi ki, qısa bir zaman kəsimində (10-15 il ərzində) Mehriban xanım Əliyeva yaşı min illərlə ölçülən bəşəriyyətin şərəf tacı olan Azərbaycan tarixinin və mədəniyyətinin ölməz abidələrini - qeyri-maddi sərvətlərini əbədiyyətə qovuşduracaqdı.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Mədəniyyət Fondunun rəhbəri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın yerli və beynəlxalq miqyasda fəaliyyəti, gördüyü böyük işlərin tarixi və fəlsəfi mahiyyətini açmağa çalışacağıq.

Azərbaycanın birinci xanımı haqqında bu düşüncələr məni uzaqlara, çox uzaqlara, tariximizin şan və şərəf dolu zamanlarına apardı.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın geniş, çoxşaxəli fəaliyyəti Azərbaycan tarixində fəxr ediləcək böyük, şərəfli qadın şəxsiyyətlərimizlə müqayisə edilə bilər.

Mehriban xanım müstəqil Azərbaycanda böyük siyasi tədbirlər, tarixi layihələr həyata keçirməklə, Avropa və dünya miqyasında Azərbaycana siyasi imic qazandırır.

Yetmiş il ərzində Sovet hakimiyyəti illərində Azərbaycanda ədəbiyyat, mədəniyyət və incəsənət sahəsində görkəmli qadın sənətkarlar yetişsə də onların fəaliyyət dairəsi müəyyən çərçivədən kənara çıxmırdı. Bu fəaliyyət də sırf subyektiv və tarixi obyektiv səbəblərlə müşayiət olunurdu.

2018-ci ilin 30 iyun-10 iyul tarixlərində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü Bakı Sessiyasında 180 ölkədən 2500 nümayəndə iştirak etmiş, UNESCO-nun Baş direktoru xanım Odre Azule də Mehriban xanıma Sessiyanın çox yüksək səviyyədə təşkili üçün minnətdarlığını bildirmiş və UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü Bakı Sessiyasının tarixi əhəmiyyətini qeyd etmişdir. Və həmin sessiyada 180 ölkənin 2500 nümayəndəsi tərəfindən dünya mədəniyyətinin nadir incisi və gözəllik səltənətinin bir məbədi olaraq Şəki xan sarayı ümumdünya mədəni mirasının siyahısına yekdil səslə daxil edilmişdir.

Mehriban xanım millətini başına gələ biləcək təhlükələrdən qorumaq üçün mənəvi xəzinələrin, misilsiz mənəvi dəyərlərin nə qədər vacib olduğunu bilərək gələcək nəsillərə ərməğan edirdi.

T arixi-mədəni abidələrimizin qorunmasında və düşmənlərdən mühafizə edilməsində Mehriban xanımın gördüyü işləri Azərbaycanın heç bir dövlət xadimi görə bilməmişdir. Məgər məkrli ermənilər əvvəlki hakimiyyətlərin biganəliyi üzündən bir çox musiqi əsərlərimizə, tarixi ədəbi və mədəni abidələrimizə sahib çıxmamışdılarmı? Məhz bu səbəbdən Mehriban xanım Əliyeva zərif, amma güclü, möhtəşəm qanadlarını həm keçmiş, həm də bugünkü mədəniyyətimizin üzərinə gərmişdir.

Bir baxın: Ulu öndər Heydər Əliyevdən əvvəlki hakimiyyətlər dövründən bəri Azərbaycanın beşdə biri düşmən pəncəsində, bir milyondan çox qaçqını, didərgini, iyirmi min şəhidi, yüzlərcə qız-gəlini, qalan saysız-hesabsız problemləri, dərdləri, xəyanətləri, susdurulmuş vicdanları, söndürülmüş ümidləri, öldürülmüş inamları, üç tərəfdən qatı, məkrli, güclü düşmənlərlə sarılı bir Azərbaycanın və bu düşmənlərin Azərbaycana diz çökdürmək üçün onun başında oynadıqları fəlakətli oyunları olan bir dövlətin Birinci vitse-prezidenti milli dəyərlərimizi qorumaq üçün nə qədər misilsiz işlər görmüşdür? Elə bunu demək kifayətdir ki, bu qədər böyük işlərin içində musiqi mədəniyyətimizin şah əsəri olan muğam sənətinin hərtərəfli inkişafına, qayğısına, dünya ictimaiyyətinə çatdırılmasında şəxsən özünün son dərəcə mühüm rol oynaması Mehriban xanıma musiqi sənətimizin xilaskarı adını qazandırmışdır. Çünki Mehriban xanım bu məsələdə Heydər Əliyev Fondunun rəhbəri kimi deyil, həm də bir vətəndaş kimi düşünür: yəni yüz illər, min illərdir ki, maddi güclər - imperiyalar, dövlətlər, ictimai quruluşlar, sivilizasiyalar yaranır, inkişaf edir, dağılır, məhvə məhkum olurlar. Bütün varlıq, kainat, əbədiyyət bu dialektik qanuna, dünyanın, yaranışın bu əzəli gərdişinə məhkumdur. Və dünyanın sonuna qədər belə davam edəcəkdir. Xalq üçün, millət üçün əbədi qalacaq bir şey varsa da yalnız tarix və mədəniyyətdir. Bir xalq güclü bir mədəniyyətə sahibdirsə, o millətə diz çökdürmək olmaz. Yəni son nəticə etibarilə milləti tarixdən silə bilməzsən.

M ənəvi gücü olmayan bir millət ümidsizliyə, ümidsizlik isə ölümə məhkumdur. Ümidsizlik ölməkdən də betər bir fəlakətdir. Bir millətə diz çökdürmək üçün onun daxili və xarici düşmənləri, ilk növbədə, millətin mənəvi gücünə, yəni onun mübarizə ruhuna, öz inamına, öz qüdrətinə, sarsılmazlığına, böyüklüyünə və əyilməzliyinə, yəni dahilərinə və tarixi qəhrəmanlarına təcavüz edirlər. Onları yox etmək üçün yalnız dağıdıcı silahdan deyil, ən alçaq vasitələrdən: satqınlıqdan, xəyanətlərdən, məkr və fitnə-fəsadlardan istifadə edirlər. Bir millət haqq-ədalət, şərəf və qəhrəmanlığı ruhundan silməyincə, o milləti tarix səhnəsindən silmək xəyali bir əfsanədir.

Mehriban xanım ən mötəbər beynəlxalq qurumlarda mədəni-tarixi abidələrimizi, yəni mənəvi dəyərlərimizi məhz Azərbaycana məxsus olduğunu qeydə aldırmaqla, əslində xalqın yüksək və zəngin mənəviyyatını, millətimizin dahilərini, qəhrəmanlarını, müqəddəslərini, bir sözlə, xalqın şərəf tarixini özünə qaytardı. Mehriban xanım dünya xalqları qarşısında öz millətinin şərəfli bir tarixə malik olduğunu nümayiş etdirdi. Və bununla dünya mədəni irsinin bir qolu olan Azərbaycan mədəniyyətinin gələcək taleyini məkrli düşmənlərdən qoruyub mühafizə edirdi. Mehriban xanım Əliyeva öz fəaliyyətini dünyada tarixi bir zərurət kimi sürətini artıran qloballaşma siyasətinə, ulu öndər Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin doktrinasına, uzunmüddətli Dövlət proqramlarına çox məharətlə uyğunlaşdırırdı. Mehriban xanımın mədəniyyət, incəsənət, təhsil, səhiyyə, ekologiya sahəsindəki gördüyü işlər böyük bir dövlət xadiminin fəaliyyətidir.

Heydər Əliyev Fondu illər boyu (44 günlük "Dəmir yumruq" əməliyyatına qədər) Ermənistanın qəsbkarlığı barədə saysız-hesabsız faktları dünya xalqlarının və dünyanın aparıcı dövlətlərinin rəhbərlərinin diqqətinə çatdırmaq üçün ardıcıl tədbirlər keçirirdi. Mehriban xanımın dünya ictimaiyyətinə ünvanlanan çıxışları bir dövlət rəhbərinin fəaliyyətidir: "Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal altında olduğu zaman 20 mindən artıq insan həlak olmuş, 50 mindən çox adam yaralanmış və əlil olmuşdur. Bir milyondan artıq insan 28 ildən çox idi ki, minillik ata-baba ocağından didərgin düşərək, ermənilər tərəfindən soyqırımı və etnik təmizləmə siyasətinə məruz qalmışdı", - deyirdi Mehriban xanım. Bütün bu hadisələri, faktları Qarabağın işğalının əsl səbəb və dəhşətli nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmaq, yüz illərlə erməni diasporu tərəfindən yayılan yalan və uydurmaları ifşa etmək, Heydər Əliyev Fondunun fəaliyyətində həmişə mühüm yer tuturdu...

Əgər Mehriban xanım xalqı və vətəni Azərbaycan uğruna misli görünməmiş siyasi və cahanşümul mədəni layihələri həyata keçirməsə idi, yalnız Azərbaycanın mənəvi xəzinələrini - yəni bütövlükdə Azərbaycan mədəniyyətini Ümumdünya mədəni irsinə qeydə aldırmaqla Azərbaycan xalqının bağrında əbədi şərəf taxtı qura bilərdi.

Bugünkü dünyamızda hansı böyük dövlətlərin rəhbərlərinin xanımları (başda ABŞ, Böyük Britaniya, Rusiya Federasiyası, Fransa və s.) olmaqla, öz ölkələri üçün Mehriban xanım qədər şərəfli işlər görüb? Və dərk edən də yoxdur ki, tarixdə böyük dövlətlər və mədəniyyətlər yaradan Azərbaycanın, yəni bizim keçmiş əsrlərdəki böyüklüyümüzün, ucalığımızın, qədim tarixlərdə qalan ehtişam və əzəmətimizin sirlərini sanki yenidən kəşf edən və dünya xalqlarına çatdıran, nəinki çatdıran, dünya mədəniyyəti xəzinəsində gələcəkdəki mövqeyini möhkəmləndirmək üçün Mehriban xanım qədər fəaliyyət göstərən ikinci bir dövlət xadimi yoxdur. Çünki Mehriban xanım yaxşı bilir ki, dahilər yetirməyən xalqın gələcəyi yoxdur. Misilsiz mənəvi gövhərlərimizi dünya mədəniyyəti xəzinəsinə qeydə aldırmaqla, xalqımızın keçmiş əzəmətini, qeyrətini, böyüklüyünü, dahilərini özünə qaytarmışdır. Nəinki özünə qaytarmış, hətta özlərindən uydurma tarixlər və mədəniyyətlər yaradan, bəşəriyyətin üz qarası olan ermənilərdən xilas etmişdir. Çünki erməni kimi rəzil qonşusu olan bir xalq heç nədən sığortalanmayıb. Yəni bu gün torpaqlarımıza, Qarabağımıza tarixi yurdumuzdur - deyə iddia edən ermənilər gələcəkdə müqəddəs sənət gövhərlərimiz olan mədəni abidələrimizə "bizimdir", - deyə mənimsəməyəcəklərinə kim zəmanət verə bilər?

Alimlərimiz deyə bilərlər ki, Azərbaycan türklərinin tarixin şan və şərəfi olan mənəvi xəzinələri o qədər böyük və ehtişamlıdır ki, keçmiş əsrlərin qaranlıqlarında cahangirlərin yaratdıqları imperiyaların zülmətində belə qərq olmadı. Doğrudur, qərq olmadı, amma gələcəkdə yox olmaq təhlükəsindən, yəni başqaları tərəfindən (ermənilərin) mənimsənilmək təhlükəsindən Mehriban xanımın nəcib fəaliyyəti ilə xilas edilmişdir. Azərbaycan tarixində hansı dövlət xadimi, istər Sovet imperiyasının dünyaya meydan oxuduğu illərdə olsun, istərsə də sonrakı hakimiyyətlər dövründə yaşı minillərlə ölçülən muğamlarımızın, xalça sənətindəki heyrətamiz ecazkar naxışlarımızın, bəşər övladının böyüklüyünü tərənnüm edən əzəmətli memarlığımızın, bədii sözün qüdrəti ilə insanı Allah dərgahına ucaldacaq qədər abidələşən dastanlarımızın qorunmasında və dünya mədəniyyətinin xəzinəsində öz şərəfli yerini tutmasında və mühafizə edilməsində Mehriban xanım Əliyeva qədər iş görə bilsin...

Mehriban xanım Əliyevanın həm Heydər Əliyev Fondunun Prezidenti, həm də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi fəaliyyəti çoxşaxəlidir. İnsan qəlbi nə qədər böyük və ülvi duyğular daşımalıdır ki, qısa bir zaman kəsiyində, yəni 15-20 ildə ölkə miqyasında yüzlərlə irihəcmli layihələri həyata keçirə bilsin.

S on illərdə Bakıda təhsil problemlərinə dair UNESCO-nun regional konfransı keçirilmişdir. Bunun ardınca Azərbaycanın sivilizasiyalararası qızıl körpü rolunu oynaya biləcəyini və bunun misilsiz əhəmiyyətini yaxşı bilən Mehriban xanımın təşəbbüsü ilə Qərb və Şərq mədəniyyətləri arasında dialoqun və dini tolerantlığın inkişaf etdirilməsi ideyası ilə "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Bakı forumunun reallaşması mühüm siyasi tədbir idi. Bu forumlar dünya ictimaiyyətində böyük rezonanslar doğurmuş, Azərbaycanın siyasi imicini qat-qat yüksəltmişdir. Paralel olaraq bu qlobal tədbirlərlə yanaşı, Azərbaycanın mədəni-tarixi abidələrinin Ümumdünya irsi siyahısına daxil edilməsi işi davam etdirilir.

Azərbaycan reallığında xalqa və beynəlxalq aləmə tam aydınlığı ilə görünən Mehriban xanım Əliyeva fenomeni var. UNESCO-nun keçmiş baş direktoru Konşiro Matsuura deyirdi: "Mehriban xanımın ölçüyəgəlməz dərəcədə xidmətləri böyükdür... O, nəinki Azərbaycanda və regionda, hətta qlobal miqyasda fəaliyyət göstərir". İslam ölkələri təhsil, elm və mədəniyyət təşkilatlarının baş direktoru Əbdül Əziz İbn Osman Əl-Tüveycrinin sözləri həmin fikri bir daha təsdiqləyir: "ICESCO-nun tarixində ilk dəfədir ki, bu ad, yəni xoşməramlı səfir adı bir xanıma verilmişdir... O xanım da bir Azərbaycan xanımıdır. Mehriban xanım sivilizasiyalararası dialoq və digər cəsarətli fəaliyyəti çərçivəsində gördüyü beynəlxalq miqyaslı işlərə görə, təhsilə verdiyi dəstəyə görə bu ada tam layiqdir".

M ehriban xanımın ümumbəşəri fəaliyyəti başqa yüksək beynəlxalq təşkilatlar tərəfindən də çox yüksək qiymətləndirilmişdir.

12-14 dekabr 2019-cu il müstəqil Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına ilk rəsmi dövlət səfəri gerçəkləşmişdi.

Bu rəsmi dövlət səfəri Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında münasibətlərin çox yüksək inkişaf mərhələsi kimi qiymətləndirilmişdir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiya-Azərbaycan münasibətlərinin inkişafında, özəlliklə rus dilinə, rus mədəniyyətinə yüksək səviyyədə xidmətlərinə görə Rusiyanın ən ali ordeni olan "Dostluq" ordeni ilə şərəfləndirmişdir. Rusiya dövlət başçısı bu münasibəti iki dövlət, iki ölkə arasında "ümumi sərvətimiz" kimi dəyərləndirmişdir... Bundan öncə də Mehriban xanım dünyanın nüfuzlu dövlətlərinin rəhbərləri tərəfindən də mükafatlandırılmışdı.

Avropada İtaliyanın, yaxın və Orta Şərqdə öz nüfuzu ilə böyük rol oynayan Pakistan dövlətlərinin ali ordenləri ilə təltif edilmişdir.

Burada özəlliklə vurğulamaq istədiyimiz məqam: Dövlət liderləri bir qayda olaraq, uzun illər boyu öz xalqlarına və dövlətlərinə və ya beynəlmiləl miqyasda bəşəriyyətin rifahında müsbət rol oynadıqlarına görə mükafatlandırılır. Amma Mehriban xanım Əliyevanın qısa bir zaman kəsimində hərtərəfli fəaliyyətinin dünyanın nüfuzlu dövlətləri tərəfindən təqdir edilməsi bəşər tarixində iftixar ediləcək nadir bir nümunədir.

Onu da qeyd etmək yerinə düşərdi ki, Azərbaycan xalqının milli sərvəti olan İçərişəhər Şirvanşahlar kompleksi və Qız qalası ilə birgə UNESCO-nun Ümumdünya İrs siyahısına alınması Ümumdünya Mədəni İrs Komitəsinin 24-cü sessiyasında qəbul edilmişdir.

Prezident İlham Əliyevin işğalçı Ermənistan üzərindəki 44 günlük zəfər yürüşü Azərbaycanın gələcək yüksəlişinə hərtərəfli zəmin yaradır. Mehriban xanım Əliyeva da öz fəaliyyətində Azərbaycan dövlətinin Birinci vitse-prezidenti olaraq, beynəlxalq aləmdə gedən proseslərlə vəhdətdə aparır.

Mehriban xanım Əliyeva həm də Azərbaycanın milli-mənəvi xəzinəsinin istiqbaldakı xilaskarıdır. Dünyada bir xalq üçün bundan böyük şərəf ola bilərmi?

Bu ülvi məram tarixin başlanğıcından bəri adları insanlıq tarixində qızıl hərflərlə həkk olunmuş insanların gördükləri işlərində humanizmə, ümumbəşəri dəyərlərə önəm verən şəxsiyyətlərin yüksək məramlarının davamıdır.

Oktay ALTUNBAY,

yazıçı, jurnalist, siyasi publisist.