Cənubi Qafqazda yeni dövr başlayır və bundan sonra fərqli hadisələr baş verəcək
Digər xəbərlər

Cənubi Qafqazda yeni dövr başlayır və bundan sonra fərqli hadisələr baş verəcək

Öz dövlətini yaratmaq, müstəqil olmaq və daim inkişaf etmək hər bir xalq üçün böyük nailiyyətdir. Dövlət müstəqilliyimiz, suverenliyimiz xalqımızın milli sərvətidir. Azərbaycan Prezidentinin sülh, humanizm, xeyirxah missiyası sivilizasiyalararası dialoqun, multikulturalizmin dərinləşməsinə töhfə verir.

Azərbaycan, həmçinin, müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və harmonik birgəyaşayışı üzərində qurulan və çoxmillətli və çoxdinli ölkədir. Azərbaycan Respublikasının qanunları mənşəyindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Bir neçə əsr ərzində milli azlıqlara mənsub olan insanlar Azərbaycanda sülh şəraitində yaşayıblar və yaşayırlar. Azərbaycan tarixən çoxmillətli cəmiyyət olduğu üçün multimədəniyyəti, multietnik irsi bu gün də qoruyub saxlayır. Ölkəmiz tolerantlıq və multikultural dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi baxımından bütün dünyaya nümunə göstərilir. Tolerantlıq xalqımızın bugünkü nailiyyəti yox, tarix boyu formalaşmış həyat tərzidir. Qarabağ bölgəsində yaşayan ermənilər də bir gün onların yeganə yolunun Azərbaycan xalqı ilə qonşuluq münasibətində yaşamaq olduğunu başa düşəcəklər. Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edən erməni sakinlərin Azərbaycanda yaşaması üçün lazımi şərait yaradılacaq. Cənab İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, Azərbaycan vətəndaşı olan dinc ermənilərin Qarabağda azərbaycanlılarla birgə yaşaması üçün heç bir problem yoxdur: "Onlar da Azərbaycanın bərabərhüquqlu vətəndaşları ola bilərlər. Bu isə onların hüquqlarının və təhlükəsizliklərinin qorunmasına ən yüksək səviyyədə təminatdır".

Azərbaycan mərkəzi hakimiyyəti Qarabağdakı erməniləri öz vətəndaşları kimi qəbul etməyə, onların problemlərinin həlli istiqamətində konkret addımlar atmağa hazırdır.

Lakin qanunsuz xunta rejimi Azərbaycanın reinteqrasiya cəhdlərinə mane olur. Bu da onu deməyə əsas verir ki, Ermənistan Azərbaycana qarşı təxribat əməllərinə davam edir. Təbii ki, dövlətimiz buna biganə qala bilməz. Məhz buna görə də Qarabağ bölgəsində Azərbaycanın Konstitusiya quruluşunun bərpası üçün lokal xarakterli antiterror tədbirləri keçirildi. Ermənistan beynəlxalq hüquqa əməl edərək bizim torpaqlarımızdan öz qanunsuz silahlı birləşmələrini çıxarmalı və separatçı rejim ləğv edilməlidir. Öz dədə-baba yurdlarından qovulmuş azərbaycanlılar Xankəndi və ətraf ərazilərə qayıtmalı, oradakı erməni sakinlər Azərbaycan vətəndaşı kimi yaşamlarını davam etdirməlidir. Xunta rejiminin silahlı dəstələri cəmi 24 saat çəkən lokal antiterror tədbirlərindən sonra təslim olmaq məcburiyyətində qaldılar.

Artıq deyə bilərik ki, Cənubi Qafqazda yeni dövr başlayır və bundan sonra fərqli hadisələr baş verəcək.

 

Röya RÜSTƏMLİ,

"Respublika".